Ölkəmizdəki növbədənkənar parlament seçkisi beynəlxalq mətbuatın diqqət mərkəzində olub
Sentyabrın 1-də Azərbaycanın bütün suveren ərazisində keçirilən növbədənkənar parlament seçkisi beynəlxalq mətbuatın diqqət mərkəzində saxlanılıb.

AZƏRTAC xəbər verir ki, Türkiyənin Anadolu Agentliyi, TRT media qurumu, "Milliyet", "Cumhuriyyet", "Son dakika", "Haberler.com", "Ensonhaber", "Son dakika", "Haber Global" kimi bir çox media qurumu ölkəmizdəki parlament seçkiləri ilə bağlı yazılı və video xəbərlər hazırlayıb.

"Azərbaycan Prezidenti və xanımı Milli Məclis seçkisində səs verdilər", "Azərbaycan Prezidenti Əliyev Milli Məclis seçkilərində səs verdi", "Azərbaycan seçki prosesində: Qarabağda seçki keçirilir", "YSK sədri Ahmet Yener: Azərbaycanda seçki nizamlı və şəffaf şəraitdə keçirilib", "Azərbaycan xalqı seçim edir: 30 il sonra bir ilk", "30 il aradan sonra Azərbaycan bütün torpaqlarında seçki keçirir", "Qardaş ölkə Azərbaycan seçki prosesində" kimi bir çox sərlövhələrlə yayımlanan xəbərlərdə builki seçkinin ölkəmizin bütün ərazilərində keçirilməsinə vurğu edilib.

Məqalələrdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyevanın Bakıda səs verdikləri bildirilir.

Xəbərlərdə vurğulanıb ki, Azərbaycanın erməni işğalından azad etdiyi bölgələrində də seçki qutuları yaradılıb ki, bununla da 30 ildən sonra ilk dəfə olaraq Azərbaycanın bütün ərazilərində parlament seçkisi keçirilib.

Qeyd edilib ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu, ATƏT Parlament Assambleyası, Müstəqil Dövlətlər Birliyi, Türk Dövlətləri Təşkilatı, Türkdilli Dövlətlərin Parlament Assambleyası kimi beynəlxalq qurumlardan çox sayda müşahidəçinin iştirak etdiyi seçki üçün ölkədə 125 seçki dairəsi üzrə 990 namizəd mübarizə aparıb. Azərbaycan parlament üzvlərini müəyyən etmək üçün yeddinci dəfə seçki keçirir.

Xəbərlərdə, həmçinin Türkiyə Ali Seçki Qurumunun (YSK) sədri Ahmet Yenerin qardaş ölkə mediasına verdiyi müsahibəsi yer alıb. Bildirilib ki, YSK sədri müsahibəsində sentyabrın 1-nin Azərbaycan demokratiyası və tarixi üçün mühüm bir gün olduğunu vurğulayaraq deyib: "Qırx dörd gün davam edən İkinci Qarabağ müharibəsində qazanılan Zəfərdən sonra ölkədə ilk dəfə parlament seçkini bütün torpaqlarda keçirilir. Seçkinin Azərbaycan xalqı və Türk dünyası üçün xeyirli olmasını arzulayıram. Seçkinin nizamlı və şəffaf şəraitdə keçdiyini, azərbaycanlı qardaşlarımızın seçkiyə böyük əhəmiyyət verdiyini görürük. Bunu görmək bizim üçün sevindiricidir. Seçici fəallığı çox yüksəkdir".

Azərbaycan Milli Məclisinə keçirilən seçki, o cümlədən Rusiya mediasının da diqqət mərkəzində olub. Belə ki, Rusiya mətbuatında budəfəki parlament seçkisinin Azərbaycan tarixində xüsusi yer tutduğu, ölkənin müstəqillik tarixində ilk dəfə bütün suveren ərazisində keçirildiyi və xalqın birliyini ifadə etdiyi açıqlanır.

