Elxan Məmmədovun daha bir adamı rəhbər vəzifədən uzaqlaşdırılır?
Elxan Məmmədovun daha bir adamı rəhbər vəzifədən uzaqlaşdırılır?

“CBC Sport” kanalının rəhbəri Volkan Üstün istefaya göndəriləcəyi ilə bağlı məlumat yayılıb.

Bu barədə futbolinfo.az məlumat yayıb. Bildirilir ki, buna səbəb kanalın strategiyasının dəyişməsidir.

Yeni təyinatın martda olacağı bildirilir. Volkan Üstlə yanaşı, digər rəhbər şəxslərin də kanaldan ayrılacağı gözlənilir.

Məlumatla bağlı “qafqazinfo”ya açıqlama verən V.Üst belə bir planın olmadığını deyib: “Rəhbərlikdən gələn hər hansı göstəriş də olmayıb”.

Türkiyəli funkesioner “CBC Sport” kanalına 2016-cı ildən rəhbərlik edir. O, bu postda İlya Rüstəmovu əvəzləyib.

“CBC Sport”un maliyyəsi əsasən SOCAR tərəfindən ayrılır. Kanal yarandığı gündən AFFA-nın nəzarətində olub.

Federasiyanın ovaxtkı icraçı vitse-prezidenti və baş katibi Elxan Məmmədov “CBC Sport”u de-fakto öz bildiyi kimi idarə edib.

Bu, indi də demək olar belədir. E.Məmmədov fəaliyyətini FİFA-nın Paris ofisində davam etdirsə də, AFFA və “CBC Sport”dan əlini çəkməyib.

Birbaşa olmasa da, qurumdakı, həmçinin kanalda yerləşdirdiyi kadrlar vasitəsilə proseslərə müdaxilə imkanını öz əlində saxlayıb. burada ondan xəbərsiz və icazəsiz nəsə baş vermir.

Hər bir halda izn Parisdən alınır. Elxan Məmmədovun əleyhinə mətbuatda tənqidi fikirlər səsləndirmiş futbol adamları, o cümlədən, media mənsubları “CBC Sport”a qonaq dəvət edilmir.

Kim bir kəlmə sərt sözlər işlədibsə, kanalın qapıları onun üzünə bağlanır. Bu, dünən də belə idi, indi də belədir.

Volkan Üstə gəlincə, onu Azərbaycana elə Elxan Məmmədov gətirib, SOCAR-ın yeni rəhbərliyinin mövqeyi bir az başqadır -

Rövşən Nəcəf və digərləri “CBC Sport”u Türkiyədən olan və daha tanınmış televiziya idarəçilərinə tapşırmaq niyyətindədir.

Əslində, bununla bağlı planlar 1 ildir masaya yatırılıb və müxtəlif səviyyələrdə müzakirələri aparılıb.

O da gözlənilir ki, “CBC Sport”a nəzarət paketi “Demirören Holding”ə verilsin. Hansı ki, bu şirkətə məxsus brend 1 ildən artıqdır ki, kanala tərəfdaşlıq edir və onun hesabına böyük miqdarda vəsait köçürür.

Volkan Üstdən “CBC Sport”un özündə narazılıq çoxdur. Bir çox əməkdaşlar adını çəkdiyimiz şəxsin işçilər arasında ayrı-seçkilik hallarına yol verməsindən,

AFFA-dan gələn tapşırıq əsasında maaş və qonorarların azaldılmasından, tez-tez gözlənilməz qərarlar çıxarmasından şikayətçidir.

Onların qeyri-rəsmi şəkildə bildiklərinə görə, direktor çox vaxt öz qərarlarının arxasında dayanmır, verliş müəllifi və aparıcılarını yerli-yersiz dəyişir, «bu, məndən asılı olmadı» deyərək, «yuxarı»nı, yəni, AFFA-nı nişan verir.
 

Dünyapress TV

Xəbər lenti