Səhiyyə Nazirliyinin TENDER DƏLƏDUZLUĞU... -
Son illər Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən sağlam rəqabət mühitinin inkişaf etdirilməsi, dövlət satınalmaları sahəsində tenderlərin keçirilməsinin təkmilləşdirilməsi, elektronlaşmanın artırılması, bütün şirkətlərin bu tenderlərdə iştirakı ilə bağlı maneələrin aradan qaldırılması məqsədi ilə tez-tez tədbirlər keçirilir. Bu kimi tədbirlərin keçirilməsinə baxmayaraq, görəsən qurum rəqabətli mühit formalaşdıra bilirmi, haqsız rəqabətin qarşısını alırmı, satınalmalarda qayda-qanun yarada bilirmi?

Bunun üçün dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumatlara ətraflı deyil, gözucu baxmaq kifayət edər. Burada bir şirkətin bir neçə ay ərzində ayrı ayrı sahələrdə onlarla tenderin qalibi olduğunu görməmək mümkün deyil. Burada həmçinin bir nəfərin adına yaradılmış bir neçə şirkətin “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl etmədən onlarla tenderlərin qalibləri olduğunu da görməmək olmur. Bu inhisarçılıq deyil, bəs nədir? Burada sağlam rəqabət mühitindən söhbət gedə bilməz. Necə olur ki, hər hansı bir dövlət qurumunun elan etdiyi tenderləri konkret şəxslərə məxsus şirkətlər udur? Məsələn, nədən Səhiyyə Nazirliyinin keçirdiyi tenderlərin hamısında konkret bir neçə nəfərə məxsus, ayrı-ayrı adlarda olan şirkətlər qalib olur?

Aktualinfo.org Səhiyyə Nazirliyinə tabeli qurumların bir nəfərə məxsus bir neçə şirkətlə bağladığı satınalma müqavilələri barədə daha əvvəl məlumat yaymışdı. Dövlət satınalmalarının vahid internet portalı üzərindən apardığımız araşdırmalarda daha bir nəfərə məxsus iki şirkətin bir neçə ay ərzində onlarla kotirovka sorğusunun qalibi olduğunu müəyyən etdik. Bu Axundov Elman Qulu oğlunun qanuni təmsilçisi olduğu MMC-lərdir ki, qalibi olduğu kotirovka sorğularını diqqətinizə çatdırırıq.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “STAR-08 LT” Məhdud Məsuliyyətli Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində 24.01.2022-ci il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYONU, AĞA NEMƏTULLA, ev 56, m. 105/135, qanuni təmsilçisinin isə Axundov Elman Qulu oğlu olduğu göstərilir.

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi tərəfindən abadlaşdırma xidməti üzrə keçirilmiş kotirovka sorğusunda qalib elan olunmuş və 31.05.2022-ci ildə 17 000 manat məbləğində satınalma müqaviləsi bağlanmışdır.

Azərbaycan Milli Elmlər Akademiyasının Azərbaycan Tarixi Muzeyi tərəfindən Muzey eksponatlarının qablaşdırılması üzrə keçirilmiş kotirovka sorğusunda qalib elan olunmuş və 30.06.2022-ci ildə 9820.6 manat məbləğində satınalma müqaviləsi bağlanmışdır.

“Xəzər Tibb Mərkəzi” publik hüquqi şəxsi tərəfindən sair torpaq, tikili və avadanlıqlar üzrə keçirilmiş kotirovka sorğusunda qalib elan olunmuş və 05.07.2022-ci ildə 7392 manat məbləğində satınalma müqaviləsi bağlanmışdır.

Gəncə şəhər Dezinfeksiya Stansiyası tərəfindən dəftərxana və təsərrüfat malları üzrə keçirilmiş kotirovka sorğusunda qalib elan olunmuş və 28.07.2022-ci ildə 9120 manat məbləğində satınalma müqaviləsi bağlanmışdır.

Səhiyyə Nazirliyinin Xüsusi Tibbi Təchizat Bazası tərəfindən tikili və avadanlıqların cari təmiri üçün materialların alınması üzrə keçirilmiş kotirovka sorğusunda qalib elan olunmuş və 25.08.2022-ci ildə 9510 manat məbləğində satınalma müqaviləsi bağlanmışdır.

