Azərbaycan növbəti beynəlxalq tədbirə ev sahibliyi etdi
Fevralın 13-də Azərbaycan növbəti dəfə çox mühüm beynəlxalq tədbirə ev sahibliyi etdi. Bakıdakı “Gülüstan” sarayında müstəqillik dövrünün 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirilib. Mötəbər tədbirdə İtaliyanın şirkətlər və “Made in Italy” naziri Adolfo Urso, “Ansaldo Energia” şirkətinin prezidenti Cuzeppe Marino və Çinin “Dongfang” şirkətinin baş direktoru Çen Xuacye iştirak edib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tədbirdə çıxış edərək bildirib ki, “bu, çox əlamətdar hadisədir, ölkəmizin enerji potensialını böyük dərəcədə gücləndirəcək, eyni zamanda, Mingəçevirin Azərbaycanın elektroenergetika mərkəzi kimi önəmini daha da artıracaq”.
Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində dünyada böyük nüfuz qazanan Azərbaycan artıq ən mühüm mövzuların müzakirə olunduğu mötəbər beynəlxalq tədbirlərin təşəbbüskarı və təşkilatçısı kimi tanınır. Vətən müharibəsindən sonrakı dövrdə keçirilən beynəlxalq tədbirlərdə işğaldan azad olunan ərazilərimizin dirçəldilməsi və beynəlxalq nəqliyyat dəhlizlərinin mühüm komponentinə çevrilməsi istiqamətində görülən işlərin təbliğinə geniş yer verilir. Bu, həm də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Vətən müharibəsində qazandığı Qələbədən dərhal sonra dövlətimizin başçısının Cənubi Qafqazın sülh və əməkdaşlıq regionuna çevrilməsi istiqamətində həyata keçirdiyi ardıcıl və mütərəqqi siyasətə beynəlxalq ictimaiyyətin yüksək diqqətinin və artan marağının əyani ifadəsidir. Bakıdakı növbəti əlamətdar tədbir - müstəqillik dövrünün 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlinin qoyulması, dövlət başçımızın söylədiyi kimi, ölkəmizin enerji potensialını böyük dərəcədə gücləndirəcək, eyni zamanda, Mingəçevirin Azərbaycanın elektroenergetika mərkəzi kimi önəmini daha da artıracaqdır.
Mərasimdəki çıxışında ölkə başçısı qeyd edib ki, Mingəçeviri Azərbaycanın və Qafqazın enerji mərkəzinə çevirən məhz Ulu Öndər Heydər Əliyev olub: “Ulu Öndərin rəhbərliyi və təşəbbüsü ilə 1976-cı ildə Mingəçevirdə böyük elektrik stansiyasının təməli qoyulub. Böyük stansiyanın birinci bloku 1981-ci ildə Heydər Əliyevin şəxsi iştirakı ilə açılıb”. Hazırda Mingəçevir şəhərinin nəinki Azərbaycanın, bütün Qafqazın elektroenergetika mərkəzi kimi yeni dövrü başlayır, təxminən 1300 meqavat gücündə olan stansiya ölkəmizin enerji potensialını böyük dərəcədə gücləndirəcəkdir.
Yeni elektrik stansiyası Azərbaycanın enerji təhlükəsizliyinə növbəti töhfə olacaq və burada yüzlərlə yeni iş yerləri açılacaqdır. Yeni tikiləcək stansiyada şərti yanacağın sərfiyyatı kifayət qədər aşağı olacaqr və bu, ildə təqribən 800 milyon kubmetr və ya 1 milyard kubmetr qaza qənaət edilməsnə imkan verəcəkdir. Avropa məkanında Azərbaycan qazına böyük tələbat olduğu üçün bu, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinə növbəti töhfə olacaqdır.
Qısa müddət ərzində stansiyadakı 8 blok tam şəkildə yenidən qurularaq istifadəyə verilib. 2020-ci ildə stansiya artıq 2400 meqavat generasiya gücünə malik olmuşdur. Bərpa-yenidənqurma işləri nəticəsində təqribən 600 meqavatdan çox itirilmiş güclər bərpa edilib və bu da öz növbəsində yeni bir böyük stansiyanın tikintisi deməkdir. Qeyd olunmalıdır ki, yeni tikiləcək elektrik stansiyasının müasir standartlara cavab verməsi nəticəsində karbon qazının miqdarı 2 milyon ton azalacaq və beləliklə, ətraf mühitə də bunun çox böyük faydası olacaqdır. Tikinti işləri zamanı ödəniləcək vəsaitin 60 faizi “Azərenerji”nin öz vəsaiti hesabına təmin ediləcək, qalan 40 faiz isə kreditlər vasitəsilə təmin ediləcəkdir.
Qeyd edilməlidir ki, «Azərenerji» ilə İtaliyanın «Ansaldo» şirkəti arasındakı əlaqələr burada həlledici rol oynayır və «Azərenerji» ilə «Ansaldo» arasında müqavilələr İkinci Qarabağ müharibəsi başa çatandan dərhal sonra imzalanıb. Azad edilmiş Qarabağda və Şərqi Zəngəzurda bu gün böyük quruculuq-bərpa işləri gedir və bu işlərdə də «Ansaldo» və «Azərenerji» tərəfdaşlıq çərçivəsində fəaliyyət göstərirlər. Ölkə başçısının bildirdiyi kimi, strateji məna daşıyan İtaliya-Azərbaycan əlaqələrini daha da genişləndirməyə çalışırıq. Hazırda Azərbaycanın ümumi generasiya gücü 7200 meqavatdır və onun 3400 meqavatı son 20 ildə yaradılıb. Azərbaycanda bütövlükdə elektroenergetika sahəsi son illər ərzində çox sürətlə və uğurla inkişaf edir. Son 20 il ərzində Azərbaycanda 34 elektrik stansiyası inşa olunub və bu stansiyaların generasiya gücü təqribən 3400 meqavata bərabərdir.
Göründüyü kimi, Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində dünyada böyük nüfuz qazanan Azərbaycan artıq ən mühüm mövzuların müzakirə olunduğu mötəbər beynəlxalq tədbirlərin təşəbbüskarı və təşkilatçısı kimi tanınır. Əminik ki, təməli qoyulan bu stansiya nəzərdə tutulmuş vaxtda inşa ediləcək və həm ölkəmizin enerji potensialını gücləndirəcək, ixrac imkanlarımızı gücləndirəcək və həm də xarici tərəfdaşlarla yeni, gələcək layihələrə yol açacaqdır.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Teref.az

Dünyapress TV

Xəbər lenti