"Bir Ananın Gözü Yaşlı Fəryadı: Oğlumu Bağışlayın, Cənab Prezident!"
Azərbaycan Respublikasının Prezidentinə
Cənab İlham Əliyevə

Müraciət edən:
Mirzəyeva Gülgəz Əlbənd qızı,
Kəlbəcər rayonundan məcburi köçkün.

MÜRACİƏT

Hörmətli cənab Prezident,

Mən, məcburi köçkün Mirzəyeva Gülgəz Əlbənd qızı, Sizə böyük ümidlə, bir ana qəlbi ilə müraciət edirəm. Sizin daim ədalətə və insanlıq dəyərlərinə verdiyiniz önəmi bilə-bilə bu məktubu yazıram. Çünki Siz hər zaman xalqın Prezidenti olmuş, onun dərdinə şərik çıxmış, çətin vəziyyətdə olan vətəndaşlarını heç vaxt unutmamısınız.

Oğlum Əliyev Tural Vahid oğlu, ömrünü dövlətinə və xalqına xidmətə həsr etmiş, jurnalist kimi həmişə haqqın, ədalətin, həqiqətin yanında durmuş bir insandır. O, sözünü yalnız həqiqətə dayandırmış, cəmiyyətin və dövlətin maraqlarını qorumağa çalışmışdır. Lakin bu gün həyat onu çox ağır bir sınağa çəkib. Oğlum hazırda məhkum olunub və həbsxanada ağır günlər yaşayır.

Bir ana üçün övladının həsrətini çəkmək dünyanın ən ağır dərdidir. Bir ananın ürəyi, gözü həmişə övladının yolunda olar. Mən bu illər ərzində çox acılar görmüşəm – torpağımdan didərgin düşmüşəm, yurd həsrəti ilə yaşamışam. Amma bu gün çəkdiyim ən ağır dərd övlad həsrətidir. Hər gün, hər gecə ürəyimdə bir nisgil, bir ümidsizlik var. Onun məhkum həyatı yaşaması, azadlığını itirməsi mənim üçün ağır bir yükdür. Üstəlik, onun azyaşlı bir övladı var. O uşaq atasının yolunu gözləyir, onun qayğısına, sevgisinə möhtacdır.

Cənab Prezident, Sizin ədalətli və mərhəmətli bir rəhbər olduğunuzu hər zaman bilmişik. Siz də bir ailə başçısısınız, bir ata kimi bilirsiniz ki, övladının atasız böyüməsi nə qədər çətindir. Mən Sizin humanistliyinizə güvənərək bu məktubu yazıram və yalvarıram – oğlumu əfv edin. O, səhv etmişsə belə, gəncdir, öz səhvini anlamağa, cəmiyyətə yenidən faydalı bir vətəndaş kimi qayıtmağa hazırdır.

Siz həmişə xalqın, xüsusilə də məcburi köçkünlərin yanında olmusunuz. Biz məcburi köçkünlər üçün etdiyiniz hər bir iş üçün minnətdarıq. İndi isə mənim kimi bir məcburi köçkün anasının dərdinə şərik çıxmağınızı xahiş edirəm. Oğlumun azadlığına qovuşması üçün Sizdən mərhəmət istəyirəm.

Cənab Prezident, Sizin ədalətinizə və böyüklüyünüzə güvənərək, bir ana kimi ümid edirəm ki, bu müraciətimə biganə qalmayacaqsınız. Əfv qərarınızı ən böyük minnətdarlıq və dualarla qarşılayacağıq.

Dərin hörmət və ümidlə,
Mirzəyeva Gülgəz Əlbənd qızı
TEREF
 

Dünyapress TV

Xəbər lenti