Son vaxtlar böyük supermarketlərdə müxtəlif şirkətlər tərəfindən istehsal olunan və qablaşdırılmış toyuq əti məhsulları fərqli və digər məhsullara nisbətən yüksək qiymətlərlə istehlakçılara təklif olunur.
Belə ki, “Mərcan Broyler” şirkətinin istehsalı olan bütöv toyuq əti “Bravo” marketlər şəbəkəsində 6.59 manat, “Bazarstore” marketlər şəbəkəsində 5,69 manat, yaxud “Neptun” marketlər şəbəkəsində isə 6,50 manatdan təklif olunur. Yaxud da “Səba Broyler” şirkətinin məhsulu olan bütöv toyuq əti “Bravo”da 6.75 manat, “Bazarstore”də 6.45 manat, “Neptun”da isə 6.20 manatdır. Digər şirkətlərə məxsus toyuq ətləri də eyni marketlərdə müxtəlif qiymətlərlə satılır.
Bəs buna səbəb nədir? Niyə bu məhsulların qiyməti marketlərə görə dəyişir?
“Qiymətlər arasındakı fərq bazar iqtisadiyyatı şəraitində normal haldır”
TEREF.AZ bildirir ki, məsələ ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli qiymətlər arasındakı fərqin bazar iqtisadiyyatı şəraitində normal olduğunu bildirib:
“Hazırda “Səba”nın və başqa bir şirkətin, “Tarqovı” küçəsində və Ramanı qəsəbəsində satış məntəqələri fəaliyyət göstərir. “Tarqovı”dakı mağazada qiymət bir qədər baha, Ramanıdakı mağazada isə qiymət ucuz olur. Yəni, şirkət kontingentin imkanlarını nəzərə alaraq, qiymətlər üzərində “hərəkətlilik” siyasəti aparır. Bu da normal bir prosesdir. Bakıda elə məhsullar var ki, bütün mağaza və maketlərdə eyni qiymətə satılır. Əslində, bu, ölkə bazarı üçün anormal hal sayılmalıdır”.
Belə fikir var ki, toyuq ətinin istehsal prosesi baha başa gəldiyi üçün təchizatçı şirkətlər məhsulun satış qiymətini qaldırmağa məcbur olurlar...
Onun sözlərinə görə, bir məhsulun maya dəyərinin artması və azalması şirkətin qiymət strategiyasına təsir edən amillərdəndir:
“Son 6-7 ay ərzində toyuq yemlərində elə də ciddi bahalaşma qeydə alınmayıb, əksinə hazırda yerli arpa və buğda ucuz olduğu üçün məhsulun maya dəyəri ucuzlaşmalıdır. Əgər bazar rəqabətyönümlü olsaydı, bu özünü dərhal göstərməliydi. Yay mövsümündə toyuq ətinin qiyməti aşağı düşməlidir, ancaq biz əksini görürük”.
Azərbaycanda sayı kifayət qədər olan broyler şirkətləri öz aralarında müsbət yönümlü rəqabət mühiti formalaşdırmaq əvəzinə, bunu mənfi istiqamətdə inkişaf etdirir və qiymətləri qaldırmağa səy göstərirlər. Bu da son nəticədə istehlakçının cibinə təsir edir”.
“Azərbaycanda toyuq əti təminatı çox az olan sahələrdən biridir”
Digər iqtisadçı-ekspert Rəşad Həsənov, Azərbaycanda istehlak bazarının qiymətlər məsələsində sərbəst olduğunu diqqətə çatdırıb:
“Bir məhsul üzrə qiymətlərin hər yerdə eyni olması üçün mütləq qayda yoxdur. Ölkəmizdə bazar iqtisadiyyatı tam liberallaşmasa da, burda da heç bir problem yoxdur və normal bazar belə işləməlidir”.
Ekspert, bunun rəqabətli mühitlə bağlı olduğunu açıqlayıb:
“Ölkəmizdə bu sahədə kifayət qədər şirkət var. Müəyyən dövrlərdə qiymətlərin aşağı düşməsi üçün təşəbbüslər göstərilsə də, qısa müddətli olub. Çünki, istehlak bazarı çox həssasdır, həmin şirkətlərin isə ciddi likvitlilik problemi olduğu üçün düzgün strategiya həyata keçirə bilmirlər və kimlərsə bunu pozur”.
Müsahibimiz qeyd etdi ki, istehsalçıların məhsulun maya dəyəri ilə bağlı yaşadıqları vəziyyətə də baxmaq lazımdır:
“Bu gün istehsal olunan quş ətinin maya dəyərinin təxminən 60-65 faizi idxaldan asılıdır. Yemlər, damazlıq yumurtalar, istifadə olunan dərmanlar, avadanlıqlar, hətta peşəkar mütəxəssislər xaricdən idxal olunur. Su, qaz, işıq kimi kommunal xərclər və işçi əməyindən istifadə istehsalın maya dəyərinə təsir edir. İndiki şərtlər daxilində buğda, arpa, qarğıdalı, soya kimi dənli bitkilərin qiymətinin də bahalaşmasını nəzərə alsaq, bu da məhsulun maya dəyərinə təsir edir”.
“Qiymətin bahalaşması marketlərin siyasəti ilə bağlıdır”
“Azad İstehlakçılar” İctimai Birliyinin sədri Eyyub Hüseynov, fərqli qiymətlər məsələsində başqa prolemlərin olduğunu diqqətə çatdırıb:
“İri marketlər məhsulu qəbul etmək üçün təchizatçıdan əvvəlcədən böyük miqdarda pul alırlar ki, bu da satılan məhsulların üzərinə gəlir. Üstəlik, özləri də məhsulun üzərinə 20 faizlik qiymət qoyurlar. Nəticədə isə süni qiymət artımı baş verir. Səbəbi də odur ki, marketlər heç bir hüquqi sənədi və Nazirlər Kabinetinin heç bir qərarı olmadan biznes etikasına əməl etmir və şirkətlərlə istədikləri kimi davranırlar”.
Müsahibimiz bu cür halların yolverilməz olduğunu vurğulayıb.