İkisi birə dəyməz, biri də heçə...
“Tezadlar.az” saytının 31 may 2023-cü il tarixli buraxılışında (eləcə də qəzetdə dərc olunub) “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi özünü necə sığortalayır?” başlıqlı yazı dərc olunmuşdur. Yazıda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin adı olub özü olmayan fövqəladə sığorta şirkətindən və insanların məcburi olaraq bu sığorta şirkətində sığorta olunmasını tələb etməsindən və digər qanunsuz əməllərindən bəhs edilirdi.

Növbəti həftədə isə, yəni “tezadlar.az” saytının 06 iyun 2023-cü il tarixli burxılışında yayımlanmış “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Fəaliyyətində Korrupsiya və Qanun Pozuntuları” adlı yazıda isə bu qurum haqqında olan mövcud qanunun ölkənin digər qanunları ilə ziddiyyət təşkil etməsi konkret faktlarla ortaya qoyulmuşdu. Məsələn, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi haqqında qanun “Anti-inhisar fəaliyyəti haqqında”, “Dövlət Satınalmaları Haqqında”, “Haqsız rəqabət haqqında” qanunlarla tam ziddiyyət təşkil edir ki, bu da qurumun fəaliyyətində əlaqəli problemlər yaradır. Həmin yazının sonunda qeyd etmişdik ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və TƏBİB-in şəkər xəstələrinin başına açdığı oyunlardan növbəti yazılarımızda bəhs edəcəyik.

İndi vədimizə əməl edərək həm İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, həm də TƏBİB-in şəkər xəstələrinin başına nə müsibətlər gətirdiyini sizlərə təqdim edəcəyik. Yazıda ona görə bir qədər fasilə yarandı ki, bildiyimiz faktlar barədə bir çox dövlət qrumlarının rəhbərlərinə yazılı müraciət etmişdik və onların cavablarını gözləyirdik. Artıq cavabların bir nüsxəsi TƏBİB-ə, bir nüsxəsi də mənə (şikayətçi şəkər xəstəsinə) göndərilib.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və TƏBİB-in şəkər xəstələrinə yaşatdığı acıların sərhədi yoxdur...

İndi isə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və TƏBİB-in şəkər xəstələrinə yaşatdığı acıları və onların tədricən ölümünə hesablanmış qanunsuz əməlləri barədə faktlarla tanış olun. Əvvəlcədən onu deyim ki, şəkər xəstələrinə bütün dərmanlar, insulinlər, test çubuqları Səhiyyə Nazirliyi tərəfindən verilirdi. Həmin vaxtda dərmanların verilməsində müəyyən qədər problem olmasına baxmayaraq, bir o qədər narazılıq yox idi. Elə ki, şəkər dərmanlarının bölüşdürülməsi və paylanması İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə TƏBİB cütlüyünə həvalə edildi, bununla da şəkər xəstələrinin faciəli günləri başladı. Əvvəlcə şəkər xəstələrinə dərmanların verilməsi haqqında qanunu bir daha yada salaq və sonra sözümüzə davam edərik.

Beləliklə, “Şəkərli diabet xəstəliyinə tutulmuş xəstələrə dövlət qayğısı haqqında” Azəbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 12 fevral tarixli, 32 nömrəli Fərmanının 1.5-ci bəndinin icrasını tətbiq etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2005-ci il tarixli 87 nömrəli qərarı mövcuddur. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-də guya şəkər dərmanlarının paylanmasında Nazirlər Kabinetinin məhz bu qərarını əldə rəhbər tuturlar.

TƏBİB bu qərarı əldə elə möhkəm tutub ki, nəticədə, şəkər dərmanları xəstələrə gedib çatmır. Bu barədə həm redaksiyamıza çoxsaylı şikayətlər daxil olur, həm də bu yazının müəllifi olaraq mən özüm və həyat yoldaşım şəkər xəstəsi olduğumuz üçün bu problemləri özümüz yaşayırıq.

