Daş karxanalarının çaylara vurduğu zərərlə bağlı vaxtaşırı olaraq mediada yazılır... Xüsusi ilə də yay mövsümündə bu problem qabarır. Daş karxanalarının qaydalara əməl etməməsi səbəbindən bəzi çaylarda yataqlar 30 metrə yaxın dərinliyə düşür. Nəticədə çaylarda quruma başlayır. Ki, bu da əkin və bağ sahələrinin su təminatında ciddi problemlər yaradır. Sahibkarların şəxsi qazanc naminə vurduğu zərərlər təkcə kənd təsərrüfatı və ekologiya ilə bitmir. Bəzən strateji əhəmiyyətli dövlət obyektləri də kimlərinsə şəxsi maraqlarının qurbanına çevrilir...
Baxmayaraq ki, bu istiqamətdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi də mütəmadi olaraq monitorinqlər aparır. Bəzən xəbərdarlıqlar, bəzən də müvafiq cərimələr tətbiq edilir, amma nə karədirsə problem hələ də aktuallığını qoruyub, saxlayır(?)
AAY DA... Qusarçay yoxa çıxır
Kimlərinsə “Qurbanlıq keçisi” olan çaylar sırasında Qusarçay da yer alır... Xatırladaq ki, bu çay Qusar, Quba və Xaçmaz rayonlarının ərazisindən axıb Xəzər dənizinə tökülür. Qusarçayın üzərində Qusar, Xuray, Ənik və Güzün HES-ləri tikilib. Çaydan suvarma işlərində geniş istifadə olunur. Suyun bir qismi də, Samur-Abşeron su kanalına axıdılır.
Daha doğrusu, bu xatırlatdıqlarımız artıq keçmişdə qaldı: Daş karxanalarının sayəsində nə Qusarçay var, nə də HES-lər, Xəzər dənizinə və Samur-Abşeron su kanalına axma!
Özəl maraqlar naminə Qusarçayın “buxarlandırılması” ilə bağlı Yenixeber.org-a elə özəl mənbələrdən də məlumatlar daxil olub. Məlumatlara görə Qusarçayın qurumasının başlıca səbəbi Quba-Xudat yolunun sol tərəfində fəaliyyət göstərən Daş karxanasıdır… Bir az da dəqiqləşdirsək, bu Daş karxanasının qayda-qanun tanımadan Qusarçayı dədə malı kimi istismar etməsi.
(Yeri gəlmişkən, bu Daş karxanasının sayəsində illərdir ki, Quba-Xudat yolunun karxananın yerləşdiyi hissəsində nəqliyyat vasitələri məcuburən yararsız torpaq yoldan dövrə etməli olurlar.)
Məlumatlarla bağlı müəyyən araşdırmalar apara bilmişik…Daş Karxanasının “ucsuz-bucaqsız” ərazisində apardığımız müşahidələrdən belə məlum olur ki, burada “Dərə xəlvət tülkü bəy”dir ki, var: nə Qusarçay, nə ekologiya, nə də toz-duman içində çarpışan işçilərə insani münasibət yada düşür.
Çay daşlarının üç növə emal ounduğu bu müəssisədə sənədsiz-sübutsuz şıdırığı alver gedir. Qiymətlər də, “pis deyil”.
Qusarçayı “buxarlandıran” kimdir?
Bəs kimdir, Qusarçay kimi məlum faydası ilə seçilən çayı hansısa maraqları naminə qurudan “əjdaha”? İlk yada düşən suallardan bir də budur… Biz də Yenixeber.org olaraq bu suala cavab tapmağa çalışdıq…
Yerli sakinlərdən və söhbətləşdiyimiz “qaragünlü” işçilərdən aldığımız məlumata görə, bu Daş karxanasının sahibi bölgədə nüfuzu ilə seçilən Gülağa Əliyevdir. Həm də, öyrəndik ki, hörmətli Gülağa Əliyev yaxınlıqda-Qaraçay deyilən ərazidə “oturur”. Məlum problemlə bağlı cənab Əliyevi də dinləmək istədik… Bizimlə telefon danışığı yumşaq desək anlaşılmaz oldu: adam özünü gah hansısa yol idarəsinin mühəndisi, gah da ümumiyyətlə dəxilsiz biri kimi təqdim etdi(?)… “Hə, mənim olanda nə olar ki? Mən Quba Yol İdarəsinin mühəndisiyəm, bu karxananın mənə dəxili yoxdur. Bu Daş karxanası Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) tabeliyindədir…” Və s.
Onu da öyrəndik ki, Gülağa Əliyev "5 saylı Quba Yol İstismarı" Məhdud Məsuliyyətli Cəmiyyətdə mühəndis vəzifəsindədir.
AAYDA-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli ilə əlaqə saxladıq. Anar müəllim isə belə bir müəssisədən xəbərsiz olduğunu(?) və araşdırıb, məlumat verəcəyini dedi… Amma dediyi elə dedik olaraq da, qaldı. Nəinki geridönüş edib də, məlumat vermədi, sonrakı telefon zənglərimiz də cavabsız qaldı…
Əldə etdiyimiz məlumata görə sözügedən Daş karxanası AAYDA-nin “şef”i Saleh Məmmədövun “özününküləşdirdiyi” dövlət əmlaklarından biridir… Və de-fakto şəxsi müəssisəsi kimi fəaliyyətdədir.
Qarşıdakı günlərdə aidiyyatı dövlət təşkilatlarına sorğular ünvanlamaqla mövzunu davam etdirəcəyik.
Yenixeber.org