Naxçıvanda nə baş verir? - Böyük təhlükə haqqında xəbərdarlıq
Naxçıvanda olarkən Şahbuz sakinlərindən biri mənə saxladıqları heyvanı Azərbaycanın digər rayonlarında sata bilməmələrinin səbəbini soruşmuşdu. Mən də bunu Naxçıvanın ərzaq təhlükəsizliyi ilə izah etmişdim. Demişdim ki, Naxçıvandakı fermerlər saxladıqları heyvanları Bakıya aparsalar, o zaman Muxtar Respublikada ət qıtlığı yaşanar. Nəticədə onsuz da dolanışığı çətin vəziyyətdə olan naxçıvanlılar daha ağır problemlərlə üzləşə bilər.

Açığı, bu fikri deyərkən həmsöhbətimin üzündə qəribə bir istehza təbəssümü görmüşdüm. Hiss etmişdim ki, mənim bilmədiyim, amma həmsöhbətimin vaqif olduğu daha dərin məsələ var. Söhbətimizi bitirib ayrılarkən şahbuzlu fermerin mənə söylədiyi bir sözsə qulağımda indiyədək cingildəyir: “Heydər müəllim, deyəsən, siz bunların dabbaqda gönünə bələd deyilsiniz”.

Dünən Naxçıvandakı etibarlı mənbələrdən əldə etdiyim məlumatlar Şahbuzlu fermerin üzündəki istehza dolu təbəssümə və “dabbaqda gön” məsələsinə kifayət qədər aydınlıq gətirir.

Məlumata görə, Azərbaycan Kənd Təsərrüfatı naziri Məcnun Məmmədovun Naxçıvan Muxtar Respublikasına səfəri zamanı “canişin” əfəndinin onu tamamilə təcrid vəziyyətinə salması, daha dəqiq ifadə ilə desək, Muxtar Respublikanın Kənd Təsərrüfatı naziri Xəyalə Dadaşovanı onunla görüşə imkan verməməsinin bir çox incə mətləbləri var imiş. Onlardan biri də “dabbaqda gön”lə birbaşa əlaqədardır.

Əldə etdiyim məlumatda bildirilir ki, Xəyalə Dadaşovanın öz həmkarı ilə görüşünə imkan verilməməsinin əsas səbəbi xanım nazirin Bakıdakı müvafiq dairələrə “canişin” əfəndidən şikayət etməsidir. Şikayətlərdə “canişin”in özünü “canişin” kimi aparmaması ilə yanaşı, həm də Naxçıvanda özünüməşğulluq proqramının düzgün yürüdülməməsi kimi məqamlar da var imiş. Sən demə, 2024-cü ilin yanvar-iyul ayları ərzində bu proqram çərçivəsiində Naxçıvanda 745 nəfər işsiz və işaxtaran şəxs müəyyən aktivlərlə təmin olunub. Bunlardan 107 nəfəri istehsal-xidmət, 638-i isə kənd təsərrüfatı sahəsi üzrə müvafiq aktivlərlə təmin edilib. Xəyalə xanımın da şikayəti təbii ki, kənd təsərrüfatı ilə əlaqədar verilən aktivlərlə bağlı olub.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2024-10_2-kopiya.jpg
İddialara görə, həmin kənd təsərrüfatı aktivləri əsasən aztəminatlı ailələrə verilib. Verilən aktivlər isə əsasən iri və xırdabuynuzlu heyvanlar imiş. Di gəl ki, həmin heyvanların bir çoxunda dabaq xəstəliyi aşkarlanıb. Nəticədə xırda fermerlər nəinki bu müftə hədiyyədən nəsə qazanıblar, əksinə, özlərinin sağlam mal-qaraları da xəstəliyə yoluxub. Xəyalə Dadaşova da məhz bu barədə Bakıya şikayətdə bulunub. Bundan əlavə, o, Naxçıvanda kənd təsərrüfatı üçün yararlı torpaq sahələrinin təyinatının dəyişdirilərək yerli və xarici vətəndaşlara satılmasını da paytaxtın nəzərinə çatdırıb. Paytaxt da məsələni yerində araşdırmaq üçün Kənd Təsərrüfatı nazirini Naxçıvana göndərib. “Canişin” əfəndi isə paxırının ortaya çıxmaması üçün iki nazirin bir araya gəlməsinin qarşısını almağa çalışıb. Amma bu məlumat media orqanlarında yayıldıqdan sonra Bakıdan Azərbaycan Kənd Təsərrüfatı naziri Məcnun Dadaşova telefon zəngi gəlib. Ona izah edilib ki, Naxçıvanın Kənd Təsərrüfatı nazirini də dinləmək lazımdır. Məcnun müəllim də Bakıya qayıdışını 1-2 gün təxirə salıb və Xəyalə Dadaşova ilə görüşüb. Xəyalə xanımın ona Naxçıvanın aqrar sektorunda yaşanan eybəcərliklərlə əlaqədar ciddi məlumatlar verdiyi bildirilir.