Məlumat üçün qeyd edim ki, mən özüm 1992-93-cü illərdə könüllü olaraq Qarabağ savaşında iştirak etmişəm, Qarabağ müharibəsi veteranıyam...

Vüqar Qurbanovun qanunsuz əməllərinin qarşısını kim almalıdır?

...Hazırda Qaradağ rayonunda şəkər xəstəsi kimi qeydiyyatdayam, amma nəzərdə tutulan dərmanları, o cümlədən qanda şəkərin ölçülməsi üçün test çubuqlarını, sonuncu ayı nəzərə almasaq, bir ildən çoxdur ala bilmirəm. Tək mən yox, o cümlədən həyat yoldaşım Məmmədova Mehriban Məcid qızı da lazım olan insulini bəzən kəsirlə alır. Bundan əlavə, çoxsaylı bizim kimi belə problemlərlə üzləşən şəkər xəstələri var ki, bizdən kömək istəyiblər, onların haqqında da sonda məlumat verəcəyəm.

Mən jurnalist olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və TƏBİB-in mətbuat xidməti ilə mütəmadi əlaqə saxlayaraq haqqımı tələb etmişəm. Həmişə də müraciətimə həssaslıqla yanaşıblar, amma nəticə olmayıb. Çünki TƏBİB-in rəhbəri Vüqar Qurbanovu ilahi bir varlıq kimi vətəndaşlardan gizlədirlər. Nə telefon əlaqəsi yaradılmasına, nə də qəbuluna düşməyə heç cürə imkan yaratmırlar. İstəyirdim ki, üzbəüz Vüqar müllimdən bu problemin səbəbini öyrənim ki, niyə biz şəkər xəstələrini tədrici ölümə məhkum edirlər? Axı dövlət bu xəstələrə qayğı göstərir, dərman preparatlarının pulunu ödəyir. Daha nə lazımdır???

TƏBİB səlahiyyətlilərinin ən böyük qanunsuzluğu bilirsiniz nədir? Sizcə, şəkər xəstələrinə həkimin təyin etdiyi insulin və dərmanları başqaları ilə, daha ucuz və keyfiyyətsizi ilə əvəz etmək cinayətdir, ya yox? Bu, birbaşa korrupsiya faktı deyilmi? Sizə kim icazə verir ki, həkimin həmin xəstənin oqanizminə uyğun olaraq təyin etdiyi insulin və dərmanları başqaları ilə əvəz edəsiniz?

Nəticədə bu insulin və dərmanlar kimisinə heç təsir etmir, kimisində isə şəkər, mənim həyat yoldaşımda olduğu kimi, 400-ü vurub keçir. Bu, artıq komaya düşmək səviyyəsindədir. Çünki həkimin təyin etdiyi insulinin TƏBİB tərəfindən özbaşına dəyişdirilməsi belə fəsadlara gətirib çıxarır ki, bu da birbaşa cinayətdir. Həkimin razılığı olmadan sən necə özbaşına insulin və dərmanları başqaları ilə əvəz edə bilərsən? Bu cinayətə və korrupsiyaya, ancaq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmiləri, həmçim TƏBİB-in cavabdeh şəxsləri və onun rəhbəri Vüqar Qurbanov imza ata bilər.

Şəkər xəstələrinə çoxsaylı güzəştlər nəzərdə tutan Prezident Sərəncamı TƏBİB tərəfindən niyə icra olunmur?

Mən hər dəfə TƏBİB-in mətbuat xidmətinin rəhbəri Zamirə Ədilovaya zəng edib soruşanda ki, bu dərmanların bölüşdürülməsinə cavabdeh kimdir? Ümumiyyətlə, həm İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, həm də TƏBİB-in mətbuat xidmətlərindən şəkər dərmanlarının bölüşdürülməsinə cavabdeh şəxsin kim olduğunu bir il ərzində öyrənə bilmədim.

Nazirlər Kabineti dərman bölüşdürməklə məşğuldur???

