Plastik cərrahiyyə ilə məşğul olan həkimlər ixtisas üzrə sertifikasiya prosesini keçməlidir. Əhalinin sağlamlığının qorunması haqqinda qanunun 48-ci maddəsinə uyğun olaraq, müvafiq ixtisas üzrə sertifikata malik həkim-mütəxəssislər bu sahədə praktiki tibb fəaliyyəti göstərə bilər. Amma bundan öncə həkimlər Səhiyyə Nazirliyinin özünün təşkil etdiyi kurslarda iştirak edir. Kursları başa vurandan sonra nazirliyin Kadr Komissiyası qiymətləndirmə aparır və təlim iştirakçılarının sertifikasiyaya buraxılıb-buraxılmaması barədə rəy verir. Bizimyol.info xəbər verir ki, ötən il təlimlərin iştirakçısı olan həkimlərdən bir neçəsi haqqında komissiya müsbət rəy versə də, onlar indiyədək sertifikasiyaya buraxılmamalarından şikayətçidir.
Sözügedən həkimlərdən Bariz Zeynalov, Rəvan Əliyev, Vüsal Abdullayev bildirir ki, onlar Səhiyyə Nazirliyinin təşkil etdiyi kurslarda iştirak ediblər, 2023-cü ilin dekabrında müvafiq komissiya onların haqqında müsbət rəy verib. 30-a yaxın digər kurs iştirakçıları plastik cərrahiyyə ilə bağlı sertifikasiyaya buraxılsa da, üç nəfər həkim buraxılmır.
Həkimlər bildirir ki, onların sertifikasiyaya buraxılmamasıyla əlaqədar heç bir səbəb göstərilmir.
Həkimlərin hüquqlarını müdafiə edən vəkil Samir Xudaquliyev baş verənləri aydınlaşdırmaq məqsədilə Səhiyyə Nazirliyinə sorğu göndərsə də, uzun müddət ona heç bir cavab verilməyib. Üstündən xeyli vaxt keçəndən sonra vəkili Səhiyyə Nazirliyinin Aparat rəhbəri Tural Babayev qəbul edib: “Tural Babayev Səhiyyə Nazirliyinin Kadr Komissiyasının qərarını qəbul etmədiyini və bu həkimləri sertifikasiya imtahanına buraxmayacağını bildirib. Vəkil baxmayaraq ki, uzun müddət gözlədiləndən sonra Aparat rəhbərinin qəbulunda olub, amma verdiyi sorğulara cavab ala bilməyib. Aparat rəhbəri özünün şəxsi, subyektiv fikirlərini söyləyib. Qanunun norması var və vəkil də bunu onun nəzərinə çatdırıb. Amma Aparat rəhbəri israr edib ki, həmin maddə köhnədir, bu 3 həkimə aid deyil”.
Həkimlər bildirir ki, faktiki ayrı-seçkiliyə məruz qalırlar, hüquqları pozulur. Üstəlik, bu pozuntu fəaliyyətlə məşğul ola bilməmələrinə, nəticədə həm maddi, həm də mənəvi zərər almalarına gətirib çıxarır.
Adları çəkilən həkimlərin şikayətlərilə bağlı bir sıra məsələlərə aydınlıq gətirmək üçün Səhiyyə Nazirliyinə müraciət etdik. Nazirliyin mətbuat xidmətilə öncə telefon vasitəsilə əlaqə saxladıq. Bildirildi ki, sorğu rəsmi qaydada elektron poçt vasitəsilə göndərilərsə, cavablandırılacaq.
Elektron poçt vasitəsilə də nazirliyə sorğunu göndərdik. Üstündən bir həftə keçməsinə baxmayaraq, Səhiyyə Nazirliyi sorğunu cavablandırmadı.
Beləliklə, komissiyanın müsbət rəy verdiyi üç həkimin hansı səbəbdən sertifikasiyaya buraxılmadığı, yaxud da onlarla birlikdə təlim keçmiş digərlərinin hansı əsasla buraxıldığı aydınlaşmamış qaldı.