Azərlotoreya dövlət səviyyəsində fırıldaqla, vətəndaşları aldatmaq və soymaqla məşğuldur
İki gündür Azərlotoreyanın keçirdiyi bəzi oyunları araşdırıram. Gəncliyimdə Türkiyədə 6/49 oynamışam. İnanırdım ki, udacağam. Çoxlu variantlar yazmış, kiçik bir sistem yaratmışdım. İki dəfə 4 nömrə də tutdum…

Sonradan başa düşdüm ki, fırıldaqdır. Uduş variantını əvvəlcədən müəyyən edirlər. Yəni lototrondan çıxan rəqəmlər təsadüfi deyil. Dövlət hərif deyil, heç vaxt təsadüfi adama milyonlar verməz.

Hazırda Azərbaycanda bütün televiziyalar, media 913 min manat udduğu deyilən Xaçmaz sakinin reklam edir. Bu, qumarın dövlət səviyyəsində təbliğidir. Özü də düzgün, şəffaf olmayan, şərtləri, mexanizmləri dolaşıq, müəmmalı olan qumar oyunlarının.

O xaçmazlı daşsatan adam (Kamran Məmmədsəidov) yetimin biridir, ona o qədər pulu heç kəs verməz. Öyrədib çıxardıblar efirə, deyir, 10 min Yaşat fonduna, 10 min Heydər Əliyev fonduna, 10 min də nə bilim nə fonduna köçürəcəyəm. Bədbəxt oğlu, Heydər Əliyev fondu sənin pulunu neynir? Özü ona-buna pul, ev verir. Udmusan, get problemini həll elə də, ağzında düz-əməlli dişin yoxdur, onu düzəltdir.

Deyir, daş satmağa davam edəcəyəm. Heç milyonçu da daş satar? Yenə daş biznesini genişləndirəcəyəm desəydi, dərd yarı idi. 900 min manatı olan adam da səhərdən axşamacan 5-6 yüz manat qazanmaq üçün toz-torpağın içində eşələnər? Onu qəsdən belə öyrədiblər ki, gələcəkdə kimsə araşdırsa, görsün ki, “gözütox” adamdır, milyonu olsa da, halal zəhmətlə dolanır. Halal zəhmətlə yaşamaq istəyən adam lotoreya niyə alır? Zalım oğlunun bir 20-30 minlik maşın alacağam deməyə də dili gəlmədi. Bilirsinizmi niyə? Çünki onda o pul sadəcə yoxdur. Ona uzaq başı efirə çıxdığına görə 5-6 min verəcəklər. Nə isə, yaşayaşarıq görərik…

Əgər bizdə düz-əməlli media olsaydı, o işin bütün arxa planını tapıb qoyardı ortaya. Təəssüf ki, yoxdur. Olmasında da heç kəs maraqlı deyil.

Məsələ burasındadır ki, “cek-pot” deyilən yüksək məbləği kefləri istəyən vaxt, kefləri istəyən oyunçu üçün çıxarmaq imkanları var. Müasir İT-nin, süni intellektin əlində bu heç nədir. Əgər uduş turajı keçirildikdən dərhal sonra, irili-xırdalı bütün uduşları qəpiyinə qədər elan edə bilirlərsə, lototrondan istənilən rəqəmləri çıxarmaq heç nədir.

Sual olunur: niyə cek-potdan başqa digər uduşlar çox cüzidir? Niyə oynayan adam yalnız ildə bir dəfə çıxaracağınız və milyonda bir şans verməyən cek-potda maraqlı olmalıdır? Əgər düzgün, xalqı əyləndirməyə yönəlik layihə olsaydı, aşağı və orta uduşlar da cəlbedici olardı. Amma cek-pot xaric, digər uduşlar qəpik-quruşdur.

Oyunların şərtlərini, cek-pot udma ehtimalını riyazi baxımdan hesablayanda açıq-aydın görürsən ki, bu ehtimal yox dərəcəsindədir. İnanın ki, arabir özləri yalandan kiməsə çıxdığını elan edib, hay-küy qaldırmasalar, illərlə heç kəs heç nə uda bilməz və zatən heç kəs heç nə udmur da. Çünki ehtimal nəzəriyyəsi bu şansın sıfra yaxın olduğunu təsdiqləyir.

Bir sözlə, Azərlotoreya dövlət səviyyəsində fırıldaqla, vətəndaşları aldatmaq və soymaqla məşğuldur.

Nadir QOCABƏYLİ,

Azinforum.az
 

Dünyapress TV

Xəbər lenti