İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti (AİBNDX) tərəfindən “Aztelekom” MMC və “Bakı Telefon Rabitəsi” MMC (Cəmiyyətlər) barəsində antiinhisar qanunvericiliyinin pozulmasının əlamətləri üzrə iş qaldırılıb.
TEREF.AZ-ın Gununsesi.info-ya istinadən xəbərinə görə, adıçəkilən qurumlar cərimələnib. Ancaq “Aztelekom” qəbul edilən bu qərarın əsassız olduğunu bəyan edib:
“Qərarın bu hissəsinin və göstərişin mövcud qanunvericiliklə təzad təşkil etdiyi və əsassız olduğu qənaətindəyik. Belə ki, AİBNDX-nın mövqeyinə əsasən, Cəmiyyətlərin Tarif (qiymət) Şurası tərəfindən qiyməti tənzimlənən xidmətlərlə eyni predmetli xidmətlərin tariflərini müəyyən etdiyinin iddia edilməsinə baxmayaraq, Cəmiyyətlər tərəfindən qiymətləri tənzimlənmiş xidmətlər Tarif Şurası tərəfindən qiyməti tənzimlənən xidmətlərə heç bir halda aid deyil. Belə ki, Cəmiyyətlər tərəfindən qeyd edilmiş xidmətlərin təqdim edilməsində kanalyaradıcı avadanlıqlardan istifadə edilməyib. Qeyd olunan məlumatlar və müvafiq sübutların işin araşdırılması zamanı da təqdim edilməsinə baxmayaraq, AİBNDX tərəfindən yuxarıda qeyd edilmiş qərar qəbul edilib”.
Açıqlamada daha sonra qeyd olunur ki, “Aztelekom” MMC və “Bakı Telefon Rabitəsi” MMC tərəfindən təqdim edilən xidmətlərə aid qiymətlər mövcud bazar konyukturasına və bazarda eyni xidmətləri təqdim edən digər sabit şəbəkə operatorlarının tətbiq etməkdə olduğu qiymətlərə uyğunlaşdırılaraq təyin edilib. “Qeyd olunanlar nəzərə alınmaqla, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən qəbul edilmiş qərarın “Aztelekom” MMC və “Bakı Telefon Rabitəsi” MMC tərəfindən mübahisələndirilməsi nəzərdə tutulub və bu məqsədlə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müvafiq məhkəməyə müraciət olunacaq”, – açıqlamada qeyd olunur.
Bəzi ekspertlər AİBNDX və sözgedən qurumlar arasında məhkəmə həddinə çıxan gərginliyi İqtisadiyyat naziri Mikayıl Cabbarovla Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev arasında ciddi konfiliktin təzahürü olduğunu qeyd edirlər. Müşahidəçilərin qənaətinə görə, Rəşad Nəbiyevin nüfuz savaşından qalib çıxması mümkün görünmür. Çünki ortada Gömrük Komitəsi və digər nazirliklərdə Mikayıl Cabbarovun təşəbbüsü ilə baş vermiş genişmiqyaslı dəyişikliklər nümunəsi var.
Qarşıdakı dövrdə “super nazir”in təklifi ilə “Azərbaycan Hava Yolları” QSC-də (AZAL) ciddi islahatların aparılacağı gözlənilir. Ekspertlər bu halda M.Cabbarovun Rəşad Nəbiyev üzərində qəti qələbə çalacağını düşünürlər.
Qeyd edək ki, AZAL-ın hava nəqliyyatında yaratdığı bahalıq, monopoliya ölkədə ciddi narazılıq doğurur. Cəmiyyətin ən müxtəlif təbəqələri Dövlət Konsernin soyğunçuluğuna son qoymağı tələb edirlər. Bu sahədə ciddi dəyişikliklərin aparılması heç şübhəszi geniş ictimai dəstək və təqdir qazanacaq.