3 nömrəli Uşaq Somatik Sanatoriyası tərəfindən dəftərxana və təsərrüfat malları üzrə keçirilmiş kotirovka sorğusunda qalib elan olunmuş və 06.09.2022-ci ildə 9821.09 manat məbləğində satınalma müqaviləsi bağlanmışdır.

“Cəlilabad rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən nəqliyyat vasitələrinin cari təmir xərcləri üzrə keçirilmiş kotirovka sorğusunda qalib elan olunmuş və 12.09.2022-ci ildə 17 800 manat məbləğində satınalma müqaviləsi bağlanmışdır.

“STAR-08 LT” MMC bu kotirovkalardan ümumi olaraq 80 463 manatlıq dövlət sifarişi alıb.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “GOLD PLANET LT” Məhdud Məsuliyyətli Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində 24.01.2022-ci il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYONU, AĞA NEMƏTULLA, ev 56, m. 105/135, qanuni təmsilçisinin isə Axundov Elman Qulu oğlu olduğu göstərilir.

2 nömrəli Baza Tibb Kolleci tərəfindən maşın və avadanlıqlar üzrə keçirilmiş kotirovka sorğusunda qalib elan olunmuş və 01.07.2022-ci ildə 37 600 manat məbləğində satınalma müqaviləsi bağlanmışdır.

“İctimai Səhiyyə və İslahatlar Mərkəzi” publik hüquqi şəxsi tərəfindən tibb işçiləri arasında COVID 19-a qarşı immunitetin qiymətləndirilməsi və vaksinin effektivliyinin dəyərləndirilməsi tədqiqatı layihəsi çərçivəsində lazım olan tibbi material və ləvazimatlar üzrə keçirilmiş kotirovka sorğusunda qalib elan olunmuş və 19.07.2022-ci ildə 26 146 manat məbləğində satınalma müqaviləsi bağlanmışdır.

İnformatika və Statistika İdarəsi qeyri-maddi aktivlər maddəsi üzrə Hesabatların toplanılma sisteminin təkmilləşdirilməsi, şəbəkəyə nəzarət üçün idarənin serverinin sazlanması və hostların yenilənməsi üzrə keçirilmiş kotirovka sorğusunda qalib elan olunmuş və 08.09.2022-ci ildə 19 890 manat məbləğində satınalma müqaviləsi bağlanmışdır.

2 nömrəli Baza Tibb Kolleci tərəfindən digər malların satınalınması üzrə keçirilmiş kotirovka sorğusunda qalib elan olunmuş və 23.09.2022-ci ildə 11 595 manat məbləğində satınalma müqaviləsi bağlanmışdır.

“GOLD PLANET LT” MMC bu kotirovkalardan ümumi olaraq 95 231 manatlıq dövlət sifarişi alıb.

Göründüyü kimi Axundov Elman Qulu oğlunun adına bir gündə yaradılmış 2 MMC may-sentyabr aylarında 11 kotirovka sorğusunda qalib gəlib ümumi olaraq 175 699 manat məbləğində dövlət sifarişi alıb. Bu sifarişlərin çoxunu isə Səhiyyə Nazirliyinə tabeli qurumlardan alıb. Burada sağlam rəqabətdən işıqucu belə görsənmir. Bəs necə olur ki, 4-5 ay əvvəl yaradılmış, müvafiq sahədə peşəkarlığı, təcrübəsi, texniki və maliyyə imkanları, işçi qüvvəsi, idarəetmə səriştəsi, etibarlığı bəlli olmayan bu MMC-lər ancaq bir nazirliyə tabeli qurumların keçirdiyi satınalmalrın qalibi olurlar? Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti sağlam rəqabət mühitini beləmi formalaşdırır, inhisarçılığın qarşısını beləmi alır? Burada Səhiyyə Nazirliyinin bir rolu olmasa, bir nəfərə məxsus ayrı-ayrı adlı MMC-lər heç bir satınalmaya yaxın belə buraxılmaz. Elman Axundovun adına yaradılmış bu MMC-ləri Səhiyyə Nazirliyindən kim edir, o maraqlıdır.
 

Dünyapress TV

Xəbər lenti