Tərkibində 70 il yaşadığımız sovet dövlətində TENDER-zad məsələsi olmadığı üçün qısa bir məlumat verək. Tender nədir ? Hər hansı bir işin, xidmətin ƏN SƏMƏRƏLİ üsul və AŞAĞI XƏRCLƏ yerinə yetirilməsi üçün iddiaçılar arasından birinin və ya bir neçəsinin SEÇİLƏRƏK həmin işin (xidmətin) müqavilə əsasında ona (onlara) həvalə edilməsi məqsədilə keçirilən müsabiqədir. İstehsal, alqı- satqı, barter, lahiyələşdirmə, tikinti, təmir, bərpa, nəqliyyat daşımaları, faydalı qazıntı yataqlarının işlənməsi və yer təkindən istifadə, təbiətin mühafizəsi, xidmət göstərilməsi, icarə və digər məsələlərlə bağlı hər cür iş (xidmət) tender predmeti ola bilər. Tenderdə iştirak etmək üçün iştirak haqqı deyilən pulu köçürməlisən və nəticədən asılı olmayaraq iştirak haqqı heç bir halda GERİ QAYTARILMIR. Belə başa düşürəm ki, tenderlə bağlı bu qısa bilgi yetərlidir. İndi keçək Azərbaycanda keçirilən tenderlərə. Öncə onu qeyd edək ki, TENDER KRALI deyə MEDİADA adlar səslənir. Ancaq özümüzün apardığımız təhlillər onu göstərdi ki, bəli medianın yazdığına görə, Azərbaycanda tender kralı var, adı da hamıya məlumdur, yəni hər sahənin özünün tender kralı var. Məsələn, səhiyyənin, təhsilin, mədəniyyət sahəsinin, bağçaların bir sözlə hər sferanın öz tender kralları var. Tenderlə bağlı bu yaxın zamanlarda rastlaşdığımız bir hadisəni yada salaq. Təsəvvür edirsiniz, milyonlarla tenderi udan şirkət rəhbəri gözümüzün önündə latın qrafikası ilə nəinki yazmağı, hətta latın qrafikası ilə sənədi oxuya bilmədi. Biz bunun canlı şahidi olduq. İndi özünüz təsəvvür edin ki, ölkədə milyonluq tenderləri kimlər və necə udur... Bu hələ harasıdır..? Bir şəxsin adına 100-dən çox saxta şirkət var və həmin şirkətlər saxta tenderlərdə iştirak edərək milyonlarla dövlət vəsaitini mənimsəyir. Hətta Allah qoymasa hər hansısa tədbir keçirilməsinə hazırlıq görülür. Və tədbirdən 1 ay sonra tədbirin keçirilmısi üçün tender keçirilir, 100 minlərlə dövlət vəsaiti ayrılır. Bir soruşan yoxdur ki, loru dildə desək “toydan sonra nağara” tenderləri kimə lazımdır..? Təsəvvür edin ki, hansısa İcra Hakimiyyəti Novruz bayramının keçirilməsi üçün aprel ayında tender keçirir. Sözün qısası, gəlin tenderlərlə bağlı yazının girişində SEÇMƏ ilə qeyd etdiyimiz şərtlərə nəzər salaq. Birincisi, tenderin tərifində göstərilir ki, ƏN SƏMƏRƏLİ üsul... Tenderdən 10 gün qabaq yaradılan və tenderi udan şirkətin hansı səmərəsindən danışmaq olar..? İkincisi, tenderin tərifində işlərin AŞAĞI XƏRCLƏ görülməsi xüsusi qeyd olunur. Axı, bilənlər bilir ki, tenderə ayrılan milyonlarla pulun 30-40 faizi “otkat” kimi geri qaytarılır. Kimin şübhəsi varsa, sabiq mədəniyyət naziri Əbülfəz Qarayevin müavinlərinin məhkəmədə istintaqa təqdim etdikləri və mediada dərc olunan izahata baxa bilərlər. Müavin qeyd edir ki, hər tenderdən sonra özümə 30 min, nazirə 300 min verirdim və s. Belə olan halda hansı keyfiyyətli işdən-xidmətdən, özü də Allah qoymasa aşağı xərclərdən danışmaq olar. Üçüncüsü, tender keçirilməsində hansı seçkidən söhbət gedə bilər..? Tender əvvəlcədən bəlli olur. Belə olan halda şirkət rəhbəri dəlidir ki, 2000, bəzən daha çox iştirak haqqı keçirsin və o pul da heç bir halda geri qaytarılmasın. Biz hələ tenderlərdəki kotirovkalardan və s danışmırıq. Nizamnamə kapitalı 10 manat olan şirkət milyonluq tenderi necə uda bilər..? Məsələ bununla yekunlaşsaydı, dərd yarı idi. Təsəvvür edirsiniz, milyonlarla dövriyyəsi olan şirkətlər vergidən külli miqdarda yayınır. Və bu boyda cinayət əməllərinin iştirakçıları cəzasız qalır. Bircə faktı mütləq qeyd edək. 1 manat 60 qəpiklik nizamnamə kapitalı olan şirkət 10 milyon 73 min 212 manatlıq tenderi udub. Əbəs yerə deyil ki, həbs olunan icra başçılarına qarşı tender ittihamları irəli sürülür. Tenderlər zamanı rəqəmlər kifayət qədər şişirdilir. Görəsən dövlət qurumları, Hesablama Palatası, Maliyyə Nazirliyi niyə susur..? Təsəvvür edirsiniz heç kimin tanımadığı şirkət Qusar rayonunda “Kommunxoz”a fəhlə əlcəyi satmaq üçün 10 minlərlə manat tenderi udub. Və məlum olub ki, bu şirkət sabiq millət vəkili Asya Manafovanın qardaşı Mikayıl Manafova və sabiq ekonazir Hüseynqulu Bağırovun oğlu Lətif Bağırova məxsusdur. Və Asya Manafovanın qardaşı Mikayıl Manafov o zaman 5 saylı Quba-Qusar Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin direktor müavini olarkən Cinayət Məcəlləsinin 179.3.2-ci (qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və israfetmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunaraq iş yerində həbs edilib. Məhkəmə onun barəsində 7 il 6 ay müddətinə şərti cəza verib. Özünüz deyin əlavə şərhə ehtiyac varmı...? İndi bildinizmi tenderləri hansı savadsız, cinayətkar, məmur qohumları udur... 7 il 6 ay şərti cəza olar..?