Bakı sökülüb, YENİDƏN TİKİLƏCƏK? - AKTUAL


Azərbaycanda 9 mərtəbədən hündür yaşayış binalarının tikintisinin dayandırılması nəzərdən keçirilir. Bunu Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov bildirib. Onun sözlərinə görə, hündürmərtəbəli yaşayış binalarının tikintisinin dayandırılması üçün plan hazırlanıb.
"Məndə olan məlumata görə, dövlətin bununla bağlı planları var. Plana əsasən, ölkə ərazisində 9 mərtəbədən artıq binalar tikilməyəcək. Azərbaycan və Türkiyə seysmik zonada yerləşdiyi üçün bu cür qərarların verilməsi normal haldır. Həmçinin, binaların tikintisi zamanı elə mexanizm qurulmalıdır ki, Yaponiyada olduğu kimi dağıdıcı zəlzələlərə dözümlü olsun. Bütün bu kimi məsələlərə ciddi nəzarət olunmalıdır", - deyə Vahid Əhmədov bildirib.
Deputat onu da vurğulayıb ki, artıq Bakının Baş planı təsdiq olunmalıdır:
"Bu, ona görə lazımdır ki, kim harada gəldi bina tikməsin. Bir neçə il bundan əvvəl Prezident İlham Əliyev bununla bağlı göstəriş vermişdi. Hətta o zaman mövzu ilə bağlı təqdimat da oldu. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi təcili şəkildə Baş planı təsdiq etməlidir. Burada yalnız ev tikintisindən deyil, park və küçə layihələrinin hazırlanmasından söhbət gedir. Azərbaycanda binaların zəlzələyə dözümlü olması ilə bağlı nəzarət mexanizminə Fövqaladə Hallar Nazirliyinin (FHN) xüsusi idarələri baxır. Bu işlə məşğul olanlar kifayət qədər təcrübəli insanlardır. Binaların tikintisində mexanizmi elə qurmaq lazımdır ki, heç kim lahiyədən kənara çıxmasın. Aldığım məlumata görə, Azərbaycanda bu istiqamətdə işlər aparıılır".
DİA.AZ bildirir ki, "Sputnik Azərbaycan" Bakıda 9 mərtəbədən hündür binaların inşasının dayandırılması ilə bağlı məlumatların nə qədər həqiqətə uyğun olduğunu araşdırıb.

Bakıda binaların neçə mərtəbəli olması necə tənzimlənir?
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mətbuat katibi Ramiz İdrisoğlu Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hazırda paytaxtda yaşayış binalarında mərtəəbəllik ərazi planlaşdırılma sənədlərinə və ərazi sıxlıq əmsallarına uyğun müəyyən edilir. Onun sözlərinə görə, əgər ərazinin planlaşdırma sənədləri, eləcə də sıxlıq əmsalları daha hündür mərtəbəli binanın inşa edilməsinə imkan verirsə mərtəbə sayına məhdudiyyət tətbiq edilmir. Komitədən bildirdilər ki, Bakının baş Planı təsdiqlənənədək mərtəbəliliyin müəyyən edilməsi bu cür tənzimlənir.
Komitədən həmçinin qeyd etdilər ki, binanın inşa olunması üçün yerin ayrılmasına icazənin verilməsi, tikinti aparılan ərazidə torpağın geoloji quruluşunun öyrənilməsi, Bakı Şəhər İcra Hakimiyyəti və Fövqəladə Hallar Nazirliyi aparılır. Bu qurumların rəyləri əsasında layihəsi təsdiqlənərək icazə verilir.
Odur ki, qurumdan hələki paytaxtda 9 mərtəbədən hündür binaların inşasına birmənalı olaraq icazənin verilməməsi barədə fikirlərin həqiqətə uyğun olmadığı bildirildi.

