General-mayorun yeni vəzifəyə təyinatındakı müəmma - Nə baş verir?
Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin keçmiş rəisi Rəfail Mehdiyevin yeni vəzifəyə təyinatı ilə bağlı müəmma davam edir.

Qaynarinfo xatırladır ki, cari ilin iyul ayında Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi vəzifəsindən azad edilən general-mayor Rəfail Mehdiyev bu günlərdə Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Xidmətinin tibb işləri üzrə rəis müavini vəzifəsinə təyinat edilib. Bununla bağlı fövqəladə hallar naziri Kəmaləddin Heydərov müvafiq əmr imzalayıb.

Bəs bu təyinatdakı müəmma nədən ibarətdir?

Məsələ burasındadır ki, Rəfail Mehdiyev əvvəlki vəzifəsindən azad edildikdən sonra onun fəaliyyəti ilə bağlı yoxlamaların başlaması barədə məlumatlar yayılıb. Həmin məlumatlarda iddia edilir ki, Rəfail Mehdiyevin idarə rəisi olduğu bir neçə il ərzində təcridxana və cəzaçəkmə müəssisələrindəki məhbusların tibbi təminatı ilə bağlı milyonlarla manatlıq vəsait yoxa çıxıb. Xüsusilə, məhkumların müalicəsi üçün nəzərdə tutulan dərman preparatlarının böyük bir hissəsi Bakıda müxtəlif apteklərdə satılıb.

Bundan başqa, cəzaçəkmə müəssisələrindəki tibb məntəqələrinin avadanlıqlarının yenilənməsi üçün ayrılan vəsaitlər də yalnız sənədlərdə əks olunub. Eyni zamanda, məlum olub ki, cəzaçəkmə müəssisələrinə sağlam vəziyyətdə daxil olan bəzi şəxslər sonrakı illərdə hepatit və vərəm xəstəliklərinə yoluxublar.

Bu məlumatları yayan media subyektləri kifayət qədər ciddi reputasiyaları ilə tanınır. Digər tərəfdən, həmin vaxt məlumatlar nə Ədliyyə Nazirliyi, nə də Rəfail Mehdiyev tərəfindən təkzib edilib.

Bununla belə, Qaynarinfo Rəfail Mehdiyevlə əlaqə saxlayaraq, Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin rəisi vəzifəsindən azad edilməsinin səbəbləri ilə maraqlanıb. Rəfail Mehdiyev bu barədə həvəssiz danışıb. O, əvvəlcə "Mənimlə niyə maraqlanırsınız? Bunun səbəbi nədir?" kimi suallarla əməkdaşımızın konkret soruğusuna cavab verməkdən yayınmağa çalışıb. Lakin sonradan əvvəlki işindən könüllü çıxdığını və öz istəyi ilə FHN-ə getdiyini bildirib.

Mehdiyevin bu açıqlaması səmimi görünmür. Əvvəla, Azərbaycanda vəzifə təyinatları istək və arzularla reallaşmır. İkincisi, Rəfail Mehdiyevin rəis vəzifəsindən çıxıb öz istəyilə aşağı vəzifəyə getmək istəməsi inandırıcı görünmür.

Bəzi iddialara görə, Kəmaləddin Heydrovun bu təyinatı əslində Rəfail Mehdiyevi qorumaq məqsədi daşıyır. Fövəqladə hallar nazirinin təcrübəsində belə hallar əvvəl də olub. Məsələn, hazırda həbsdə olan keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov 90-cı illərdə 26 milyonluq maxinasiyaya görə həbs edilib, qısa müddətə azadlığa buraxıldıqdan sonra mediada onu həbsdən Kəmaləddin Heydərovun çıxardığı barədə məlumatlar yayılmışdı. Səlim Müslümov azadlığa buraxıldıqdan sonra Dövlət Sosial Müdafə Fondunun sədri vəzifəsindən əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsinə qədər yüksəlmişdi. Onun "uğurlu karyerası" isə Kəmaləddin Heydərov faktoru ilə əlaqələndirilirdi. Lakin naziri Səlim Müslümovu sona qədər qoruya bilmədi. Səlim Müslümov ikinci dəfə dəmir barmaqlıqlar arasına salındı.

Rəfail Mehdiyev də oxşar taleni yaşaya bilərmi? Bunu zaman göstərərəcək...
 

Dünyapress TV

Xəbər lenti