Tural Abbaslı: “25 manata heç, bəlkə də, İngiltərədə çay yoxdur”
Könül İmamverdiya: “Həmin kafelər fiziki şəxslər tərəfindən idarə olunur. Bu səbəbdən Dənizkənarı Bulvar İdarəsi onların işinə heç bir halda müdaxilə edə bilməz”
Rəşad Həsənov: “Dövlət çalışmalıdır ki, təklif çoxalsın. Çünki təklif artıqda bazarda qiymətlər də optimal səviyyəyə düşür”
Ağ Partiya sədri Tural Abbaslı “Prime tv ” də yayımlanan “Qırmızı masa” verilişində Dənizkənarı Bulvardakı kafelərdə insanlara təqdim olunan çayın qiymətinin baha olması ilə bağlı fikirlər səsləndirib: ““Mənim heç nəsil - köküm bulvarda 25 manata çay içməyib . 25 manata da çay olar ?
Bu Xəzər kimindir ? Bu Bakı kimindir ? Biz öz Bakımızda qonaq kimiyik . Bulvarın kafeləri ərəbə,fransıza , ingilisə işləyir . 25 manata heç, bəlkə də, İngiltərədə çay yoxdur . Biz bulvarda çay içə bilmərik?”.
“Sherg.az” Ağ Partiya sədrinin fikirlərini əsas tutaraq Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi ilə əlaqə saxlayıb. Qurumun mətbuat xidmətinin rəhbəri Könül İmamverdiyeva məsələyə münasibət bildirərək qeyd edib ki, həmin kafelər fiziki şəxslər tərəfindən idarə olunur. Bu səbəbdən Dənizkənarı Bulvar İdarəsi onların işinə heç bir halda müdaxilə edə bilməz:
“Qiymətləri tənzimləmək onların öz səlahiyyətlərindədir. O ki qaldı sözügedən ərazidə ucuz qiymətə çayın olmamasına bu həqiqiəti əks etdirmir. Bulvar ərazisində elə kafelər var ki, orda sahibkarlar qiymətləri bütün insanlar üçün münasib ediblər. Biz sözügedən kafelərə qiymətlərlə bağlı ancaq tövsiyə edə bilərik”.
Məsələnin iqtisadi tərəfindən danışan iqtisadçı-ekspert Rəşad Həsənov isə bildirib ki,bazarda sadəcə olaraq inhisar, icazə ilə daxil olma var. Böyük ehtimalla qiymətlərin bahalılığı məhz bu inhisar fondu ilə təmin edilir:
“Sərbəstlik olsa, hər kəs burda rahat şəkildə öz istədiyi fəaliyyətlə məşğul olsa, sözügedən bahalıq aradan qalxar. Biznesmen düşünür mövcud vəziyyətə uyğun qərarlar qəbul edir. Yaranmış vəziyyəti biznesin üzərinə atmaq olmaz. Burda tənzimləyici funksiyanı dövlət yerinə yetirir. Dövlət çalışmalıdır ki, təklif çoxalsın. Çünki təklif artıqda bazarda qiymətlər də optimal səviyyəyə düşür. Bunun üçün şərait yaradılmalıdır”.