Böyükdüz "əsirxanası" -
Sovet hakimiyyəti illərində Naxçıvanda həbsxana yox idi. Muxtar Respublikada həbs olunanlar məhkəmədən sonra Bakıdakı təcridxanalara köçürülürdülər.
Daha sonra Azərbaycan müstəqilliyə qovuşdu. Bir neçə ildən sonra Muxtar Respublikada "xan" həzrətləri hakimiyyətə gəldi. Ardınca da Naxçıvanda həbsxana tikildi.
Kəngərli rayonunun Böyükdüz kəndində açılan bu həbsxananın zəruriliyini "xan" həzrətləri onunla əlaqələndirmişdi ki, cinayət məsuliyyətinə cəlb olunub zindana salınan naxçıvanlı məhkumların ailələri öz yaxınlarını görmək üçün Bakıya gedə bilmirlər. Odur ki, məhkumlar bir növ onların ayağına gəlməlidir. Yəni Böyükdüzdə açılan həbsxana guya Vasif "xan"ın humanizminin təzahürü idi.
İndi isə Vəli Ələsgərovun misalında görürük ki, Vasif "xan" Böyükdüzdəki tədricxanadan əsirxana kimi istifadə edir. Fəaliyyətini bəyənmədiyi adamı ora salır və hər gün dünyanın ən ağır işgəncələrinə məruz qoyur. Üstəlik, bu "əsirxana" təkcə Vəli Ələsgərova da nəsib olmayıb. Əsirxananın adını biz 2010-cu ildə baş vermiş Bənəniyar qiyamında da, müxtəlif müxalif nümayəndələrinin ağlasığmaz şəkildə işgəncələrə məruz qalması faktlarında da eşitmişik.
Böyükdüzdəki əsir düşərgəsi beynəlxalq insan hüquqları təşkilatlarının gözündən iraqdır. Çünki rəsmi adı əsir düşərgəsi yox, həbsxanadır və o məkandan kənara hər hansı şikayət çıxa bilməz. Hətta əsirlərin ailələri ilə telefon əlaqəsi saxlamasına belə icazə verilmir. Halbuki, dünyanın istənilən əsir düşərgəsi Beynəxalq Qızıl Xaç və ya digər təşkilatlar vasitəsilə ailələrinə heç olmasa məktub göndərə bilirlər. Böyükdüzdən isə kənara hər hansı bir şikayət çıxarsa, orda saxlanılan əsirləri təsadüfi xəstəliklərdən ölüm perspektivi gözləyir.
Təsəvvür edin ki, hətta özünü dünyanın ağası sayan super dövlətlər belə, Böyükdüz "əsirxana"sının qapısından içəri girə bilməyiblər. Məlumata görə, Bənəniyar hadisəsindən bir neçə gün sonra ABŞ və Norveçin Azərbaycandakı səfirliklərinin əməkdaşları məsələni araşdırmaq üçün Naxçıvana səfər etmişdilər. Lakin onlar, Bənəniyar kəndində öyrədilmiş naməlum şəxslərin hücumuna məruz qalmışdılar. Bundan sonra hər iki səfirlik bəyanat verərək hadisəni pisləmiş və hökumətdən öz diplomatlarının təhlükəsizliyinə təminat istəmişdi. Bu bəyanat Azərbaycanla adı çəkilən iki ölkə arasında beynəlxalq qalmaqala səbəb olmuşdu. Amma heç bir beynəlxalq təzyiq Naxçıvan "xan"ını öz amansız mövqeyindən bir addım geri atmağa məcbur edə bilməmişdi.
Heyrətləndinizmi? Məncə heyrətlənməli heç nə yoxdur. Söhbət Naxçıvan Muxtar Dərəbəyliyindən gedir və dərəbəyin humanizmi ancaq Böyükdüz "əsirxana"sı qədər olar.
Heydər Oğuz
Teref.az
 

Dünyapress TV

Xəbər lenti