Nəhayət, Zamirə xanım bildirdi ki, dərmanların bölüşdürülməsinə cavabdeh Nazirlər Kabinetidir. Nazirlər Kabinetinin bura nə dəxli var? Məgər bu qrum şəkər xəstələrinə dərman bölüşdürməklə məşğuldur? Cavab verildi ki, «...şəkər dərmanlarının bölüşdürülməsində biz Nazirlər Kabinetinin 13 may 2005-ci il tarixli qərarına əsaslanırıq”.

Xahiş etdim ki, tanış olmaq üçün o qərarı mənə də göndərsinlər. Göndərdilər. Bununla da özləri-özlərini zərbə altına qoydular. Qərarı diqqətlə oxuyuram və görürəm ki, Prezidentimiz şəkər xəstələrinə çox yüksək səviyyədə qayğı və diqqət göstərilməsini nəzərdə tutub. Bu qərardan və orada verilmiş cədvədən görünür ki, şəkər xəstələrinin ildə bir, ya iki dəfə pulsuz müayinəsi, analizlərinin verilməsi qeyd edilb. Bunların heç birini şəkər xəstələri görməyib.

Prezident İlham Əliyevin şəkər xəstələri üçün imzaladığı fərmandan irəli gələn məsələləri Nazirlər Kabineti 13 may 2005-ci ildə 87 saylı qərarı ilə təsdiq etmişdir. Həmin qərarda şəkər xəstələri üçün çox gözəl şəraitin yaradıldığı görünür. Məsələn, vaxtilə Səhiyyə Nazirliyindən dərmanlar verilərkən mənə bir qutuda 25 ədəd olmaqla, qanda şəkərin ölçülməsi üçün viziual test çubuqları bir aydan bir verilirdi. Halbuki, xəstə gündə bir neçə dəfə qanda şəkəri ölçməlidir ki, yeməyini və fəaliyyətini tənzimləyə bilsin. Gündə bir dəfə ölçülsə belə, yenə 25 ədəd test çubuğu bir aya çatmır. Amma Nazirlər Kabinetinin adı çəkilən qərarında verilmiş cədvəldən görünür ki, hər bir xəstəyə qanda şəkərin ölçülməsi üçün test çubuğu ayda 50 ədəd verilməlidir. Təsəvvür edirsinizmi? Mən isə Səhiyyə Nazirliyindən o 25 ədəd test çubuğunun bir aydan bir yox, hər ay verilməsini tələb edirdim. İndi o günlərə şükür edirəm. Dərmanların verilməsi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə və TƏBİB-ə həvalə olunandan keçən bu bir il ərzində mən o test çubuğunun üzünə həsrət qalmışam. Həm İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, həm də TƏBİB-in Mətbuat xidmətləri isə mənim sualım qarşısında aciz qalıblar. Mən də bilirəm ki, bu problem onların günahından deyil. Hər iki qurumun, həm İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Mətbuat Xidmətinin rəhbəri Aynurə xanım, həm də TƏBİB-in Mətbuat Xidmətinin rəhbəri Zamirə xanım və əməkdaşları mənim qaldırdığım problemləri lazımı ünvana çatdırırlar. Amma o lazımi ünvanda oturan cavabdeh şəxslər, minlərlə şəkər xəstələrinin problemlərini həll etmək istəmirlər. Məqsəd isə, bu xəstələri düşünülmüş şəkildə dövlətdən və Ptezidentdən narazı salmaqdır.

Şəkər xəstələrinə ayrılan 53 milyon manata kimlərin gözü düşüb?

