İcra başçılarının məxfi saxlanılan  səyyar görüşləri
Bu gün belə bir elan qarşıma çıxdı. Elanda deyilirdi.

“İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov 26 may 2023-cü il tarixində İsmayıllı şəhərində (ünvan: İsmayıllı rayon Mədəniyyət Mərkəzi İsmayıllı şəhəri, Heydər Əliyev prospekti 61) Ağsu və İsmayıllı rayonlarından olan vətəndaşları qəbul edəcək. Vətəndaşların qəbulu saat 11:00-dan etibarən keçiriləcək.

Qəbula gəlmək istəyən Ağsu və İsmayıllı rayonlarından olan vətəndaşlar İqtisadiyyat Nazirliyinin rəsmi internet səhifəsində qeydiyyatdan keçməklə və ya "195-1" Çağrı Mərkəzinə zəng etməklə Nazirliyin fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı müraciət edə bilərlər”

Bu tipli məlumatla biz nazirliyin internet resursunda tanış olduq. Demək olar ki, əksər mərkəzi icra orqanlarının bu cür elanlarına tez-tez rast gəlmək olur. Əslində diqqətiçəkən məlumatdır. Üstəlik qurumların mətbuat xidmətləri siyasi rəhbərlərin vətəndaş qəbulları barədə məlumatları qəbuldan xeyli əvvəl sosial mediada paylaşmağa maraqlı görünür. Və belə də olmalıdır.

Əgər mərkəzi icra orqanları bu elanları paylaşmaqda hər hansı maneə görmürlərsə, yerli icra hakimiyyəti orqanları niyə icra başçılarının səyyar görüşləri və vətəndaş qəbulları barədə əvvəlcədən məlumatı paylaşmağa maraqlı deyillər.

Əlavə edim ki, bu günədək sosial media platformalarında yalnız Hacıqabul RİH başçısının səyyar qəbulları barədə mütəmadi olaraq paylaşımları görürürük. Bununla yanaşı paytaxt rayonları arasında isə ilk dəfə bu addım Nərimanov RİH tərəfindən atılıb. Nəzərə alaq ki, paytaxt ərazisində 12 inzibati rayon var. Niyə digər rayonlar bu təcrübədən istifadə etmirlər. Nədən çəkinirlər.

Dünən Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahovun Buzovna qəsəbəsindəki Albalılıq məhəlləsində yerləşən 322 saylı orta məktəbdə sakinlərlə növbəti səyyar qəbulu keçirilib. Çox yaxşı. Sual edirəm bu görüşün olacağı barədə məlumatı Xəzər RİH rəsmiləri harada paylaşıblar. Bilən varmı. Görüş iştirakçıları səyyar qəbul haqqında məlumatı maraqlıdır necə əldə ediblər. Mən çox çətinliklə bu görüş haqqında məlumat alsamda, qəbula haradan və necə gəlmək məsələsini düşünəcən artıq saat 12 olmuşdu. Biz orda olanda isə artıq görüş başa çatmışdı. RİH məmurları çox operativ şəkildə görüş barəsində şəkilləri paylaşsalarda hər halda paylaşdıqları məlumatın mətninə diqqət yetirsəydilər daha yaxşı olardı.

Və yaxud sakini olduğum Nəsimi rayonunda keçirilən səyyar görüşlərə toxunum. Nəsimi RİH-də sistem elə qurulub ki, icra başçısı Asif Əsgərovun hər bir addımı dərhal sosial media üzərindən paylaşılır. Hətta hansısa qurumun və ya rayon bələdiyyəsinin həyata keçirdiyi layihələrdə öz səhifələrində paylaşılır. Təqdirəlayiqdir. Lakin tövsiyə edərdim ki, hər hansı layihə barəsində yazanda layihə müəllifləri barəsində məlumatda yer ayrılsın. Qayıdım səyyar görüşlərə. Dəfələrlə bu görüşlərdə iştirak etmək üçün müxtəlif kanallarla məlumat almaq istəmişəm. Lakin məlumat elə məxfi saxlanılıb ki, onu əldə edə bilmədiyimə təəssüflənmişəm.

Beləliklə, səyyar qəbullarla bağlı sosial media üzərindən paylaşılan məlumatlarda və özümün müşahidə etdiyim bəzi məqamları ümumiləşdrimək istərdim.

İlk olaraq tövsiyə edərdim ki, Nərimanov və Hacıqabul RİH-in təcrübəsindən yararlanaraq səyyar qəbul və görüşlər barəsində məxfilik aradan qaldırılsın. Özünə güvənən icra başçısı əslində bu cür addım atmamalıdır. 45 dəqiqə çəkən görüşdə 40 dəfə oturub qalxan icra başçısı hər halda bu hərəkətinə diqqət etməli, ən əsası görüşdə ortaya bir səmimiyyət qoymağı bacarmalıdır, bu həmdə onun vəzifəsi olmalıdır. Yəni hansısa yolla qəbula gələn vətəndaşın hafizəsində görüş səmimi hisslərlə qalmalıdır. Bu məqama riayət edən icra başçıları həqiqətən yaddaşlarda qalır və xatırlanır.

Görüşlər barəsində operativlik təmin edilməli, sosial medianın verdiyi imkandan maksimum yararlanmaq lazımdır. Və hər məlumatın sonunda tərif dolu şərhlərin yazdırılmasına son verilməlidir. Cəmiyyətdə artıq bu məqam, etiraf edim ki, ikrah hissi yaradır.

Mediaya və ya sosial media platformasında paylaşılan hər bir məlumatın mətninə diqqəti artırmaq lazımdır. Son bir ildə paylaşılan mətnləri təhlil etsəniz deyilənlərin həqiqət olduğunu görəcəksiniz.

Təəssüf ki, hər görüşdən sonra təxminən eyni mətn paylaşılır. Yalnız görüşün keçirildiyi ünvan dəyişir. Mətnlərdə isə bəzi cüzi məqamlar əlavə edilir.

Daha sonra rübdə bir dəfə isə görüşlərin təhlili aparılmalı, nəticələri açıqlanmalı və öz həllini tapan problemlər xüsusi ilə qeyd edilməlidir.

***

Beləliklə, biz çox qısa şəkildə icra başçılarının səyyar görüşləri barəsində öz fikirlərimizi sizlərlə bölüşdük.

İnanıram ki, heç olmasa bundan sonra səyyar görüşlər barəsində məlumatları çox asanlıqla tək mən yox, hər bir rayon sakini vaxtında ala biləcək.

Gəlin ümid edək ki, hər bir addım yaxşılığa doğru yönələcəkdir.

Vüqar Tofiqli

Belediyye.info

Dünyapress TV

Xəbər lenti