Bir ay ərzində neçənci kütləvi zəhərlənmə xəbəridir ki, alırıq. Əgər bu qədər kütləvi zəhərlənmə halı baş verirsə, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi rəhbərliyi istefa verməlidir. Bu cür hallar qarşısında özünə hörmət edən insan, rəhbər postundən əl çəkməli, xalqdan üzr istəməlidir. Bildirməlidir ki, bu iş mənlik deyil.Bu sözləri Tribunainfo.az-a Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov baş verən kütləvi zəhərlənmə hallarıyla bağlı danışarkən deyib. O bildirib ki, AQTA-nın ən ciddi problemi cəmiyyətlə işləyə bilməməsidir:
“AQTA-nın işi heç bir ekspertiza aparmadan ancaq icazə kağızı verməkdir.Bu yalançı kağızlara, yalançı ekspertiza kağızlarına son qoyulmalıdır. Bu cür kütləvi zəhərlənmələrin səbəbi AQTA-nın verdiyi bu yalançı kağızlardır.
Bu hələ bizim bildiyimiz, mətbuatın üzə çıxara bildiyi zəhərlənmə sayıdır. Bilmədiyimiz, gizlədilən, qeydə alınmayan yüzlərlə qida zəhərlənmələri baş verir. Bütün cəmiyyət təşəkkür etməlidir media işçilərinə ki, məhz onlar üzə çıxarır bu cür halları. AQTA media ilə birgə işləməlidir. medianın üzə çıxardığı faktları diqqətdə saxlamalı, araşdırmalıdır.
Milyon dollarlıq laboratoriyalar, akreditasiyalar AQTA rəhbərliyinin ağlını başından alıb. Onlar elə bilir ki, milyon dollarlıq laboratoriyanı qurub ora qoymaqla nə isə həll etmək olar”.
E.Hüseynov bildirib ki, bu gün şadlıq saraylarında, yas mərasimi keçirilən hər yerdə AQTA nümayəndəsi olmalıdır:
“Ofisdə oturmaqla qidanın təhlükəsizliyinə nəzarət etmək olmur. AQTA-nın əməkdaşları başqa məqsədlərlə yoxlama keçirir. Araşdırma aparmır. Bunun monitor mərkəzi olmalıdır. Qida ilə bağlı olan hər yer həm yerində, həm də monitorlarla yoxlanılmalıdır. AQTA bu illər ərzində heç nə etmədi. Rəhbərlik dəyişmədikcə, sadaladığımız işlər görülmədikcə, mediayla birgə iş aparılmadıqca vəziyyət daha da pis olacaq”