Heç kəsə sirr deyil ki, ilbəil dövlət büdcəsindən həm səhiyyəyə, həm də icbari tibbi sığortaya ayrılan vəsaitin həcmi artırılır.
Vətəndaşlara tibbi xidmətlər də TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyindəki tibb müəssisələrində Xidmətlər Zərfi çərçivəsində göstərilir. TƏBİB-in fəaliyyətinin əsas məqsədi tabeliyində olan tibb müəssisələrində tibbi xidmətlərin təşkilini təmin etməkdən və tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün tədbirlər görməkdən ibarətdir. TƏBİB həmçinin tibb müəssisələrinin fəaliyyətini icbari tibbi sığorta sisteminin tələblərinə uyğunlaşdırır.
Xatırladaq ki, TƏBİB-in saxlanması və fəaliyyətinin təmin edilməsi dövlət büdcəsindən ayırmalar, fəaliyyət istiqamətlərinə uyğun olaraq görülən işlərdən (göstərilən xidmətlərdən) əldə edilən daxilolmalar, ianələr, qrantlar və qanunla qadağan olunmayan digər mənbələrdən daxil olan vəsait hesabına həyata keçirilir.
***
...Son 20 ildə ölkədə 800-dək xəstəxana binası ya yenidən tikilib, ya da əsaslı təmir olunub.
Bəziləri isə uzun illərdir onlara da diqqət ayrılacağı, daha doğrusu, həmin xəstəxanalara üz tutanlar da, tibb işçiləri də şəraitsizlikdən can qurtaracağı günü gözləyirlər...
Bunlardan biri də Sumqayıtdakı Bərpa Müalicə Xəstəxanası kimi yaddaşlarda qalan 4 saylı xəstəxanadır. Əslində bu xəstəxanadakı vəziyyətlə tanış olmaq üçün elə birinci mərtəbəsindəki liftinə daxil olmaq kifayətdir: əlbəttə, əgər daxil ola bilsəniz. Yarımçıq açılan liftin qapılarından qol-qanadınız əzilmədən içəri keçmək böyük hünər tələb edir, hətta deyərdik ki, akrobatik ustalıq...
Hələ xəstəxanaya təcili tibbi yardım maşınlarında gətirilmiş xəstələri (əsasən insult) arabaya əyləşdirib 3-cü mərtəbədə yerləşən nevrologiya şöbəsinə qaldırmaq da tibb işçilərindən xüsusi bacarıq tələb edir: həm qapıları tutaraq özünü içəri salmalı, həm də arabadakı xəstəni silkələyə-silkələyə, təkərlərini yerdən qaldıraraq yerləşdirməyi bacarmalıdır. Bu zaman ən azı 2 nəfər həmin yarımcan xəstəni liftə qəzasız-bəlasız keçirib - düşürmə “əməliyyatını” həyata keçirməlidir (adi vaxtda çox adam qorxudan liftə yaxın düşməyib pilləkənlərdən istifadəyə önəm verir).
Uzun illər, sabiq səhiyyə nazirinin dönəmində belə əldən düşmüş, sökülüb–dağılmış, taleyin ümidinə buraxılmış xəstəxananın halına yanan olmayıb. Hansı ki, bu gün də xəstəxananın nevrologiya şöbəsində qazilər, hərəkət məhdudiyyəti olan əlillər, insult keçirmiş xəstələr müalicə olunurlar. Otaqların, koridorların suvağı tökülmüş divarları, tavanları, linoliumu nimdaşlaşmış, qopub cırılmış döşəmələri, bərbad palata qapıları, ayaqyolundakı şəraitsizlik göz çıxarır.
Hətta yataq xəstələri üçün çanaq (unitaz) rolunu oynayan oturacağı xüsusi ovulmuş köhnə stullar xidmət göstərir, hansı ki, 21-ci yüzillik üçün xəstəxanadakı “ixtiraçıların” ən müasir kəşfi sayıla bilər...
