QANUNSUZ MƏHKƏMƏ AKTININ TÖRƏTDİYİ FƏSADLAR... –
SABUNÇU RAYON İCRA ŞÖBƏSİNİN RƏİSİ FÜZULİ HÜSEYNOVUN VƏ İCRA MƏMURU DAŞQIN HƏSƏNƏLİYEVİN QANUNSUZ VƏ QƏRƏZLİ HƏRƏKTLƏRİ HAQQINDA

Əvvəlcə, ona nəzər yetirək ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası nümayəndəsi olduğum vətəndaş Qarayev Kamil Fəxrəddin oğlunun cavabdeh qismində iştirak etdiyi 2(103)-5635/2022 nömrəli mülki iş üzrə 24 oktyabr 2022-cü il tarixli ədalətsiz, qanunsuz və əsassız qətnamə qəbul edib. Həmin qətnamə tərəflər(ər-arvad) arasında ümumi mülkiyyətə daxil olmayan əmlakın bölünməsini müəyyən edirdi. Baxmayaraq ki, iş üzrə iddiaçı Qarayeva Afət Qabil qızı məhkəmə baxışı iclasında verdiyi izahatda etiraf edərək qeyd etmişdi: ...birgə nikah dövründə cavabdehin atasının evi satıldı, onlara düşən pay kimi 20.000 ABŞ dolları verildi, onlar da həmin məbləğin üstünü düzəldib, 35.000 ABŞ dollarına bu evi almışlar...(Bakı Apellyasiya Məhkəməsinin 24.10.2022-ci il tarixli, 2(103)-5635/2022№-li qətnaməsi: Tərəflərin izahatları 12-ci abzas).

Həmin qətnamədən kassasiya şikayəti verilsə də, Ali Məhkəmənin Mülki Kollegiyası həmin şikayəti təmin etməmişdir.

Həmin qərardan hazırda əlavə kassasiya şikayəti verilmişdir. Qətnamə qanuni qüvvəyə mindiyindən icra olunması üçün Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinə icra vərəqəsi verilmiş, iş üzrə icraat həmin icra şöbəsinin məmuru Daşqın Səfərəliyevə həvalə edilmişdir.

Daşqın Həsənəliyev tərəfindən isə 12 iyul 2023-cü il tarixli borclu Qarayev Kamil barəsində “məcburi gətirilmə” haqqında qərar qəbul edilmişdir. Həmin qərarın sürəti isə mənim tərəfimdən 18 iyul 2023-cü il tarixdə sənədin kötüyünə imza edilməklə təhvil alınmışdır.

Qərar belə əsaslandırılmışdır ki, guya borclu icra məmurunun icraatında olan məlum icra işi üzrə icraatdan yayınmış, çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə getməkdən boyun qaçırıb. Daha sonra məlum olmuşdur ki, həmin qərardan göstərilən müddət gözlənilmədən 17 iyul 2023-cü il tarixdə “məcburi gətirilmə haqqında” təqdimatla məhkəməyə müraciət edilmişdir.

Təqdimat belə əsaslandırılmışdır ki, guya borclu icra məmurunun icraatında olan məlum icra işi üzrə icraatdan yayınmış, dəfələrlə ona çoxsaylı çağırış vərəqəsi göndərilməsinə baxmayaraq icra şöbəsinə gəlməyib.

Təqdimatın əsası kimi həm də o göstərilmişdir ki, guya icraata başlamaq haqqında qərarın sürəti, habelə “məcburi gətirilmə haqqında qəbul edilmiş qərar” borclunun təqdimatda göstərilən faktiki yaşayış ünvanına göndərilmiş, lakin borclu həmin qərardan şikayət verməmişdir.

Aşağıda qeyd olunanlara əsasən icra məmurunun qeyd olunan hərəkətlərini qanunsuz və qərəzli hesab edirəm. Belə ki, icra məmuru tamamilə işin həqiqi hallarına uyğun olmayan qərar qəbul etmişdir.

Bu baxımdan ilk növbədə onu nəzərinizə çatdırmaq istəyirəm ki, sözügedən icra məmurunun icraatına daxil olmuş iş üzrə icraata başlamaq haqqında qərarın sürəti faktiki olaraq borclunun yaşadığı və icra məmuruna da məlum olan ünvana göndərilməmişdir.

Bundan başqa borclu barəsində qəbul edilmiş “məcburi gətirilmə” haqqında 12 iyul 2023-cü il tarixli qərarın sürəti, habelə təqdimatda qeyd olunan “çoxsaylı xəbərdarlıqlar” onun yaşadığı ünvana göndərilməmişdir. Bu halları təsdiq edən sübutlar mövcud deyil.