"Qadağa qoymaq düzgün deyil"
DİA.AZ-ın məlumatına görə, memar Cahid Həsənov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, paytaxtda hündür mərtəbəli binaların inşasını kütləvi şəkildə məhdudlaşdırmaq olmaz. Onun sözlərinə görə, bu qayda Bakıda sürüşmə təhlükəsi olan, sıxlıq olan ərazilərdə tətbiq edilə bilər. Həmsöhbətimiz bildirdi ki, paytaxtda ancaq mərtəbə sayının 9-a dək olması tələbi qoymaq keçmiş dövrə qayıtmaqdır: "Sovet dövründə Bakıda 9 mərtəbəyədək binaların inşasına icazə verilirdi. Bakı müasir şəhərdir. Bu şəhərdə binaların 9 mərtəbəyədək olması tələbi düzgün deyil. Bakıda elə ərazilər var ki, orada hündür mərtəbəli binalar inşa etmək olar".
C. Həsənov bildirib ki, Bakıda yaşayış binasının mərtəbə sayına məhdudiyyət o vaxt qoyula bilər ki, ərazidə həddindən artıq sıxlıq olsun. Yaxud da ərazi sürüşmə sahəsi olsun.
Memarın sözlərinə görə, binaların inşasına icazə verilməzdən öncə torpağın geoloji quruluşu öyrənilir: "Əgər problem yoxdursa, binanın konstruksiyası möhkəmdirsə 20 mərtəbədən hündür bina da inaş oluna bilər".
C. Həsənov deyir ki, bakının seysmik ərazi olduğunu əsas gətirib binalarda mərtəbə sayını məhdudlaşdırmaq olmaz.
"Yaponiyada seysmik fon Bakıdan dəfələrlə yüksəkdir. Orada 50 mərtəbədən hündür binalar inşa olunur. Zəlzələ zamanı o binalar uçub dağılmır. demək ki. binanın tikilişi layihəyə uyğun aparılmalıdır. Çoxmərtəbəli binaların zəlzələ zamanı təhlükəli olduğu barədə şaiyələr əsassızdır".

İcazə necə verilir?
Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyindən isə bildirildi ki, Bakıda yüksəkmərtəbəli binaların tikintisinə harda icazə verilib-verilməməsinə şəhərsalma nöqteyi-nəzərindən baxılır. Texniki baxımdan əgər layihələndirmə düzgün aparılıbsa və tikinti də layihəyə uyğun həyata keçirilibsə, bunun heç bir qorxusu yoxdur.
Məlumat üçün bildirək ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov APA-a müsahibəsində bildirmişdi ki, Azərbaycanda metal konstruksiyalar tətbiq etməklə 75 metr və daha hündür binaları da tikmək olar.
"2010-cu ilə qədər ölkə ərazisində 39 metrə qədər rabitəli dəmir-beton karkas binaların tikilməsinə icazə verilirdi. Tikinti normaları təkmilləşdirildikdən sonra artıq 58 metr hündürlüyündə rabitəli dəmir-beton monolit karkas binaların tikintisinə icazə verilir. Texniki baxımdan burada heç bir maneə yoxdur. Təki, hər şey norma və qaydalar çərçivəsində həyata keçirilsin. Geoloqlar ərazidə işlədikdən sonra müəyyənləşdirir ki, ərazidə hansı bala uyğun bina tikilməlidir. Artıq onun neçə mərtəbəli olmasının fərqi yoxdur. Əgər baş plan imkan verirsə, layihəçi 20-30, hətta 40-50 mərtəbəli bina da layihələndirsə, bunu tələb olunan bala hesablamalıdır.
Bakıda yüksəkmərtəbəli binaların tikintisinə harda icazə verilib-verilməməsinə şəhərsalma nöqteyi-nəzərindən baxılır. Texniki baxımdan isə əgər layihələndirmə düzgün aparılıbsa və tikinti də layihəyə uyğun həyata keçirilibsə, bunun heç bir qorxusu yoxdur. Ötən illərdə Yaponiyada baş vermiş zəlzələ yəqin ki, yadınızdadır. 9 bala yaxın bir zəlzələ baş verdi və gördüyünüz kimi, ərazidə 70-90 mərtəbəli binaların heç biri uçmadı. Sadəcə alçaqmərtəbəli köhnə binalar dağıldı. İnsan tələfatı isə əsasən zəlzələnin yaratdığı sunamidən oldu. Deməli, layihələndirmə düzgün aparılıb və tikinti işləri də layihəyə uyğun icra edilib" deyə rəis müavini bildirib.
Qeyd edək ki, Türkiyədə 45 mindən çox insanın ölümünə səbəb olan zəlzələdən sonra Azərbaycanda hündürmərtəbəli binaların tikintisinin dayandırılması barədə bir çox təkliflər irəli sürülüb.

Dünyapress TV

Xəbər lenti