Rusiyalı müşahidəçilərdən biri, Rusiya Federasiya Şurasının Elm, Təhsil və Mədəniyyət Komitəsi sədrinin birinci müavini İlyas Umaxanov "Vestnik Kavkaza" agentliyinə müsahibəsində bu seçkinin Azərbaycan üçün əhəmiyyətindən danışaraq səsvermənin ölkəmizin bütün suveren ərazisində keçirildiyini qeyd edib. O, azərbaycanlıların öz doğma torpaqlarına qayıtdıqlarını vurğulayaraq deyib: "Bu baxımdan biz bu gün ümummilli lider Heydər Əliyevin oğlu, Prezident İlham Əliyevə vəsiyyətinin yerinə yetirildiyinin şahidiyik". O, Rusiyanın Azərbaycanın siyasətini tam dəstəklədiyini, Rusiya Prezidenti Vladimir Putinin Bakıya səfərinin iki ölkə arasında mehriban qonşuluq münasibətlərinin möhkəmlənməsinə töhfə verdiyini vurğulayıb.

Agentliyin digər həmsöhbəti, MDB PA-nın Baş katibi Dmitri Kobitski parlament seçkisinin monitorinqinin ilkin nəticələri ilə bağlı fikirlərini bölüşərək qeyd edib ki, müşahidəçilərdən heç biri səsvermənin təşkilinə dair hər hansı nöqsan qeydə almayıb. Onun sözlərinə görə, seçki məntəqələri və məntəqə seçki komissiyaları yaxşı hazırlanıb, yerli müşahidəçilərdən də heç bir şikayət daxil olmayıb.

"News.ru" nəşri Rusiya-Belarus Parlament İttifaqının nümayəndə heyətinin üzvü Nataliya Kosixinanın rəyini oxuculara təqdim edib. O bildirib ki, seçki demokratik normalara və prosedurlara uyğun keçirilib. Səsvermənin gedişinə təsir göstərə biləcək qanun pozuntusu qeydə alınmayıb. "Seçki ədalətli, açıq və əlçatan keçib", - deyə Nataliya Kosixina bildirib.

Şuşadakı seçki məntəqəsində müşahidəçi qismində iştirak edən Britaniya Lordlar Palatasının üzvü Qurban Hosseyn də nəşrə müsahibəsində parlament seçkisinin nöqsansız keçdiyini deyib.

"Mir" Dövlətlərarası Teleşirkətinin reportajında qeyd olunub ki, səsvermə prosesini 600-ə yaxın beynəlxalq müşahidəçi izləyib. MDB Parlamentlərarası Assambleyası beynəlxalq müşahidəçilər qrupunun koordinatoru Andrey Yatskin seçki məntəqələrində əyani materialların olduğunu, məntəqə seçki komissiyasına öz müşahidəçilərini ayırmış siyasi təşkilatların da səsvermənin gedişini izlədiyini müsbət hal kimi qiymətləndirib.

"Belarus seqodnya" nəşri MDB müşahidəçilər missiyasının rəhbəri Leonid Anfimovun rəyini öyrənib. L.Anfimov seçicilərin səsverməyə məsuliyyətlə yanaşdıqlarını, səs verəcəkləri namizədi yaxşı tanıdıqlarını diqqətə çatdıraraq bunun seçki prosesinin düzgün aparılmasının nəticəsi olduğunu deyib.

TASS agentliyi də parlament seçkisinin gedişini ətraflı işıqlandırıb. MDB müşahidəçilər missiyasının üzvlərinin rəylərinin yer aldığı materialda bildirilir ki, səsvermə məntəqələri texniki cəhətdən mükəmməl təchiz olunub, Azərbaycan Mərkəzi Seçki Komissiyası, digər dövlət qurumları müşahidəçilər missiyası ilə əməkdaşlıq ediblər.

"Rossiyskaya qazeta" nəşri xatırladır ki, bu, Azərbaycanın ərazi bütövlüyünü bərpa etdikdən sonra keçirilən ikinci seçkidir. Azərbaycanda Prezident seçkisinin fevral ayında reallaşdığı qeyd olunan materialda deputat mandatı uğurunda 990 namizədin mübarizə apardığı diqqətə çatdırılır.

"İnterfaks" agentliyi ekzitpolun nəticələrini yayımlayıb. Agentlik ilkin hesablamalara əsasən 7-ci çağırış Milli Məclisə seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının namizədlərinin çoxluq təşkil etdiyini bildirib.
1725248482_2.jpg
1725248482_3.jpg
1725248483_4.jpg

 

Dünyapress TV

Xəbər lenti