İşin həqiqi halları isə ondan ibarətdir ki, borclu icra işinin sözügedən icra məmuru Daşqın Həsənəliyevin icraatına verilməsi haqqında 07 iyul 2023-cü il tarixdə “sms bildiriş” vasitəsilə məlumat almış, bundan sonra nümayəndəsi kimi mənə məlumat vermişdir.

Mən isə öz növbəmdə növbəti işi günündə, yəni 10 iyul 2023-cü il tarixdə Sabunçu Rayon İcra Şöbəsinə getməklə icra məmuru Daşqın Həsənəliyev haqqında yazılı etirazı, həmçinin icra şöbəsinin rəisi cənab Füzuli Hüseynova ünvanlanmış ərizəni icra şöbəsinin dəftərxanasına təqdim etmişəm. Bu da ilk növbədə onu təsdiq edir ki, tərəf borclu kimi icraatdan yayınmamış və icra icraatında səlahiyyətli nümayəndəsi vasitəsilə vaxtında və qanuni şəkildə təmsil olunmaqla öz hüquqlarından istifadə etmişdir.

“İcra haqqında Azərbaycan Respublikasının Qanunu”nun 42.3-cü maddəsinə əsasən İcra məmuruna etiraz etmə haqqında məsələ icra qurumunun və ya icra xidmətinin rəhbəri tərəfindən on gün müddətində həll edilir. Həmin qanunun 42.6-cı maddəsinə əsasən icra məmuruna etiraz təmin edilmədikdə, tərəflər bu barədə qərarın sürətini aldıqdan sonra 10 gün müddətində müvafiq məhkəməyə şikayət edə bilərlər.

Lakin 18 iyul 2023-cü il tarixdə Sabunçu Rayon İcra Şöbəsində olarkən mənə məlum olmuşdur ki, icra məmuru D.Həsənəliyevə edilmiş etiraz təmin olunmasa da, bu barədə müvafiq qərar qəbul edilməmişdir. Onu da qeyd edim ki, həmin gün icra şöbəsinin nə rəisi, nə də müavini yerində olmamışdır ki, bu qanunsuz halın səbəbini aydınlaşdırmaq mümkün olsun. Barəsində etiraz edilmiş icra məmuru Daşqın Həsənəliyev isə bu halı onunla izah etmişdir ki, icra məmuruna edilmiş etirazlarla bağlı qərarın formasını Nazirlər Kabinenti təsdiq etməyib. Ona görə də belə qərarlar qəbul edilmir.

Əlbəttə ki, onun bu mövqeyi müvafiq qanunvericiliyin tələblərinə və həmin qanunvericiliklə icra icraatında təmsil olunan tərəflərin hüquqlarına zidd olduğundan tamamilə qanunsuz və qərəzlidir. Ümumiyyətlə icra işinin gedişatında yaranmış hallar onu təsdiq edir ki, həqiqətən də icra məmuru Daşqın Həsənəliyevə etiraz etməkdə haqlı olmuşam.

Məhz 18 iyul 2023-cü il tarixdə nümayəndə kimi mən Samir Zeynalov tələbin könüllü icrası haqqında bildirişi və həmçinin “məcburi gətirilmə haqqında” 12 iyul 2023-cü il tarixli qərarı şəxsən imza etməklə icra məmurundan təhvil almışam. Və elə həmin gün icra məmuru tərəfindən “məcburi gətirilmə haqqında” qərarda göstərilmiş 10 gün müddət gözlənilmədən məhkəməyə təqdimat verilmişdir. Təqdimatda guya həmin qərarın sürətini borclunun aldığı və şikayət vermədiyi göstərilmişdir. Hətta fərz etsək ki, həmin qərarın sürətini həqiqətən almışıq, bu yenə də icra məmuruna sözügedən təqdimatla məhkəməyə müraciət etmək hüququnu tanımırdı. Çünki qəbul edilmiş qərardan şikayət verilməsinin sonuncu günü 22 iyul 2023-cü il tarixə təsadüf edirdi.

Göründüyü kimi icra məmuru hətta bu müddəti belə gözləmədən məhkəməyə qərəzli sürətdə müraciət etmiş və açıq-aşkar mənimlə ünsiyyəti zamanı qərəzli olduğunu gizlədə bilməyərək qanunsuz olan bu hərəkətini özünün “operativliyi” ilə əlaqələndirmiş və nəticədə “yaxşı etdiyini” bildirimişdir.

Bundan başqa nümayəndə kimi iş üzrə izahat verməyi təklif etsəm də, izahatı yalnız borclunun özü verə biləcəyi mənə bildirilmişdir.

Halbuki, İcra haqqında Qanunun 34.1-ci maddəsinə əsasən icraatda iştirak edən nümayəndə təmsil etdiyi şəxsin adından icraatla bağlı bütün hərəkətləri etmək hüququna malikdir.

