Hörmətli oxucular, deməli sizə yeni bir soyğunçuluq faktından danışım. Sığorta şirkətlərinə əlavə qazanc lazımdır, neyləyək, nağayraq, vətəndaşların son qəpiklərini də ciblərindən çıxarmaq üçün dünya tarixində görünməmiş təzə üsul tapıblar.
Məlum olduğu kimi, bizdə avtomobil sahiblərinin 90 faizdən çoxu avtomobili əvvəl baş etibarnamə ilə alır, çünki əksər hallarda pulunu əvvəldən tam ödəyə bilmir, hissə-hissə verir. Pulu tam ödədikdən sonra dünyada analoqu olmayan əcaib bir qanun ona icazə vermir ki, maşını öz adına qeydiyyat etdirsin. Gərəkdir ki, bu vətəndaş başqa bir adam tapa maşını ona sata, sonra ondan təzədən alqı-satqı edib öz adına qeydiyyat edə. Yəni, vətəndaş, necə deyərlər, 2 dəfə keflənməlidir qeydiyyat rüsumlarına görə.
Beləliklə, əksəriyyət maşını baş etibarnamə ilə aldıqdan sonra, məcbur olub öz həyat yoldaşının adına qeydiyyat edir və istifadə edir. Qanuna görə, həyat yoldaşının maşınını hətta etibarnaməsiz da idarə edə bilərsən. Ən uzağı nigah şəhadətnaməsini göstərmək kifayətdir. Çoxu belə də edir. Hər il də icbari sığorta haqqını da özü ödəyir.
Sığortada da məlum olduğu kimi bonus-malus sistemi var. Misal üçün, nümunəvi bir sürücü 10 il qəzasız sürdüyünə və sığortaya heç bir zərər vurmadığına, əksinə xeyir verdiyinə görə 100 manat əvəzinə 60-70 manat ödəyir. İndi bu soyğunçu sığorta şəbəkəsi təzə bir üsul icad edibdir ki, bəs daha sığortanı o özü edə bilməz, mütləq onun həyat yoldaşının adına edilməlidir. Bu halda nə olur?
Bəli, o xanımın sürücü təcrübəsi olmadığından və bonus-malus sistemi ona aid edilmədiyindən, o artıq 60-70 manat yox, 100 manat ödəməli olacaq. Yəni, avtomobili istifadə edən şəxsin 10 illik bonus-malus sistemi batacaq və sığorta təzədən sıfırdan başlayacaq. Demək, ölkədəki 1,5 milyon maşından az qala 1 milyonu orta hesabla 50 manat artıq ödəməli olacaq. Beləliklə, “Şaka”nın (bu halda sığorta şirkətlərinin rəhbərlərinin) cibinə havadan 50 milyon manat daxil olacaqdır. Bax, sığortada beləcə bir soyğunçu sistem qurulub.
Deməli, vətəndaş mühərrik həcmi 2,3 litr olan avtomobilini 10 il qabaq alıb. Həmin vaxtdan 100 manatdan başlayaraq sığorta haqqı ödəyib. Nümunəvi və qəzasız sürüşüsünə görə bonus-malus sistemi üzrə hər il bu məbləğdə azalma olub və son illərdə 70 manat ödəyib. İndi 60 manata salınma vaxtıdır, amma Azərsığiorta şirkəti deyir ki, yox bu il 90 manat ödəyəcəksən. Çünki maşının nömrəsi 90-la başlayır (?), maşını kiməsə etibarnamə ilə verməmisən, daha təhlükəsiz ərazidə istifadə edirsən, üstəlik nümunəvi sürmüsən, qəza etmirsən, sığortaya zərər vurmursan deyə artıq pul ödəməlisən. Yəni, Prius şoferlərinin tez-tez qəza edərək sığorta şirkətinə vurduğu zərəri heç bir zərər vurmayan nümunəvi sürücülər ödəməlidir. Hətta 300-500-700 manat icbari sığorta haqqı yazılan maşınlar var!
Məsələ ilə bağlı müraciət edən vətəndaşa cavab olaraq şirkət məsuliyyəti İcbari Sığorta Bürosunun üzərinə atır. Dediklərinə görə, bu qanunsuz və məntiqsiz qərarı İSB vermişdir. Və İSB bir sistem qurmuşdur ki, şirkətlər onu dəyişə bilmir. İSB-nin bu sistemi nəyin əsasında hansı məntiqlə hansı ədalətlə, hansı qanuna əsasən qurduğunu isə özlərindən başqa heç kim bilmir- bu məxfi sirdir.
Ona görə də, İSB-dən bu suala əsaslandırılmış rəsmi yazılı cavab gözləyirik- vətəndaş bu 10 ildə heç bir qəza etməyərək bonus-malus sistemi üzrə güzəşt qazandığı halda, hansı səbəbdən ondan indiyədək ödədəyi 70 manat əvəzinə bu il 90 manat tələb edilir? Hansı səbəbdən, vətəndaşın 10 illik bonus-malus sistemi batırılır və o yenidən sıfırdan başlamalıdır və 20 manat artıq vəsait ödəməlidir? Bu qərar hansı hansı qanuna əsasən verilib və hüquqi əsası nədir?
Bu məsələni araşdırmağa davam edəcəyik və bu qanunsuz qərarın kim tərəfindən nə məqsədlə verildiyini, vətəndaşların hüquqlarının nə üçün pozulduğunu ortaya qoyacağıq. Elçin Bayramlı