Daşkəsən rayonunun Xoşbulaq kənd yaylağında el arasında "Çoban Akif" kimi tanınan fermer Rzayev Akif Nağı oğlunun oğlu Şahin Rzayev Daşkəsən Rayon Polis Şöbəsi tərəfindən həbs olunub.
Şahin Rzayevin həbsinə Akif Rzayevə məxsus Xoşbulaq kəndindəki “Elçin” kafesində qabaqcadan təşkil edilən əsassız münaqişə səbəb olub. Belə ki, Akif Rzayevin digər oğlu Seymur Rzayev işlətdiyi həmin kafedə bir neçə şəxs yemək yedikdən sonra bəhanə gətirib yediklərinin pulunu verməmiş və tahqiramiz söyüşlər söyərək münaqişə yaradıblar. Yaranmış münaqişə zamanı Daşkəsən Rayon Polis Şöbəsinin müstəntiqi işləyən Samir Qəribov da həmin şəxslərlə birgə olub, müstəntiq kimi Şahin və Seymur Rzayev qardaşlarına hədə-qorxu gəlib.
Akif Rzayevin dediyinə görə, hazırda Xoşbulaq kəndində işlətdiyi kafedən bir oğlu ruhi xəstə Seymur Rzayev yoxa çıxıb. Digər oğlu Şahin Rzayev isə vəhşicəsinə döyülərək Daşkəsən Rayon Polis Şöbəsində həbsdə saxlanılır.
Akif Rzayev onu da bildirir ki, Respublika Hüquq Mühafizə Orqanlarına yazdığı və Daşkəsən Rayon Polis Şöbəsində araşdırılmalı olan çoxsaylı haqlı şikayət ərizələrini geri götürmədiyinə görə AXCP-nin Daşkəsən rayonuna yeni təyin olunmuş “sədri” Sahib Məmmədzadə ilə birgə Daşkəsən Rayon Polis Şöbəsinin müstəntiqi Samir Qəribov qabaqcadan belə bir uydurma, şər-böhtan xarakterli qurama münaqişəni təşkil edib sifarişli formada həyata keçirmişlər.
Akif Rzayev müraciətinin sonunda belə dedi: “Mən dövlətimizə və dövlətçiliyimizə şər-böhtan atan şəxslər barəsində şikayətimlə müraciətlər etmişəm. Mənim yazdığım müraciətlərə görə Daşkəsən Rayon Polis Şöbəsinin rəisi Seymur Əfəndiyev oğlumu şərlətdirib, günahı olmadan qanunsuz həbs etdirmişdir. Möhtərəm Prezidentim cənab İlham Əliyevdən, Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevadan, Baş Prokuror Kamran Əliyevdən və Daxili İşlər naziri Vilayət Eyvazovdan təcili kömək istəyirəm.
Sizdən xahiş edirəm ki, mənim yazdığım müraciətlərə əlavə olunmuş tam təsdiqini tapan videolara görə, oğlum Şahin Rzayevin Daşkəsən Rayon Polis Şöbəsi tərəfindən Daşkəsən Rayon Məhkəməsinə göndərilən saxta ittihamlarla şərlənib həbs olunmasına imkan verməyəsiniz”.