Beləliklə konkret olaraq onu qeyd etmək istəyirəm ki, barəsində etiraz edilmiş icra məmuru həmin etiraz məsələsi məhkəmə müstəvisində tam həllini tapmayana qədər, habelə boclunun icraatdan yayındığını göstərən hallar yaranmadığı təqdirdə belə qərar qəbul etmək hüququna sahib deyildi.

Diqqətçəkən və maraq doğuran başqa bir məqam isə odur ki, icra məmuru tərəfindən 04 iyul 2023-cü il tarixdə yazılı xəbərdarlıq tərtib olunur, amma “sms bildiriş” 07 iyul 2023-cü il tarixdə borcluya daxil olur. Hansı ki, həmin “sms bildiriş” alındıqdan sonra nümayəndə kimi mən Sabunçu Rayon İcra Şöbəsində olmaqla icra məmuruna əsaslandırılmış etiraz təqdim etmişəm. Bundan sonra isə etiraz məsələsi həll olunmadan icra məmuru tərəfindən borclu barəsində 12 iyul 2023-cü il tarixli “məcburi gətirilmə haqqında” qərar qəbul edib.

Bir daha qeyd etmək istəyirəm ki, istər tələbin könüllü icrası haqqında bildirişi, istər “yazılı xəbərdarlığı”, istərsə də 12 iyul 2023-cü il tarixli “məcburi gətirilmə haqqında” qərarı nümayəndə kimi mən Samir Zeynalov sənədlərin kötüyünə imza etməklə şəxsən 18 iyul 2023-ci il tarixdə təhvil almışam. Bütün bunlara baxmayaraq icra məmuru qanunsuz və son dərəcə qərəzli davranmaqla- işin faktiki hallarını özündən əks etdirməyən və tamamilə yalana söykənən qanunsuz və əsassız təqdimatla elə həmin gün məhkəməyə müraciət etmişdir.

Ona görə də yuxarıda qeyd olunanlara dayanaraq icra məmuru cənab D.Həsənəliyevin və həmçinin icra şöbəsinin rəisi cənab F.Hüseynovun hərəkətlərini qərəzli olmaqla qanunsuz edirəm. İstisna etmirəm ki, sözügedən icra məmuru tələbkar tərəflə hər hansısa formada sövdələşməklə ona təyinatına uyğun olmayan üstünlüklər verə bilər. Çünki tələbkar tərəfin qanunsuz maraqlarının təmini istiqamətində icra məmuru tərəfindən edilmiş qeyd olunan qanunsuz hərəkətlərin məcmusu, o cümlədən icra məmuruna vaxtında edilmiş etirazın həllinə dair qərarın qəbul edilməməsi və həmin qərarın sürətinin təqdim olunmaması halları başqa cür düşünməyə əsas vermir. Məhz göstərilən qanunsuz hərəkət və hərəkətsizliklərdir ki, icraat zamanı tərəf kimi borclunun hüquqlarının təmin olunması və həyata keçirilməsində süni maneələr yaratmışdır.

Azərbaycan Respublikasının “İcra məmurları haqqında Qanunu”nun 9-cu maddəsinə əsasən İcra məmurları onlara verilən hüquqlardan qanuna uyğun istifadə etməyə və öz fəaliyyətlərində fiziki və hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin pozulmasına yol verməməyə borcludurlar.

Azərbaycan Respublikasının “Korrupsiyaya qarşı mübarizə haqqında Qanunu”nun 9.3.6 və 9.3.12-ci maddələrinə əsasən qərarların qəbul edilməsi zamanı fiziki və ya hüquqi şəxslərə onların təyinatına uyğun olmayan üstünlüklər vermək, həmçinin fiziki və ya hüquqi şəxslərə hüquqlarının və qanuni mənafelərinin həyata keçirilməsində süni maneələr yaratmaq korrupsiyaya şərait yaradan hüquqpozmalar sayılır.

Odur ki, qeyd edilənləri nəzərə alaraq Azərbaycan Respublikasının Ədliyyə Naziri cənab Fikrət Məmmədovdan və Məhkəmə Qərarlarının İcra Baş İdarəsinin rəisi cənab İlqar Cəfərovdan Sabunçu Rayon İcra Şöbəsinin icra məmuru Daşqın Həsənəliyevin, eləcə də həmin şöbənin rəisi Füzuli Hüseynovun qanunsuz hərəkətlərinə hüquqi qiymətin verilməsini və göstərilən neqativ halların aradan qaldırılmasının təmin olunmasını xahiş edirəm.

Samir ZEYNALOV,
Hüquq müdafiəçisi, səlahiyyətli nümayəndə
hurriyet.az
 

Dünyapress TV

Xəbər lenti