Türkiyədə zəlzələdən zərərçəkənlərə dəstək məqsədi ilə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən, Heydər Əliyev Fondu tərəfindən qardaş ölkəyə daha bir humanitar yardım göndərilib.
Bu gün zəlzələ bölgəsinə uçan təyyarədə çadırlar və qızdırıcılar daxil olmaqla ümumilikdə 40 ton yardım yola salınıb.
Xatırladaq ki, Heydər Əliyev Fondu faciənin ilk günündən qardaş ölkəyə öz dəstəyini göstərib. Birinci vitse-prezident Mehriban Əliyevanın göstərişi ilə bundan əvvəl fevralın 9-da və 11-də faciədən zərər çəkmiş şəxslər üçün müxtəlif dərman preparatları, tibbi ləvazimat və avadanlıqlar, isti geyimlər, qızdırıcısı olan çadırlar, generatorlar, istilik radiatorları, çöl üçün qızdırıcılar, dizel yanacaqlı kaloriferlər, həmçinin axtarış-xilasetmə işlərinə dəstək məqsədi ilə ləvazimat və avadanlıqlar göndərilib.
Eyni zamanda, xatırladaq ki, Heydər Əliyev Fondunun "Regional İnkişaf” İctimai Birliyinin dəstəyi ilə vətəndaşlardan toplanan isti geyim və avadanlıqlar da artıq Türkiyəyə yola salınıb.