Bakıda bir qrup şəxs Baku TV-yə müraciət edərək iddia edib ki, “Zamin Əmlak” adlı daşınmaz əmlak agentliyi evlə təmin etmək adı ilə onlardan pul alıb.
Lakin ortada nə ev var, nə də ödədikləri məbləğı geri ala bilirlər.
Baku TV-nin əməkdaşı iddialara cavab almaq istəsə də, sözügedən şirkətin ofisinin qapısının bağlı olması səbəbindən bu, mümkün olmayıb.
Banerlər ümumiyyətlə yerindən çıxarılıb. İşçilər isə sanki qeybə çəkilib. Necə deyərlər, lələ köçüb, yurdu qalıb.
Qapıda şirkətin qurbanı olan daha bir vətəndaşdan başqa heç kim tapılmayıb.
Zərərçəkənlər onları aldatdığını iddia etdikləri şəxslərin görüntülərini də Baku TV ilə paylaşıb.
Şirkətin rəhbəri olduğu deyilən Oqtay Zərbəliyev bildirib ki, bütün pulları Orxan adlı şəxs mənimsəyərək aradan çıxıb.
Həmin şirkətdə satış mütəxəsisi vəzifəsində çalışan Orxan Əliyev isə zənglərə cavab verməyib.
Bəs görəsən, vətəndaşların başına corab hörən belə fırıldaqçıları hansı cəza gözləyir? Ümumiyyətlə, qanunvericilikdə belə hallarla bağlı nələr nəzərdə tutulub?