“Vasif Talıbovun vaxtında heç olmasa qorxu var idi, indi…” -
Naxçıvan şəhəri, Kəngərli rayonu, Qarabağlar kənd sakini Səfərova Ofelya Əkrəm qızı tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, Kənd Bələdiyyəsinin sədri artesian quyusunu özü üçün istifadə edir:

"Mən, Səfərova Ofelya Əkrəm qızı, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.

Naxçıvanda şikayətə baxan yoxdur, Fuad Nəcəfli şikayətçiləri qəbul etmir. Mən su probleminə görə 3 dəfə onun qəbuluna getmişəm, lakin məni buraxmayıblar ki, qəbul etmir. Vasif Talıbovun vaxtında heç olmasa qorxu var idi, “qəbula gedirəm” deyən kimi bəzi məmurlar qorxurdular. İndi 1 aydır su propblemimi həll etmirlər.

Deməli, Qarabağlar kəndinin artezianını 30 ildir ki, Bələdiyyə sədri öz dədəsinin malı kimi istifadə edir. Kənd sakinləri isə illərdir bulaqdan istifadə edirdi. İndi bulaq tamamilə quruyub. Keçən il susuzluqdan əziyyət çəkdiyim üçün müraciət edib arteziandan gələn suyu bərpa etdirdim. Bərpa olunub xətt verilən kimi, səslərini çıxarmayan kənd sakinləri növbəyə yazıldılar. Keçən ili dava-dalaşla yola verdik getdi.

Bu il yenidən problem ortaya çıxdı. Belə ki, Bələdiyyə sədri Nurəddin Babayev 20 ildir kənddə eyni vəzifədə işləməsinə baxmayaraq, ziyanından başqa xeyrini görən olmayıb. Bələdiyyə sədri bir neçə artezianı zəbt edərək, özünün quşçuluq ferması üçün istifadə edir. Kənd sakinlərinə aid ərziləri də zəbt edib, əkin-biçinlə məşğul olur.

Ali Məclisə şikayətlərim nəticəsində Bələdiyyə sədrinin kürəkəni Amar Hüseynov öz çəkdirdiyim xəttdən mənə su çəkib. Çəksin, buna bir sözüm yoxdur, amma mən o xətti zülmlə çəkdirmişəm, öz yiyələndikləri artezian quyularından niyə götürmür ki? Qəsdən mənim xəttimdən çəkirlər ki, dava düşsün.

Bələdiyyə sədrinin müavini Mehman Hüseynov mənim su xəttimi vurub sındırıb, su yerə axır. Belə insafsızlıq olar? Polis gəlib məni hədələyir, mənə lazımsız sözlər deyilir. Bu nə dərəcədə ədalətlidir? Həmin vaxt orada sahə müvəkkili və bələdiyyə sədri də olub. 2 dəfə su xəttini öz hesabıma təmir etdirmişəm. Bunlar dövlətin hesabına qazılmış artezian quyularını ələ keçirib, bütün kənd sakinlərini susuz qoyublar.

Polis mənim şikayətimə baxmır, araşdırmır.

Şikayətlə çəkdirdiyim su zəif gəlir, ona belə göz qoyublar. Suyu gur olan artezianlar isə ancaq Bələdiyyə sədri üçün işləyir. Bunu yoxlamaq çətin deyil, sadəcə, arada rüşvət var deyə, orqanlar susur.

Harınlamış məmurların əlində qalmışıq, Naxçıvan sakinlərinin 80 faizi acınacaqlı vəziyyətdə yaşayır. Söz deyib səsini çıxardanı da şərləyib həbs edirlər. Bələdiyyə sədri mənim ata-anamı söyür haqsız yerə, kim verib bu səlahiyyəti o insanlara? Nə vaxt bitəcək Naxçıvandakı bu özbaşınalıq? 20 il Bələdiyyə sədri işləyən şəxsin əmlakı yoxlanılsın, sakinlər arasında söhbət aparılsın, görün bir o adamın faydalı əməli varmı?

Vallah, bezmişəm, tək qadınam. Nə olar ki, Fuad Nəcəfli şikayətləri qəbul edə, bütün bu özbaşınalıqlara son qoya. Kimin yanına gedirsın, deyirlər, “əlindən gələni et”. Bu nə deməkdir? Polis vətəndaşa belə söz niyə deməlidir?! Bunu ancaq harınlamış məmurlar deyər".

Redaksiyadan: Yazıda adları keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq.
 
 
 

Dünyapress TV

Xəbər lenti