Lənkəran şəhərinin zibil poliqonu köhnə Bakı-Astara yolunun yaxınlığında, rayonun Göyşaban kəndinin ərazisindədir. Poliqonun ərazisi 5 hektardan çoxdur. Yerli sakinlərin deməsinə görə, 40 ildən çoxdur ki, şəhərin və ətraf kəndlərin məişət tullantıları ora gətirilir.
Poliqon tullantılarla qalaqlanıb. "AzadlıqRadiosu"nun əməkdaşı ərazidə olarkən zibillik üç-dörd yerdə yanırmış. Tüstü ətrafa yayılıb. Orada mal-qara, donuzlar olub...
Zibilliyin hasarı yoxdur, hər yer açıqdır, onu digər yerlərdən kanallar ayırır. Yaxınlıqda gözətçi budkası diqqəti cəlb edir. Lakin o, danışmaq istəməyib.
"Oradan gələn zəhərli tüstüdən evdə qala bilmirik" Göyşaban kənd sakini Füzuli Məmmədov deyib ki, zibil poliqonu xəstəlik mənbəyinə çevrilib: "Oradan gələn zəhərli tüstüdən evdə qala bilmirik, xüsusən axşam çağı. Biabırçılıqdır. Həmişə belədir. Dəfələrlə müraciət etmişik, gəlib baxış keçirdiblər. Tüstünün altındayıq. Üfunət qoxusu da bir tərəfdən. Ölmüş itlər, mal cəmdəkləri, nə istəsən orada tapmaq olar. Başqa yer versinlər köçək burdan".
Kəndin digər sakini Qəşəng Əkbərova isə deyib ki, illər keçir, problem həllini tapmır: "Kəndimizdə xəstələr var. Tüstünün əlindən həyətə düşə bilmirlər. Həyətlərdə uşaqlar var, hərə bir cür xəstə. Təmiz hava yoxdur. Avtobusla bazara gələndə pəncərəni bağlayırıq ki, tüstü içəriyə girməsin. Bir çarə qılsınlar".
"Dedilər ki, investisiya proqramı var..." Adının çəkilməsini istəməyən Lənkəran şəhər sakininin sözlərinə görə, problem dəfələrlə müzakirə olunub: "İcra hakimiyyətinin tədbirində olmuşam. Bu məsələ müzakirə olundu. Poliqon dolub, yerini dəyişməlidirlər. Dedilər ki, investisiya proqramı var, zavodun tikilməsi orada nəzərdə tutulub. Söhbət ondan gedir ki, müasir tələblərə cavab verən yeni zibil poliqonun tikintisi böyük vəsait tələb edir. Lənkəran şəhərinin 50 min əhalisi var. Ətraf kəndlərlə birlikdə əhalinin sayı 60 min nəfərə çatır. Bu zibillik yaşayış evləri ilə əhatə olunub. Bizim üçün utancverici haldır".
Lənkəran şəhər Mənzil İstismar və Kommunal Müəssisələr İdarəsinin müdiri Emin Şahzadənin deməsinə görə də, bu sahəyə investisiya qoyulandan sonra məsələ həllini tapacaq.
Lənkəran şəhər İcra Hakimiyyəti başçısının müavini Vüqar Məmmədov isə yerli mətbuata bildirib ki, ərazidə məişət tullantılarını utilizasiya etməkdən ötrü regional zavodun tikilməsi məsələsi investisiya proqramına salınıb.
Göyşaban kənd sakini Füzuli Məmmədov isə, hələlik, vədlərə bir qədər şübhə ilə yanaşır. Deyir ki, onlara söz yox, iş lazımdır. //AzadlıqRadiosu//