Mənzil-Tikinti Kooperativləri (MTK) yeni binalarda mənzillərə qoyulacaq qaz, su və elektrik sayğacları üçün abonentlərdən pul tələb edirlər. Hansı ki bu xidmət köhnə tikililərdə vətəndaşlara pulsuz həyata keçirilir. Eyni zamanda qanunvericilik də bu halda vətəndaşdan pul tələb edilməsini düzgün saymır. Qeyd edək ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti mənzil-tikinti kooperativlərinə (MTK) xəbərdarlıq edib. Məlumata görə, qurumda yeni tikilmiş çoxmənzilli yaşayış binalarında quraşdırılan sayğaclara görə mülkiyyətçilərdən əsassız olaraq pul tələb edilməsi barədə vətəndaş müraciətlərinə baxılıb. Araşdırmalar zamanı MTK-larla alıcılar arasında bağlanmış müqavilələrdə istehlakçıların hüquqlarını məhdudlaşdıran şərtlərin mövcud olduğu aşkarlanıb. Belə ki, qanunvericiliyin tələblərinə zidd olaraq mənzillərdə quraşdırılacaq su, elektrik və qaz sayğaclarına görə MTK-lar tərəfindən mülkiyyətçilərdən əlavə ödənişlərin tələb edilməsi halları müəyyən edilib. Qanunvericiliyin tələblərinə uyğun olaraq su, elektrik və qaz təchizatı müəssisələri ilə istehlakçılar arasında bağlanmış müqavilələrə əsasən sayğacların təchiz edilməsi və quraşdırılması təchizatçılar tərəfindən, təchizatçıların vəsaiti hesabına həyata keçirilir. Bu zaman üçüncü şəxslərin, o cümlədən mənzil-tikinti kooperativinin iştirakı nəzərdə tutulmayıb. Təbii inhisar subyektlərinə çoxmənzilli yaşayış binalarında yerləşən mənzillərə sayğacların təbii inhisar subyektlərinin vəsaiti hesabına quraşdırılması barədə 2021-2022-ci illərdə Dövlət Xidməti müvafiq göstərişlər verib. "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanunun tələblərinə əsasən, qanunvericilikdə nəzərdə tutulan hüquqlarla müqayisədə istehlakçının hüquqlarını məhdudlaşdıran müqavilə şərtləri etibarsız sayılır. Həmçinin İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən, istehlakçının hüquqlarını məhdudlaşdıran şərtlərin müqaviləyə daxil edilməsi ilə bağlı inzibati xətaya görə hüquqi şəxslərin dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulub. Qeyd olunanları nəzərə alaraq, Dövlət Xidməti MTK-lara mənzillərin alqı-satqısı zamanı müqaviləyə istehlakçı hüquqlarını məhdudlaşdıran şərtlərin daxil edilməməsi və qanunvericiliyin tələblərinə riayət edilməsi barədə bildirişlər göndərib.
Tikinti şirkətlərinin fırıldağı:
TEREF.AZ bildirir ki, daşınmaz əmlak eksperti Elnur Fərzəliyev də “Sherg.az”a açıqlamasında vətəndaşların məlumatsızlığından istifadə edən MTK-ların yeni binalarda mənzillərə qoyulacaq qaz, su və elektrik sayğacları üçün abonentlərdən qeyri-qanuni şəkildə pul tələb etdiyini deyib. Onun sözlərinə görə, çıxarış olmayan yeni binalarda tikinti şirkətləri sakinləri asanlıqla aldada bilir: “Çünki vətəndaşlar mənzil alarkən MTK-larla bağlanan müqavilədə sayğacların pulunun vətəndaş tərəfindən ödəniləcəyi göstərilmir. Şərtlərdə bildirilir ki, mənzil işıq, su və qazla təmin olunacaq. Buna baxmayaraq, MTK-lar hüquqi şəxs olmalarından istifadə edərək, sayğacları müvafiq qurumlardan alır və vətəndaşa daha baha qiymətə satır. Hətta 3 sayğaca 800-1000 manat verən insanlar var”. Vətəndaşların bu sahədə ciddi maarifləndirilməsinə ehtiyac olduğunu vurğulayan ekspert deyib ki, hər kəs ev almadan öncə müqaviləni diqqətlə oxumalı, başa düşmədiyi maddə varsa, bunu aydınlaşdırmalıdır. Bu kimi problemlər yaşanmasın deyə, ev-alqı satqısında vəkil də iştirak etməlidir.