Başqa nə məqsəd ola bilər ki?! Dövlətin verdiyi pulsuz dava-dərmanı xəstələrə vermək üçün daha nə lazımdır?! Halbuki, hörmətli Prezident İlham Əliyev şəkər xəstələrinin pulsuz müayinəsi və dövlət tərəfindən lazımı insulin, dərmanlar və test çubuqları ilə təmin olunması üçün sərəncamlar imzalayıb. Bu məqsədlə isə, dövlət büdcəsindən 53 milyon manat pul ayrılıb. Prezident bundan artıq neyləməlidir? TƏBİB rəsmilərinin yerinə gedib dərman paylamalıdır, yoxsa Paşinyanla, erməni separatçıları ilə məşğul olmalıdır???

Əgər həm İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, həm də TƏBİB-in rəhbərliyi Prezidentin verdiyi göstərişləri, imzaladığı sərəncamları yerinə yetirə bilmirlərsə və ya yerinə yetirmək istəmirlərsə, bu artıq sabotajçılıqdır!

Əgər Hesablama palatası və Korrupsiyaya qarşı mübarizə Baş İdarəsi hər iki qrumda ciddi yoxlama aparsa, bu qurumların rəhbərlərinin yeri harada olacağı dərhal müəyyən ediləcək...

Şəkər xəstələrinə verilməli dərmanların cədvəli: Korrupsiya adamın gözünə girir...

Nazirlər Kabinetinin məlum qərarında verilmiş cədvəldə gördüyüm bir fakt məni dəhşətə gətirdi. Həmin cədvəldə yazılıb ki, sidikdə şəkəri təyin etmək üçün vizual test çubuqları üç aydan bir 50 ədəd olmaqla 1 qutu verilməlidir. İçi mən qarışıq, onlarla şəkər xəstəsindən soruşmuşam, sidikdə şəkəri təyin etmək üçün vizual test çubuqlarını illərin xəstələri belə hələ də görməyib. Eşidən də dəhşətə gəlir ki, bəs niyə o çubuqları indiyə qədər bizə vermirlər? Bəs o çubuqlar hara gedir? Elə biz də bu yazı vasitəsilə belə suallara aydınlıq gətirmək istəyirik. Yalnız bu suala yox. Fakt kimi yazıda Nazirlər Kabinetinin məlum qərarını və cədvəlini təqdim edəcəyəm. Orada özünüz tanış olub görəcəksiniz ki, şəkər xəstələri üçün hansı güzəştlər nəzərdə tutulub və onları görən varmı? Bu cədvəllə tanış olandan sonra şəkər dərmanları ilə bağlı Korrupsiya adamın sanki gözünə girirdi. Çünki o cədvəldə yazılanların 70 faizini xəstələr görmür. Onların bir qismini qeyd etməyi lazım bilirəm. Birinci tip şəkərli diabet xəstələri ayda bir dəfə həkimdən pulsuz konsultasiyadan, okulist, nevropatoloq və kardioloqdan keçməlidirlər. İnsulinə ehtiyacı olmayan ikinci tip şəkərli diabet xəstələri bu konsultasiyalardan iki aydan bir, insulinə ehtiyacı olan ikinci tip şəkərli diabet xəstələri isə, ayda bir dəfə keçməlidirlər.

Bundan əlavə, yənə qruplara uyğun olaraq ayda bir dəfə və üç aydan bir dəfə qanda və sidikdə şəkərin təyini həkim nəzarəti ilə həyata keçirilməlidir. Bunların heç biri şəkərli xəstələr üçün tətbiq edilmir.

Nazirlər Kabinetinin məlum cədvəlində özünənəzarət vasitələri barədə də dəqiq rəqəmlər göstərilib. Məsələn, qanda şəkəri təyin etmək üçün vizual test çubuqları xəstəliyin növünə görə, ya ayda bir, ya da iki aydan bir, 50 ədəd olmaqla, bir qutu verilməlidir. Amma bu test çubuqlarını, içi mən qarışıq, bütün şəkər xəstələri ya 2-3 aydan bir, ya 6 aydan bir, ya da ildə bir dəfə, özü də 1 qutuda 25 ədəd olmaqla alırıq. Sidikdə şəkəri təyin etmək üçün vizual test çubuqları da, cədvələ görə bir qutuda 50 ədəd olmaqla 3 ayda bir qutu verilməlidir. Bu test çubuqlarını isə şəkər xəstələri ümumiyyətlə, görmürlər və bunu eşidən hər bir xəstə təəccüblə adamın üzünə baxır ki, yəni belə bir test çubuğu da verilməlidir?

