Naxçıvanda qan analizi fırıldağı...
Naxçıvandakı dövlət xəstəxanalarında qan analizi verərmək problemə çevrilib. Xəstəxana işçiləri bunun səbəbini, analiz üçün lazım olan vasitələrin bir neçə aydır onlara verilmədiyi ilə izah edirlər. Şikayətçi sakinlər isə düşünür ki, xəstəxanalar süni problem yaratmaqla, onları özəl klinikalarda pullu analiz verməyə məcbur edrlər. Yəni, özəl xəstəxanalara nəzarət edən yerli oliqarxların “cibini doldurmaq” üçün bu problemlər məqsədli şəkildə yaradılır. Teref.az yazır ki, bu haqda „Gündəlik Naxçıvan“a yerli sakinlər məlumar verib.
Naxçıvan şəhər sakini Fərman Nəsirov deyir ki, Naxçıvan MR Mərkəzi Xəstəxanasında təcili əməliyyat olunacaq yaxın qohumu üçün həkim qan analizi istəyib. Lakin, laboratoriyada ona növbəyə yazılmağı və bir neçə gün gözləməyi məsləhət görüblər:
„Həkim dedi ki, gözləyə bilmərik, get təcili özəllərin birinə elətdir. Məcbur qalıb, „Şəfa“ özəl klinikasına pul ödəyib, analiz etdirdim. Bunlar bizə fırıldaq işlədir, etdikləri vicdansızlıqdır. Bu, ağır xəstələrin həyatını riskə atmaqdır. Hər şey yeni hakimiyyətdən sonra belə bərbad günə düşüb. Əvvəllər qan analizlərinin nəticələri iki saat müddətində xəstələrə və ya onların yaxınlarına təqdim olunurdu. Hazırda isə qan analizi vermək istəyənlərə gah qan götürmək üçün steril qab, gah da dərman olmadığı bildirilir, gözləmək təklif olunur. Məcbur edirlər ki, özəl xəstəxanalara pul ödəyək, ciblərini doldursunlar”.
Əməliyyata ehtiyacı olan yaxın qohumunu Naxçıvan Diaqnostika Mərkəzinə aparan digər şikayətçi Cəmil Qasımov da eyni problemlə üzləşdiyini deyir:
“Yaxın qohumum şiddətli sancılar başladı. Təcili taksi ilə Diqnostika Mərkəzinə apardım. Həkim baxdıqdan sonra əməliyyat olunacağını dedi və təcili bizi qan analizi verməyə göndərdi. Qan analizi götürən xanım dedi ki, steril qab olmadığı üçün analiz götürə bilməyəcək. Analiz üçün azım olan ləvazimatları aptekdən öz pulumla ala biəcəyimi təklif etsəm də, razılaşmadılar. Məcbur aparıb, pulumu verib, özəl klinikada etdirdim. Çünki, başqa yolum yox idi, əməliyyat təcili olunmalı idi”.
Məsələyə münasibət öyrənmək üçün Naxçıvan MR Səhiyyə Naziriliyi ilə əlaqə saxladıq. Nazirlikdən sakinlərin iddialarına cavab vermək istəmədilər.

Dünyapress TV

Xəbər lenti