Ayağı çəliklə yer tutan, lakin dizdən qatlamaqda çətinlik çəkən xəstələrə isə ayaqyolundakı yer çanaqları “xidmət göstərir” (kişilərin bu sarıdan bəxti gətirdiyi bildirilir - onların ayaqyolunda oturacaqlı çanaqların olduğu deyilir...), əlbəttə, ayaqlarını qatlaya bilməyənlərə təklif olunur ki, bir nəfər özü ilə xidmətçi gətirsin və onlar üçün çarpayı pulu 12 manat ödəməklə həmin “son model stul-qarşoklardan” istifadə etməsinə yardımçı olsunlar. Buna isə bir çoxunun nə maddi imkanı yol verir, nə də işsiz-gücsüz ailə üzvü tapa bilirlər... Seçim isə sənindir: ya müalicə olunmaq üçün qulluğunda dura biləcək – “qarovulçu” tapmalısan, ya da müalicədən imtina barədə kağıza qol çəkib gedə bilərsən...
Məsələn, xəstəxananın adı çəkilən şöbəsində müalicə alan 2-ci qrup əlil, şəhid anası Xəlilova Bəyim bildirir ki, müalicədən çox razıdır, amma şəraitsizlikdir.
“49-cu məhəllədə yaşayıram. Xəstəliyimlə əlaqədar mən şəkər xəstələri üçün olan xəstəxanada müalicə olunmalıydım, amma yer olmadığı üçün göndərdilər Sumqayıtdakı 45 saylı xəstəxanaya, orada da yer tapılmadı deyə bura gətiriblər... Mən yeriyə bilmirəm, zorla, əsa ilə gəzirəm, mənim burada xidmətimdə dura biləcək adamım da yoxdur, çünki hamı işləyir. Burda isə şərait yoxdur – unitaz da yoxdur, ancaq yerdəndir”, - deyə Bəyim xala bildirir.
O, üzrxahlıq edərək əlavə edir ki, 4 gündür xəstəxanada yatır, amma unitaz yerdən olduğuna görə istifadə edə bilmir və buna görə də çalışır ki, az yemək yesin(?!)...
“Mən öturub-dura bilmirəm. Qorxuram ki, tavandakı kərpic başıma düşə”, - deyir ağbirçək qadın.
Bəyim xala dava-dərmanının hamısının xəstəxana tərəfindən verildiyini, hər gün masaj olunduğunu, fizioterapiyadan istifadə etdiyini, tibbi personaldan razı olduğunu bildirir.
Lakin bütün xəstələr Bəyim xala kimi dava -dərmanla əhatə olunmayıb. Misal üçün, insult xəstələri xəstəxanaya çatan kimi ailə üzvləri çağırılır və 10 günlük resept yazılaraq onlara verilir. Çünki insult xəstələri üçün həyati əhəmiyyət daşıyan iynələrin bir çoxu xəstəxanada yoxdur və əgər bu dərmanlar alınıb verilməzsə, müalicə başlanılmayacaq. Müalicə alan xəstənin bəzi iynələri xəstəxanadan verilsə də, əksəriyyəti (MAHHИТ-i apteklərdən belə, tapmaq müşküldür, hansı ki, beyin üçün vazkeçilməz preparatdır və mütləq lazımdır) aptekdən alınmalıdır, hətta 2 və 5 qramlıq şprislərədək, çünki onlarda əsasən 10 qramlıq şprislər olur.
Ümumiyyətlə, illərlə baxımsızlıqdan bərbad vəziyyətə düşmüş xəstəxananın adı çəkilən şöbəsinin ayaqyolunda ən adi – oturacaqlı çanaq (unitaz) belə yoxdur, yaxud da yataq xəstələrinə vacib lazım olan, həm də qiyməti çox ucuz olan oturacaqlı, daşınan plastik olanları da...
Burada plastik unitazları ortası dairəvi ovularaq kəsilmiş köhnə stullar və vedrələr əvəzləyir – həmin stulların taxta kənarlrından isə mismarlar çıxır.