Birdəfəlik insulin şprisi və ya insulin şpris qələmləri üçün ucluq, gündə iki ədəd, hər beş gündən bir olmaqla illik 144 ədəd verilməlidir ki, bu qaydaya da ümumiyyətlə əməl olunmur.

Cədvəldə şəkərli xəstələr üçün nəzərdə tutulan digər güzəştlər də nə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, nə də TƏBİB rəhbərləri tərəfindən əməl olunmur və həyata keçirilmir.

Amma hazırda mövcud olan qanun əsas kimi götürülməli və bu qanuna da əməl olunmalıdır. Mən aylarla TƏBİB-də heç bir məsul şəxs ilə əlaqə yaradıb, mövcud problemə aydınlıq gətirə bilmədim. TƏBİB-in məsul şəxsləri özləri ətrafında vətəndaşlardan qorunmaq üçün elə bir səngər və qala yaradıblar ki, uzaq vuran artileriya mərmiləri də onların mühasirəsini yara bilməz! Gülməli də olsa, reallıq belədir.

Adi bir səhiyyə ocağında elə bir rejim yaradılıb ki, orada özləri deyib, özləri eşidirlər. Görünür, vətəndaşı eşitmək, problemini dinləmək və əlac etmək TƏBİB rəhbərlərinin funksiyasına daxil deyilmiş.

Bütün bunlar barədə istədim dövlət qurumlarına məlumat verim ki, şəkər xəstələrinə qarşı TƏBİB tərəfindən soyqırım həyata keçirilir. Buna görə də cavabdeh şəxslər cəzalandırılsın. Sən saydığını say, gör TƏBİB nə sayır? Deməli, şəkər xəstələrinin dərdinə əlac eləmək üçün bütün mövcud faktları yazıb və Nazirlər Kabinetinin TƏBİB tərəfindən ayaqaltı edilən məlum qərarının surətini də məktuba əlavə edib, Respublikanın Birinci-viste prezidenti, xəstələrin, kimsəsizlərin pənahı olan hörmətli Mehriban xanım Əliyevaya, Baş Prokuror Kamran Əliyevə, Nazirlər Kabinetinin sədri Əli Əsədova, Milli Məclisdə Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanova və TƏBİB-in İdarə heyətinin sədri Vüqar Qurbanova redaksiya adından rəsmi sorğu formasında göndərdik. Görünür, Mehriban xanıma yazdığım məktubu çatdırmayıblar. Əks təqdirdə mütləq həmin qrumdan, həmişə olduğu kimi, yenə də bir müsbət cavab gələrdi. Eyni zamanda Nazirlər Kabinetinin sədri Əli Əsədovdan da müraciətə, daha doğrusu bu qurumun özünün qəbul etdiyi və TƏBİB tərəfindən saya sayılmayan qərarına olan hörmətsizliyə qarşı münasibət bildirilmədi.

Baş Prokurora göndərdiyim məktuba isə Sənədlərlə və Müraciətlərlə İşin Təşkili İdarəsinin rəis müavini, kiçik ədliyyə müşaviri Toğrul Əhmədov tərəfindən cavab göndərilib. Amma göndərilməsə, ondan yaxşı idi. 25.04.2023-cü il 17/7567-23 nömrəli, mənə və TƏBİB-ə ünvanlanmış məktubda oxuyuruq: “Vətəndaş Elçin Məmmədovun Respublika Baş Prokurorluğuna daxil olmuş müraciəti baxılması üçün Sizə göndərilir. Nəticəsi barədə müraciət müəllifinə məlumat verilməsi xahiş olunur”.