“Canişin” həzrətlərinin Məcnun Məmmədova bu cür qadağalar qoya bilməsi də təsdüfi deyilmiş. İddialara görə, Məcnunla o, yaxın dost imişlər. Üstəlik, əvvəllər eyni holdinqdə bir yerdə işləyirmişlər. Lap Seyid Əzim Şirvaninin dediyi kimi:

“Məcnun ilə mən məktəbi-eşq içrə oxurduq,

Mən Müshəvi xətm etdim, o vəl-Leylidə qaldı”.

Görünür, “canişin” əfəndi də “Müshəvi”ni xətm etdiyindən Məcnuna sözünü yaxşı keçirə bilirmiş.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2024-10_3-kopiya.jpg
Mənbəmizin iddialarından bəzi sətiraraları:

“Ceyhun Cəlilovun Naxçıvan kənd təsərrüfatını çökdürmək bahasına Baş nazir olmaq sevdası onu bu cür addımlar atmağa vadar edib. Çünki Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin adamıdır və təkcə Naxçıvana yox, Azərbaycanın müxtəlif rayonlarına göndərilən dabaqlı heyvanları o ucuz qiymətə alıb aztəminatlı ailələrə sırımaq istəyirdi.

Xəyalə Dadaşovanın bununla bağlı ciddi təxirəsalınmaz tədbirlər görməsi və ölkə rəhbərliyini məlumatlandırması Fuad Nəcəflini və onun “5-ci kolon”a məxsus klanının bütün planlarını pozdu. Bu ilin əvvəllərində Sahil Babayev tərəfindən Naxçıvana verilən inəklərdə ünvanına təslim edilməsinin səhərisi tələfolma halları və dabbaq xəstəliyinin əlamətlərini görən təsərrüfatçılar həyəcan siqnalı çaldılar və onların harayına ilk çatan Xəyalə xanım oldu. Aparılan təhlillər, analizlər və Muxtar Respublikanın təcrübəli baytarları inəklərin dabaq olduğunu təsdiqlədilər. Hətta Xəyalən xanımın bəzi analizləri Türkiyədə apardığı da iddia olunur. Sahil Babayev və Ceyhun Celilovun Naxçıvana qarşı qida terorizmi həyata keçirməyə nə vadar etmişdi? Hesab edirəm ki, bu təkcə maxinasiya və ya korrupsiya faktı deyil. Bu həm də Naxçıvan da daxil olmaqla bütün respublikada qida təhlükəsizliyi problemi yaratmaq və ölkəni xaosa sürükləmək kimi ciddi təxribat hadisəsi də ola bilər. Məhz bu səbəbdən məsələyə təhlükəsizlik qurumları dərhal müdaxilə etməli, təxirəsalınmaz addımlar atılmalıdır.

Naxçıvanın Kənd Təsərrüfati naziri Xəyalə Dadasovanın bu xidməti olmasaydı, nazirliyin əməkdaşlarını və baytarlarını 24 saatlıq gücləndirilmiş iş rejiminə keçirməsəydi, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi lazim olan baytarlıq dərmanlarını Muxtar Respublikaya çatdırmasaydı, vəziyyət necə ola bilərdi? Sahil Babayevden aldığı tapşırığa görə Xəyalə Dadaşovanı danlayan Ceyhun Cəlilov ona “bu işə girişmə, ölkə başçısını məlumatlandırma” deyirmiş. Sahil Babayevin tapşırığına əsasən, təcili sürətdə heyvanlara saxta sertifikat verən Qida Təhlükəsizlik Agentliyinin sədri Qoşqar Təhməzli məsələnin ciddiyətinin fərqində olduğu üçün “Naxçıvan Qida”ya tapşırıq verib ki, bu diyardan Bakıya qəti şəkildə ət gətirilə bilməz”.

Qısası, şahbuzlu fermerin mənə istehzalı təbəssümlə dediyi “sən deyəsən, bunların dabbaqda gönünə bələd deyilsən” sözlərinin əsl mahiyyəti ortaya çıxır. Əgər bu iddialar öz təsdiqini taparsa, Xəyalə Dadaşovanın tabeçiliyində olduğu nazirlə görüşməməsinin dabbaqla birbaşa əlaqəsi varmış. Həm də sözün iki mənasında. Görünür, xanım Dadaşova məndən fərqli olaraq üzvü olduğu komandasının dabbaqda gününə yaxşı bələd imiş.
Hydər Oğuz
Ovqat.com
 

Dünyapress TV

Xəbər lenti