Xəbər verdiyimiz kimi, ötən gün paytaxtın Sabunçu rayonu ərazisində 16 yaşlı yeniyetmə H.Quliyev öz həmyaşıdı Y. Mirzəyev tərəfindən kəsici alətlə qətlə yetirilib.

Bu gün hadisənin həmin rayonda yerləşən 71 nömrəli tam orta məktəbdə şagirdlər arasında baş verməsi ilə bağlı iddialar yayılıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə ötən gün 15:30 radələrində dərsdənkənar vaxtda qeydə alınıb. Qətlə yetirilən şəxs 71 nömrəli məktəbin XI sinif şagirdidir. Hadisəni törədən şəxs isə məktəbli deyil, ötən il lX sinifdən sonra təhsilini davam etdirməyib.

İlkin araşdırmalar zamanı məlum olub ki, onlar arasında sosial şəbəkədə mübahisə yaranıb. Daha sonra yeniyetmələr yer təyin edərək görüşüblər. Bu zaman Y. Mirzəyev həmyaşıdının bud nahiyəsinə bıçaqla zərbə endirib. Xəsarət ölümcül olmasa da, bıçaq zərbəsi digərinin vena damarını kəsib və o, çoxlu qan itirib. 16 yaşlı oğlan xəstəxanaya çatdırılsa da, vəfat edib.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.3-cü (Qəsdən sağlamlığa ağır zərərvurma-ölümlə nəticələndikdə) maddəsi ilə iş başlanılıb. Cinayətdə şübhəli bilinən şəxs polis tərəfindən müəyyən edilərək saxlanılıb.

Sabunçu Rayon prokurorluğu hadisə ilə bağlı məlumat yayıb. Bildirilib ki, oktyabrın 2-də yetkinlik yaşına çatmayan H.Quliyevin almış olduğu xəsarətdən müalicə aldığı xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla yetkinlik yaşına çatmayan Y.Mirzəyevin Zabrat qəsəbəsi ərazisində aralarında yaranmış mübahisə zamanı bıçaqla bud nahiyəsinə xəsarət yetirməsi nəticəsində onun xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb, Y.Mirzəyev iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.
 
 
 

Dünyapress TV

Xəbər lenti