İndi burada maraqlı bilirsiniz nədir? Axı kim bilməsə də, Baş Prokurorluğun məsul şəxsi, kiçik ədliyyə müşaviri Toğrul Əhmədov qanunları yaxşı bilməlidir. Amma bu məktubu TƏBİB-ə göndərməklə tam əksini görürük. Ona görə ki, “Müraciətlərə baxılması haqqında” AR Qanununun 7.13-cü maddəsinin tələblərinə uyğun olaraq, barələrində şikayət olunan, şübhə doğuran, ittiham irəli sürülən müraciət İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə və TƏBİB-ə göndərilə bilməz.

Amma göründüyü kimi TƏBİB-in yarıtmaz fəaliyyəti nəticəsində şəkər xəstələrinə yaradılan ciddi problemə, hətta mən deyərdim, yol verilən cinayətə, görə göstərdiyim faktlar barədə yuxarı qrum olan Baş prokurorluq özü tədbir görmək əvəzinə, şikayəti tədbir görülməsi üçün yenidən həmin qruma göndərir.

***

Maraqlıdır, təkcə Baş Prokurorluq yox, eyni zamanda Nazirlər Kabinetinin rəsmiləri də bu qanunsuzluğa çox rahat şəkildə imza atırlar. Təsəvvür edin, Nazirlər Kabinetinin şəkər xəstələri haqqında qəbul etdiyi və çoxsaylı güzəştlərin nəzərdə tutulduğu 13 may 2005-ci ildə qəbul etdiyi 87 nömrəli qərarı TƏBİB rəhbərliyi adi kağız parçası hesab edərək, şəkər xəstələrinə qarşı cinayət əməlinə yol verir. Amma çox mötəbər bir qrum olan Nazirlər Kabineti bu cinayətlərin qeyd olunduğu və ona ünvanlanan şikayət məktubunu yenidən TƏBİB-in üstünə göndərir. Əvvəla, yuxarıda qeyd etdik ki, “Müraciətlərə baxılması haqqında” AR Qanununun 7.13-cü maddəsinə görə, şikayət olunana şikayət məktubunun həlli həvalə oluna bilməz. Çünki maraqlı tərəfdir. Yəni, doğrudanmı Nazirlər Kabinetinin rəsmiləri adı çəkilən qanundan xəbərsizdir? Yaxşı, tutaq ki, bu qurumun baş bilənləri həmin qanundan xəbərsizdir, onda bəs yuxarıda adı çəkilən və özlərinin qəbul etdiyi 87 saylı qərarın niyə hömətsiz edilməsinə göz yumurlar?

Niyə Nazirlər Kabinetinin rəhbəri baş nazir Əli Əsədova TƏBİB-in şəkər xəstələrinin başına açdıqları oyun və adıçəkilən 87 saylı qərarın yerinə yetirilməməsi barədə yazdığımız şikayət məktubunun həll olunması üçün Səhiyyə Nazirliyinə göndərilib? Səhiyyə Nazirliyinin 18.05.2023-cü il tarixli və nazirliyin Tibbi xidmət şöbəsinin müdiri F.Hüseynbəyov tərəfindən imzalanmış və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə, həmçinin mənə ünvanlanmış məktubda oxuyuruq: “Vətəndaş E.Məmmədovun Azərbaycan Respublikasının Nazirlər Kabinetindən Səhiyyə Nazirliyinə daxil olmuş ərizəsi aidiyyəti üzrə baxılması üçün Sizə göndərilir”.

Bax buna deyərlər ötür-ötür oyunu... Belə çıxır ki, Nazirlər Kabineti də, Səhiyyə Nazirliyi də “Müraciətlərə baxılması haqqında” AR Qanununun 7.13-cü maddəsinin tələblərindən xəbərsizdirlər. Özləri tədbir görmək əvəzinə, mənim şikayət ərizəmi yenidən TƏBİB-in üstünə göndərirlər. TƏBİB rəhbərliyi bu poblemi həll edən idisə, mənim onlarla 5-6 aylıq mübarizəm və insulin, həmcinin dərmanların verilməməsi barədə etdiyim şikayətlər öz nəticəsini verərdi.

