Borcunu ödəsə də, EVİ SATILDI - Ədliyyə Nazirliyindən ŞİKAYƏT
Vətəndaş banka olan borcunu ödəyə bilmədiyi üçün mənzili hərraca çıxarılıb, o, hərracın keçirilməsindən 1 gün öncə borcunu tam bağlasa da, evi Ədliyyə Nazirliyinin Nəsimi rayon İcra şöbəsi tərəfindən hərracda başqasına satılıb.

Bu barədə şikayətçi Məhərrəm Əliyev Ajans.az-a müraciət edib. Hərrac olacağını bilən Məhərrəm Əliyev bu il martın 17-də “Unibank”a olan borcunu tam bağlayıb və həm Nəsimi İcra Şöbəsinə, həm də Hərrac Mərkəzinə elektron qaydada “Unibank”ın xitam məktubunu göndərib.

Hərracın keçiriləcəyi gün – 18 martda vətəndaş Ədliyyə Nazirliyinin Nəsimi İcra Şöbəsində olub və borcu bağladığı barədə məlumat verib. Lakin hərrac dayandırılmadığı üçün tanımadığı üçüncü şəxs onun Nəsimi rayonu, Azər Əliyev küçəsində yerləşən 250 min AZN dəyərində olan evini satın alıb.

Şikayətçinin problemlə bağlı icra məmuru ilə də müvafiq yazışmaları mövcuddur. Lakin etik olmadığı üçün həmin yazışmaları işıqlandırmağı uyğun görmürük.

Hüquqşünas bildirib ki, “İpoteka haqqında” qanunun 46.1 maddəsinə əsasən hərrac keçirilənədək və hərrac protokolu imzalanana qədər borclu öhdəliyini yerinə yetibsə, bu zaman əmlakın açıq hərracda satılması qadağandır və işə xitam verilməlidir. Hazırki iş üzrə isə borc 17.03.2025 tarixində bağlanıb və icra qurumuna, hərrac mərkəzinə bu barədə məlumat verilib.

Ədliyyə Nazirliyindən Ajans.az-ın sorğusuna cavab olaraq bildirilib ki, borc (icra ödənişi də daxil olmaqla) tam ödənilmədiyi və yerli icra qurumu bu barədə vaxtında və rəsmi qaydada məlumatlandırılmadığı üçün icra prosesi dayandırılmayıb:

“Bakı şəhəri 14 saylı Notariat ofisinin müvafiq icra qeydinə əsasən 42.817,33 manat pul vəsaiti vətəndaş Əliyev Məhərrəm Müseyib oğlundan tutularaq “Unibank” ASC-nin xeyrinə ödənilməli, borc tələbi ipoteka predmeti olan Bakı şəhəri, Nəsimi rayonu Azər Əliyev küçəsində yerləşən mənzilə yönəldilməlidir. Həmin icra qeydinə əsasən əmlakın ilkin satış qiyməti 125.000 manat müəyyən edilmişdir.

Bakı şəhəri Nəsimi rayon icra şöbəsində aparılmış icraat zamanı borclu tərəfindən icra sənədi üzrə borc könüllü ödənilmədiyindən ipoteka predmetinin (mənzilin) elektron hərracda satılması üçün icra məmuru tərəfindən 05.02.2025-ci il tarixdə sifariş verilmiş, mənzil Elektron Hərrac Portalında (www.herrac.gov.az) 146.250 manata satılmış və onlayn qaydada keçirilən hərrac 18.03.2025-ci il tarixdə saat 10:16-da bitmişdir.

Vətəndaş tərəfindən borcun tam ödənilməsi ilə bağlı iddia ilə əlaqədar bildiririk ki, icra qurumu yalnız rəsmi sənədlər əsasında qərar qəbul edə bilər. Belə ki, “Unibank KB” ASC-nin 17.03.2025-ci il tarixli məktubuna əsasən vətəndaş Məhərrəm Əliyev tərəfindən banka olan borcun ödənildiyi qeyd edilmişdir. Həmin məktub yerli icra qurumunun elektron poçt ünvanına 17.03.2025-ci il tarixdə saat 18:11-də iş vaxtı bitdikdən sonra daxil olmuş, bu səbəbdən növbəti gün qeydiyyata alınmışdır.

Ödənilməli olan icra ödənişi isə borclu tərəfindən ödənilməmiş, həmin ödənişlər yalnız hərrac başa çatdıqdan sonra və hissə-hissə olmaqla (18.03.2025-ci il tarixdə saat 17:07-də 1.000 manat, 19.03.2025-ci il tarixdə saat 12:07-də 500 manat, saat 15:52-də isə 1.497 manat olmaqla, cəmi 2.997 manat) ödənilmişdir.

“İcra haqqında” və “İpoteka haqqında” qanunların müvafiq normalarının tələblərinə əsasən borclunun əmlakı əsas borcla yanaşı icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi üçün tələb olunan xərclərin tutulması məqsədilə satılır".
 

Dünyapress TV

Xəbər lenti