2022-ci ildə Azərbaycandan Almaniyaya 1400 həkim gedib. Başqa sözlə, ölkədən həkimlərin beyin axını güclənib.
Məsələni tanınmış kardioloq, tibb üzrə fəlsəfə doktoru Üzeyir Rəhimov gündəmə gətirib. Bu statistik göstərici Almaniyada həkimlər üçün aparıcı iş birjası sayılan "aerztestellen.de” saytından əldə olunub.
Kardioloq bu sayın zamanla artacağına əmindir.
TEREF.AZ yazır ki, Üzeyir Rəhimov həkimlərin beyin axınının səbəblərini Teleqraf.com-a şərh edib.
Professor deyir ki, azərbaycanlı həkimlərin ölkəni tərk etməsinin bir neçə səbəbi var: "Burada həkimin maddi durumunu ilk sıraya qoymaq olar. Onların aldıqları əməkhaqqı çox gülünc görünür. Məsələn, 18 manatlıq tibbi sığorta ilə keçirilən müayinədən həkimə 1 manat 10 qəpik pul ayrılır. Demək olar ki, bütün belə müayinələrdən həkimlərə xırda qəpik-quruş verirlər.
Bütün cərrahi əməliyyatlarda xəstənin ağırlaşması və uzunmüddətli reanimasiyada qalması kimi ehtimallar var. İnfarkt keçirən 100 xəstədən 10-u öləcək. Bu rəqəmi dəyişdirə bilməzsən və sayı özümüzdən uydurmuruq. Bunlar Qərb ölkələrində aparılan araşdırmalar nəticəsində ortaya çıxan faktlardır. On nəfərin başına bu hadisə gələndə və yaxud da onların bir hissəsi xəstəxanada artıq yatanda sığorta bunu qarşılamır. Həkim də xəstəni yarımçıq evə çıxara bilmir. Evə çıxaranda da bütün media qurumlarından tutmuş, xəstə yaxınları və sosial şəbəkə istifadəçilərinə qədər hər kəs həkimin üzərinə tökülüb onu linç edir.
Birincisi, heç bir həkim bu şərtlər altında çalışmaq istəməz. İkincisi, xəstənin xəstəxanaya olan borcu həkimdən çıxdığı üçün onlar maddi olaraq da itirirlər. Həkim niyə bu stress altında yaşasın? Ona görə də həkimlərimiz Azərbaycandan qaçıb getmək istəyirlər. Bəlli bir müddətdən sonra həkimlər riskli xəstələri qəbul etməməyə başlayırlar. Məsələn, ölüm, ağırlaşma ehtimalı olan xəstələri əməliyyata götürmürlər. Halbuki tibbi olaraq fayda görən xəstələr elə bu xəstələrdir. Yəni standart apendisit xəstəsi istənilən halda yaşayacaq. Onu ən təcrübəsiz cərrah belə əməliyyat etsə, yaşayacaq. Amma ən ağır xəstənin həyatını qurtarmaq lazımdır. İşlər belə olduğu üçün həkimlər ağır xəstələri almırlar. Buna görə də əksər halda ağır xəstələr itirilir”.
Üzeyir Rəhimovun qənaətincə, həkimlər maddi və mənəvi olaraq rahat deyillər, stress altındadırlar: "O qədər böyük yük altında çalışırlar ki, oxuyub özlərini yetişdirməyə əlavə vaxtları qalmır.
Bundan əlavə, universitetdə təhsil alan zaman gənclərimiz mənəvi olaraq alçaldılır. Psixoloji travmalarla tibb fakültəsini bitirən azərbaycanlı tələbə ölkənin səhiyyə sisteminə nifrət edir. Bu hisslə də bir an öncə ölkədən qaçıb getmək istəyirlər. Sistem olmadığı üçün onların bəlli bir yerə gəlməsi çox uzun zaman tələb edir. Əksər hallarda da onların oxuduqları və gözləntiləri həyatda gördükləri ilə eyni olmur. Qəbul etmək lazımdır ki, bugünkü gənclərimiz geniş dünyagörüşlü və çox istedadlıdırlar. Belə olan halda təbii ki, onlar Azərbaycan şərtləri ilə razılaşmır. Nəticədə xaricə gedən həmin gənclər sonradan ölkəmizə qayıtmaqda maraqlı olmurlar”.
Mütəxəssis deyir ki, xaricə getmək çox da narahatlıq yaratmamalıdır: "Ancaq ölkə üçün əhəmiyyətli sayılan sahədə təmsil olunan şəxslərinin kütləvi xaricə getməsi təhlükəlidir. Təbii ki, həkimlərin beyin axını işin pis tərəfidir, eyni zamanda bu, o qədər də problem deyil. Çünki xarici ölkələrdə çalışan azərbaycanlı həkimlər də olmalıdır və onlar getdikləri ölkələrdə güclənməlidirlər. Məsələn, xaricdə çalışan azərbaycanlı həkimlər var ki, buradakı gənc məsləkdaşlarımızı onların yanına kursa göndəririk. Biz bu addımı xaricdə tibbi praktika keçmiş gənclərin qayıdıb ölkəyə öz töhfələrini verə bilmələri üçün atırıq”.
Professor bütün sahələrdə bənzər problemin olduğuna diqqət çəkib: "Tibb sözünü çıxarıb yerinə istənilən sahəni qoysaq, hamısında eyni problem yaşanır. Vəziyyətdən çıxış yolu üçün Amerikanı yenidən kəşf etməyə gərək yoxdur. 1991-2003-cü illərdə Türkiyədə təhsil almışam. İndi ölkəmizdə baş verən hadisələrin əksəriyyəti həmin dövrdə Türkiyədə də yaşanırdı. Bu mərhələləri keçmiş və inkişaf etmiş ölkələrin praktikasını Azərbaycanda tətbiq etmək olar. Bu, problemə çox bəsit yanaşmadır. Dünyanın bütün ölkələri bu yolu keçib. Həmin ölkələrin səhiyyə sistemini bu ölkədə tətbiq etmək lazımdır. Həkimə necə dəyər verilir, həkim-pasiyent əlaqələri necə tənzimlənir, ayrı-ayrılıqda həkimlər və xəstələr necə qorunur, həkimin maaşı nə qədər olmalıdır kimi bütün nüanslar öyrənilməli və ölkəmizdə icra olunmalıdır”.
Üzeyir Rəhimovun sözlərinə görə, həkimlərin ən böyük problemi tibbi təhsilini bitirəndən sonra başlayır: "Rezidenturaya daxil olan həkimə çox gülünc məbləğdə maaş verilir. Düşünün, 6 il gecə-gündüz oxuyan bir insana 300-400 manat əməkhaqqı verilir. Həmin həkim əsla ölkədə qalmaz, mütləq gedəcək.
Avropada rezidentlər 3 min avro maaş alır. Rezidentura müddəti artdıqca əməkhaqqıları daha da artır, hətta aylıq 5 min avroya qədər əməkhaqqı verilir. O niyə Azərbaycanda işləsin ki?.. Çalışdığı yerdə həkimə dəstək verilmir. Həkimin özünü yetişdirməsi üçün maddi rifahı və mənəvi əminliyi olmalıdır. Ona görə də tibb təhsilini bitirənlərə və rezidentlərə çox ciddi maaş verilməlidir, eləcə də onların yaşaması üçün şərait yaradılmalıdır”.