TƏBİB-dən gələn müəmmalı cavab...

İndi də gəlin TƏBİB-in İdarə Heyətinin sədri Vüqar Qurbanovun adına yazdığım şikayət məktubuna verilən cavabı gözdən keçirək.

Maraqlıdır ki, mənim bir şikayət məktubuma hər biri 19 iyun 2023-cü il tarixli PHŞ-6/2-M-5937/2-31-11860/2023 saylı olmaqla 3 ədəd, amma ayrı-ayrı tarixlərdə, lakin eyni şəxsin imzası ilə cavab gəlib. TƏBİB-dən gələn məktubun ikisi eyni gündə yazılıb, lakin biri 24.06.2023-cü ildə, biri isə 15.07.2023-cü il tarixlərində gəlib. Üçünün də məzmunu eynidir.

TƏBİB-in Müraciətlərlə iş departamentinin rəhbəri Emin Salmanovun imzası ilə yazılmış məktubda oxuyuruq: “Hörmətli Elçin müəllim,

Sizin müraciətinizə Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) aidiyyəti üzrə baxılmışdır. Bildiririk ki, şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə göstərilən illik tibbi yardımın (o cümlədən zəruri olan müayinələrin) həcmi, inyeksiya vasitələrini, insulin və digər şəkərsalıcı dərman preparatlarının, özünə nəzarət vasitələrinin siyahısı və miqdarı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 13 may tarixli 87 nömrəli qərarı ilə tənzimlənir. Müraciətinizdə qaldırdığınız məsələlərlə bağlı nəzərinizə çatdırırıq ki, “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin insulin və digər şəkərsalıcı dərman preparatları, inyeksiya və özünə nəzarət vasitələri ilə təminatı Qaydası”na dəyişiklərin olunmasına dair mütəxəssislər tərəfindən təkliflər təqdim olunmuşdur. Eyni zamanda, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən yeni “Şəkərli diabet üzrə Dövlət Proqramı hazırlanmaqdadır. Qeyd edilənlərə əsasən müraciətinizdə qaldırdığınız problemlər yaxın gələcəkdə öz həllini tapacaqdır”.

Deməli, TƏBİB rəsmisi, yəni Müraciətlərə iş departamentinin rəhbəri cənab Emin Salmanov qaldırdığım problemlərin həqiqət olduğunu, həlli üçün isə mənim kimi şəkər xəstələrinə mücərrəd vaxta kimi gözləməyi təklif edir. Bu, o deməkdir ki, ay şəkər xəstələri, sizə dərmanların vaxtlı-vaxtında, özü də tam şəkildə yox, az miqdarda verildiyini, həmçinin Nazirlər Kabinetinin 13 may 2005-ci il 87 saylı qərarına əməl olunmadığını bilirik, amma siz hələ ölməyin, gözləyin, yeni qanun hazırlanır. Və o qanun hazırlanıb qurtaran kimi sizə dərmanlar veriləcək.

Bəs dərmansız qalıb, onu apteklərdən ala bilməyən kasıb insanlar neyləsinlər? Bir bunu fikirləşmisinizmi?

TƏBİB-də şəkər xəstələrinin əvvəl dərmanlarını kəsir, yəni ölümə məhkum edirlər, sonra da yeni qanun hazırlayırlar. Olmazmı elə yeni qanun hazırlaya-hazırlaya şəkər xəstələrinin dərmanları köhnə qanuna uyğun olaraq verilsin, yeni qanun hazırlananda isə, dərmanların verilməsi həmin qanunla tənzimlənsin!

