“Olympus Park”ın qanunsuz söküntü işində İLGİNC RƏY
“Olympus Park” tikinti şirkətinin Xətai rayonunda "Lider" idman klubunu sökməsi, yerində bina inşa etməsi ilə bağlı yaranan problemə görə məhkəmə çəkişmələri uzun müddətdir davam edir.

Məhkəmə sökülən obyektin qiymətləndirilməsi üçün ekspertiza təyin etmişdi. Ekspertizanın rəyi olduqca ilgincdir.

Xatırladaq ki, “Olympus Park” tikinti şirkətinin Xətai rayonunda "Lider" idman klubunu sökməsi, yerində bina inşa etməsi ilə bağlı yaranan problemə görə cinayət işi açılıb, daha sonra cinayət işinə xitam verilib.

Zərərçəkmişə 162 min manat ödənilməsi barədə qərar çıxarılsa da, klubun rəhbəri İlham Sərdarov bununla razılaşmır. O deyir ki, təkcə uçqunun altında qalan idman avadanlıqlarının qiyməti 162 min manatdır.

Bu işlə bağlı son olaraq Bakı Kommersiya Məhkəməsində hakim Leyla Əliyevanın sədrliyi ilə araşdırılan məhkəmə iclasında qərar qəbul olunub ki, dağıdılan əmlakın qiymətləndirilməsi üçün ekspertiza təyin edilsin. Ekspertizanın keçirilməsi “Əmlak Ekspert Mərkəzi” MMC-yə tapşırılıb.

Zərərçəkmiş tərəf isə müstəqil “Legitim Qiymətləndirmə və Consulting” MMC-yə müraciət edərək dağıdılmış əmlakı qiymətləndirib. MMC idman klubunun dağıdılması nəticəsində dəymiş zərərin təxmini bazar qiymətini 1.425.000 manat olaraq qiymətləndirib.

İlham Sərdarov əlavə edir ki, dağıdılmış əmlakının bazar qiyməti ilə hesablanması konstitusiyanın 29-cu maddəsinə ziddir: “Yəni, dövlət layihəsi olanda söküləcək obyektin, mənzilin bazar qiyməti hesablanır. O da əvvəldən ədalətli şəkildə hesablanıb, ödənildikdən sonra. Burda isə özəl şirkət olduğu üçün ancaq bərpa edilmə qiymətləndirilə bilər”.

Artıq məhkəmənin təyin etdiyi ekspertizanın rəyi də məlum olub.

Obyekti sökülən İlham Sərdarov deyir ki, “Əmlak Ekspert Mərkəzi” MMC qiymətləndirmə üçün müqayisəli obyektlər göstərib. Amma göstərilən obyektlərin qiyməti ilə onun sökülən obyektinin qiyməti uzlaşmır:

“Həmin obyektlərin şəkilləri də var. Mənim obyektimi Şıxliniskayada bir obyektlə müqayisə ediblər. Həmin obyektlə belə müqayisə edəndə mənim obyektimin qiyməti daha çox hesablanmalıdır. Çünki minimum qiymətlə belə hesablamayıblar. Bu adamlar mənim obyektimi söküb yerində bina tikirlər. Təsəvvür edin ki, tikdikləri binada evlərin satış qiyməti 1 kvadratmetr üçün minimum 1300 manatdır. Obyektin kvadratı isə 4000 min manat. Amma mənim obyektimin qiymətini 1000 manata belə hesablamayıblar.

Rəyi verən ekspert deyir ki, "Həzi Aslanov" metrosunun ətrafı səhralıqdır. Bunu da əmlakın dəyərini aşağı salmaq üçün edir. Eskpertin istifadə etdiyi sənədlər 2005-ci ilin materiallarıdır. İndi "Həzi Aslanov" metrosunun ətrafı səhralıqdır? Bakıda bunu kimdən soruşsan gülər. Metronun ətrafında 100 metrlik boş yer var?”.

Zərərçəkmiş İlham Sərdarov ekspertizanın rəyindən narazı olduğunu bildirib. Məhkəmə iclası sentyabrın 5-də baş tutacaq.

Xatırladaq ki, sonuncu məhkəmə iclaslarından birində “RS Construction” MMC-nin (“Olympus Park”) nümayəndəsi və vəkili Eynar Əliyev demişdi ki, bu məsələyə görə şirkətin borclanmaları yaranıb. İlham Sərdarovun məqsədi şirkətə külli miqdarda ziyan vurmaqdır. Vəkil tikintinin dayandırılması ilə şirkətin külli miqdarda borclarının yarandığını etiraf etmişdi.

Məhkəmə çəkişməsi isə Bakıda idmançıların klubunun gecə ilə uçurulması, bu günə qədər kompensasiya ödənilməməsi ilə bağlı şikayətlərə görə davam edir.

Bildirək ki, “RS Construction” MMC İlham Sərdarova qanunsuz olaraq sökdüyü obyektinə görə 162 min manat təklif edir. Bundan başqa, İlham Sərdarovdan etdiyi şikayətlər nəticəsində “RS Construction” MMC-nin işgüzar nüfuza vurulmuş zərərin əvəzi olaraq 1 milyon manat məbləğində pul tələb edir.

Bildirək ki, Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin 28.08.2020-ci il tarixli tikinti işlərinin dayandırılması barədə qərarına əsasən, Xətai rayonu, Cavanşir və Sadıqcan küçələrinin kəsişməsində yerləşən “RS Construction” MMC-nin sifarişi ilə həyata keçirilən 3 ədəd 12 mərtəbəli yaşayış binalarının tikintisi dayandırılıb.
 //Musavat.com//

Dünyapress TV

Xəbər lenti