Daxili İşlər Nazirliyinin Polis Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, dəyəri 48 min 115 manat olan tender müsabiqəsinin qalibi “NOHUR NN 2022” MMC (VÖEN- 1703383761) olub.
“NOHUR NN 2022” MMC Polis Akademiyasının sifarişi əsasında nəqliyyat vasitələrinin cari təmiri və ehtiyyat hissələrinin alınmasını həyata keçirəcək.
Nizamnamə kapitalı 10 manat olan “NOHUR NN 2022” MMC-nin hüquqi ünvanı Səbail rayonu, Abbasqulu Abbaszadə, ev 1/B-də yerləşir. MMC-nin qanuni təmsilçisi Ocaqquliyev Elçin Əli oğludur.
Tender müsabiqəsinin maraqlı və qəribə tərəfi odur ki, tender müsabiqəsinin qalibi olan şirkət –“NOHUR NN 2022” MMC cəmi 2 ay əvvəl – bu ilin iyul ayının 26-da dövlət qeydiyyatına alınıb.
Məlumat üçün onu da bildirək ki, “Dövlət satınalmaları haqqında” Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlılığının olması lazımdır.
Rəsmi saytı, sosial şəbəkə hesabı olmayan, adı heç bir yerdə keçməyən və cəmi 2 ay əvvəl yaranan şirkətin hansı peşəkarlığa və təcrübəyə sahib olduğu da başa düşülən deyil.
Maraqlı məqamlardan biri də odur ki, son aylarda “Səbail rayonu, Abbasqulu Abbaszadə, ev 1/B” ünvanında yüzlərlə şirkət qeydiyyata alınıb. Bu şirkətlərin bir-neçəsinin qanuni təmsilçisi eyni şəxslər olub.
Onu da qeyd edək ki, yeni yaranan, təcrübəsiz şirkətlər daha əvvəl də Polis Akademiyası tərəfindən keçirilən tenderlərdə qalib olublar.