Ötən il avqustun 14-də Gəncə şəhərində intihar edən 1963-cü il təvəllüdlü Dilqəm Abdullayevin ailəsi təhdid edildiklərini bildirir.
DİA.AZ bildirir ki, “Qafqazinfo”ya müraciət edən D.Abdullayevin oğlu Şücaət Abdullayev atasının intiharının səbəbi ilə barışmaq istəməyən bəzi qohumlarının (atasının bacıları, qardaşları, əmisi oğlanları və sair) onlara hədə-qorxu gəldiklərini, yaşadıqları Gülüstan qəsəbəsindəki evə basqın etdiklərini deyib. Şikayətçi əsasən mərhum atası D.Abdullayevin əmisi oğlu olan Knyaz Abdullayevin hadisənin səbəbi ilə razılaşmaması səbəbindən onlarla münaqişə yaratdığını, ailə üzvləri ilə birgə dəfələrlə yaşadığı evə basqın edərək onları söydüyünü və hədələdiyini bildirib:
“Atam başqa bir qohumumuzun yetkinlik yaşına çatmayan qızına qarşı səhv hərəkət etmişdi. Bu hadisə üzə çıxandan az sonra özünü asaraq intihar etdi. Hadisə ilə bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparıldı və araşdırma zamanı hadisənin səbəbi kimi atamın etdiyi seksual xarakterli hərəkətlərin məlum olmasından sonra onun özünə qəsd etməsi müəyyən edildi. Prokurorluq cinayət işinin açılmasını rədd etdi”.
Ş.Abdullayev əlavə edib ki, bir sıra qohumları, xüsusilə Kəlbəcər rayon 115 saylı orta məktəbin direktoru vəzifəsində işləyən atasının əmisi oğlu Knyaz Abdullayev və digər şəxslər prokurorluğun qərarı ilə razılaşmayıb: “Onlar mənim, anamın, yoldaşımın fərqli ifadə verməyimi tələb edirlər. Guya atam mənim yoldaşımı, yəni öz gəlinini başqa şəxslə birgə olarkən görüb və bundan sonra təzyiqlərə tab gətirməyərək intihar edib. Əslində isə elə bir hal olmayıb, onlar mənim ailəmi dağıtmaq, yoldaşımı biabır etmək istəyirlər. Əmim Elxan Abdullayev telekanallara çıxaraq mənim və ailəm haqqında şər-böhtan, bizi nüfuzdan salan fikirlər səsləndirib”.
Şikayətçi qohumlarının onlarla apardığı düşmənçilikdən sonra yaşadığı evin qarşısına kamera quraşdırdığını bildirib. O, həmçinin atasının intiharının araşdırıldığı dövrdə övladının Knyaz Abdullayev tərəfindən oğurlandığını və yalan ifadə verməyə məcbur edilərək videoya çəkildiyini deyib: “Artıq neçənci dəfədir evimə hücum edirlər. Hər dəfə polisə, 102 xidmətinə zəng edirik. Bu adamların əməllərindən, bizimlə düşmənçilik etməsindən bezmişik. Hər dəfə Knyaz Abdulayev oğlu, arvadı ilə evimə hücum edərək qapını təpikləyir, bizi ağır söyüşlərlə təhqir edir, qonşular onların qarşısını alır. Hazırda bununla bağlı Kəpəz Rayon Polis Şöbəsində araşdırma aparılır. Evə hücum etdiklərinə görə, anam və övladım sarsıntı keçirib, təcili yardım çağırmışıq. Xahiş edirik bizə kömək edin”.
Şücaət Abdullayev yaşadığı evə edilmiş hücumun görüntülərini, eləcə də prokurorluğun atasının intiharına görə cinayət işinin başlanmasının rədd edilməsi ilə bağlı qərarı təqdim edib. Şikayətdə adı çəkilən Knyaz Abdullayev "Qafqazinfo"ya açıqlamasında Şücaət Abdullayevin dediklərini şər-böhtan adlandırıb. O, əmisi oğlu Dilqəmin oğlu Şücaət və onun arvadının qohumları tərəfindən öldürüldüyünü iddia edib: "Şücaətgil atasını öldürüb işi bağlayıblar. İndi bizdən nə istəyirlər? Mən müəlliməm deyə bu işləri mənmi təşkil etmişəm?"
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib ki, Ş.Abdullayevin müraciəti ilə bağlı araşdırma aparılır:
“Müraciətlə bağlı Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsində araşdırma aparılır. İddialar araşdırma predmetidir və nəticədən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.