Naxçıvan şəhəri, Nizami küçəsi, ev 44, mənzil 27-də yaşayan ikinci qrup əlil Şahbazov Akif Cümşüd oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, Naxçıvanda hərbçi kimi fəaliyyət göstərən Murad Kərimli adlı şəxs onun pulunu mənimsəyib, aidiyyəti qurumlar şikayətinə baxmır:
“Mən, Şahbazov Akif Cümşüd oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.
Özüm xəstə adamam, problemlərim çoxdur. Naxçıvanda Kərimli Murad adlı bir hərbçiyə əmi, dayı olmuşam. O isə mənim kimi xəstə adamı aldadıb, 802 manat pulumu mənimsəmişdir.
Ərizə ilə məhkəməyə müraciət etdim. O, Bərdə Məhkəməsində boynuna alıb ki, məndən borc alıb, amma borcunun 432 manat olduğunu bildirib. Əslində isə yalan deyib, məni aldadaraq 802 manat pulumu əlimdən almışdır.
İş indi icraçının öhdəliyindədir, onun da dediyinə görə, həmin şəxsi tapa bilmir.
Kərimli Murad isə mənə xəbər göndərir ki, “mən o pulu sənə verəsi deyiləm, vermirəm, nə edəcəksən, uzağı məhkəməyə verəcəksən də”.
Səhhətimlə bağlı heç bir yerdə işləmirəm. Belə adama dəstək olan dövlət qurumuna nə deyəsən, onu bilmirəm.
İcraçı bildirir ki, polis axtarışa verib, adamı tapa bilmir. Çox gülməli söhbətdir. Adam hədə-qorxu gələcək qədər ortadadır, amma icraçı deyir ki, polis axtarır.
İlk dəfə sizin saytda şikayət gedəndən sonra sizin vasitənizlə icraçı Sadiqlə danışdım. O, mənə təklif etdi ki, barışın, bu məsələ həll olunsun. Sual verdim ki, bəs pulum dedi ödəniləcək. İcraçı o qədər səmimi danışdı ki, onun sözlərinə inanmışdım. Mənə dedi ki, biz kişiyik, barışıq ərizəsi yaz, göndər məsələni həll edək.
Öz başıma qərar vermədim. Zəng vurub Hurriyyet.az saytının baş redaktoru Vüqar Tofiqoğlu ilə məsləhətləşdim. O da dedi ki, əgər icraçı “biz kişiyik” deyirsə, barışıq ərizəsini yaz göndər, qoy pulu alıb sənə versin. Onun dediyi kimi etdim. Elə həmin gündən də icraçı zəngləri qəbul etmədi. Yəni mənim kimi yataq xəstəsini bu dəfə dövlət məmuru aldatdı.
Yenidən məhkəməyə müraciət etdim. Bu dəfə iş Məhəmmədəli adlı icraçıya tapşırıldı. Məhəmmədəli ilə də dəfələrlə danışmışam, mənə deyir ki, səbr et, gözlə. Nə qədər səbr edim, əslində, 400 manat böyük pul deyil, amma mənim o pula yaşamaq üçün ehtiyacım var. Təəssüf ki, bunu başa düşən yoxdur. Məhəmmədəli əvvəl 10 gün gözlə dedi, indi də deyir ki, 20 gün gözlə. İllərdir gözləyirəm, amma məhkəmənin qərarı icra olunmur.
Mən sizin sayt vasitəsilə səlahiyyətli qurumlara, Prezident Administrasiyasındakı vəzifəli şəxslərə müraciət edirəm. Hörmətli cənablar, şikayətimizə baxılmağı üçün hara müraciət edək? İcraçıları işlərinə yönləndirməyə Ədliyyə Nazirliyinin belə, gücü çatmır. Bəs, bu icraçılar işlərini icra etmirlərsə, nəyə lazımdırlar?!"
Məsələ ilə bağlı Məhəmmədəli adlı icraçı ilə əlaqə saxladıq. "Mənlik heç nə yoxdur, iş mənə təzə verilib. Şikayətçiyə də bildirmişəm ki, 20 gün gözlə, qanun çərçivəsində iş həll olunacaq”, - deyə bildirdi.