Qeyd edək ki, xəstəxanada reanimasiya şöbəsi olmadığı üçün insult (beyin qan dövrnının kəskin pozulması) xəstələrinin yanında mütləq bir nəfər qoymaq tələb olunur. Xəstənin yaxınlarına bildirilir ki, onlara baxmağa (yedirtmək, unitaza əyləşdirmək və s.) tibbi personalları yoxdur. Mütləq kimsə işdən icazə alıb, yaxud günəmuzd çalışandırsa çörək pulundan olub xəstəsinin xidmətində durmalıdır – evindəymiş kimi. Və icbari tibbi sığortaya əsasən (belə izah olunur) xəstənin yanında qalacaq şəxsə veriləcək çarpayı üçün gündəlik 12 manat pul da ödəməlisən. Hesablasaq ki, xəstə tam müalicə kursu almaq üçün bəzən 21 gün stasionarda yatmalıdır, demək ki, yanında gecələyən üçün 252 manat pul ödənilməsi deməkdir. Üstəgəl dava-dərman, işə getməyib itirdiyin günlərin pulları, xəstənin yanında qalan şəxsin də ehtiyaclarını ödəmək üçün yanına gəlib-getmək və s. Və buna görə də bu şəraitsiz yerdən hamı maksimum tez bir zamanda can qurtarmağa – xəstəsini ev şəraitində ayağa qaldırmağa çalışırlar.
Xatırladaq ki, 4 saylı xəstəxananın birinci mərtəbəsinin bir hissəsində (4-cü mərtəbəsində də olduğu deylir) 19 məcburi köçkün ailəsinin məskunlaşdığı deyilir. Hazırda 1-ci mərtəbədə yaşayanlar da var. Məlumatlara görə, xəstəxanada əsaslı təmirin məcburi köçkünlərin doğma yurdlarına dönəcəkləri vaxtdan sonra başlanacağı bildirilir.
Amma bu, xəstəxanada ən sadə təmirin belə, aparılması üçün, yaxud ayaqyoluna çox ucuz qiymətə olan oturacaqlı çanaq qoymaq, liftin qapılarını təmir etmək... üçün bəhanə ola bilərmi?
Əslində fotolar xəstəxananın inanılmaz bərbad vəziyyətdə olduğunun göstəricisidir və əlavə şərhə də ehtiyac yox idi.
Biz isə yazdıq, dedik bəlkə bu zavallı insanların üz tutduğu xəstəxanaya rəhmi gələn tapılar, tez bir zamanda minimum problemlər belə, həllini tapmış olar..
Onu da əlavə edək ki, 4280 m² sahəsi olan 4 saylı xəstəxana ötən il yanğına məruz qalmış və 15 nəfər tüstüdən zəhərlənmişdi.
P.S. Deyilənə görə, müstəqillik illərindən bir qədər əvvəl məşhur alim Xudu Məmmədov xəstəliyi ilə əlaqədar Bakıda fəaliyyət göstərən xəstəxanalardan birinə yerləşdirilir. Alimin müalicə aldığı xəstəxana o qədər bərbad vəziyyətdə olur ki, dillə təsvir olunası deyilmiş, hətta tarakanlar da stolun üstündə rahatca qarınlarını doyururmuş... Xəstəxanada müalicə olunduğunu eşidəndə dostu, Xalq şairi Bəxtiyar Vahabzadə Xudu Məmmədovu yoluxmağa gəlir və ora çatan kimi alimi məzəmmət edir ki, niyə indiyədək burada müalicə alması barədə xəbər verməyib?
Xudu müəllim isə üzünü ona tutaraq “Bəxtiyar, mən bu günlər ərzində bir şeyi kəşf etdim – sən demə, bu cür bərbad, zir-zibilli, tarakanlı... xəstəxanada insanlar müalicə olunaraq sağalıb evə gedirlərmiş”.... //tezadlar.az//