Bu barədə mənim TƏBİB-in idarə heyətinin sədri Vüqar Qurbanova yazdığım məktuba qurumun rəsmisi Səkinə xanım zəng edərkən ona daha ətraflı danışdım. Bildirdim ki, Səkinə xanım, şəkər xəstələrinə dərmanların verilməsi TƏBİB-ə həvalə ediləndən sonra, çox ciddi problemlər yaşanır... Çünki şəkər xəstələri vaxtı-vaxtında həkimin yazdığı dərmanları və insulini qəbul etməlidir.

Daha maraqlı bir məqam ondan ibarətdir ki, birdəfəlik insulin şpris qələmləri üçün ucluq iynələri xəstəyə vermək tamamilə unudulub. Halbuki Nazirlər Kabinetinin məlum qərarında göstərilib ki, gündə iki ədəd, hər beş gündən bir olmaqla, illik 144 ədəd verilməlidir. Amma bu ucluq iynələrinin bircəciyini belə gördüm deyən şəkər xəstəsi tapa bilməzsiniz. Amma bu ucluqları apteklərdən rahatca tapmaq olur. Deməli, şəkər xəstələrinə insulin, yəni qələmlər az, ya da çox verilir. Amma bu qələmdən istifadə etmək üçün ucluq iynələr verilmir. Sual olunur, bəs xəstə bu insulin qələmdən necə istifadə etsin? Axı sən bunun ucluğunu vermirsənsə, xəstə insulindən necə istifadə edəcək? Bir bunu düşünən varmı? Təbii ki, yoxdur. Olsaydı, bəlkə yüzlərlə, bəlkə də minlərlə şəkər xəstələri o insulin qələmlərinin uclarını, qanda şəkərin ölçülməsi üçün viziual test çubuqlarını və digər verilməyən dərmanları baha qiymətə apteklərdən almazdılar.

TƏBİB-in üstünə şikayət məktubunu yox, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşlarını və DTX-nın qara maskalılarını göndərmək lazımdır ki...

Bununla da bəzi işbazların cibləri dolub-daşır. Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi isə, heç nə olmamış kimi, bu qədər cinayət və korrupsiya dolu faktı araşdırıb, tədbir görmək əvəzinə, şikayət məktubunu yenidən TƏBİB-in üstünə göndərir. TƏBİB-in üstünə şikayət məktubunu yox, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşlarını və DTX-nın qara maskalılarını göndərmək lazımdır. Bəlkə bundan sonra TƏBİB-in rəhbərliyinin yadına Prezident cənab İlham Əliyevin dəfələrlə təkrar etdiyi göstəriş düşdü: “Hər bir məmur xalqa xidmət etməlidir. Xalqın birinci xidmətçisi isə, mən özüməm”.

Görünür, TƏBİB rəhbərliyinin yadına bu kəlamları güc strukturları salmalıdır.

***

Qeyd etdiyim kimi, mövcud problemlə əlaqədar bir çox dövlət qrumlarının rəhbərlərinə yazdığım şikayət məktublarının hamısı tədbir görülməsi üçün TƏBİB-ə göndərilib. Bu da, yuxarıda qeyd etdik ki, “Müraciətlərə baxılması haqqında” AR Qanununun 7.13-cü maddəsinin tələblərinə ziddir. Bu ziddiyyətə də məhkəmə yolu ilə aydınlıq gətirmək istəyirəm. Artıq vəkillə müqavilə bağlanılıb, tezliklə şəkər xəstələrinin dərmanlarını, insulinlərini, qanda və sidikdə şəkərin ölçülməsi üçün viziual test çubuqlarını, həmçinin digər şəkərsalıcı vasitələri xəstələrə vermədiyinə, bununla da şəkər xəstələrini tədrici ölümə məhkum etdiyinə görə, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və TƏBİB-in rəhbərlərini məhkəməyə vermək niyyətindəyəm. Məhkəmədə isə TƏBİB-in mənə yazdığı rəsmi cavab məktubunda qaldırdığım problemin mövcud olduğunu etiraf etməsi çox karıma gələcək.
 //tezadlar.az//
 

Dünyapress TV

Xəbər lenti