“Abituryent” jurnalının elektron versiyasının Dövlət İmtahan Mərkəzinin (DİM) saytından silinməsi etirazlara səbəb olub.
Belə ki, abituryentlər bu vəziyyətə etiraz ediblər. Abituryent valideynlərdən olan Eyyub Kərimli Cebhe.info-ya bununla bağlı şikayət ünvanlayıb. O, hazırda qəbul imtahanları getdiyi üçün jurnalın tapılmamasının süni ajiotaja səbəb olduğunu deyib:
“Bütün abituriyentlərin emossional vəziyyəti onsuz da gərgindir. Dövlət İmtahan Mərkəzinin (DİM) “Abituryent” jurnallarındakı məlumatlar quruma məxsus abituryent.az saytında da elektron versiada olurdu. Müəyyən ödəniş edərək oradan yükləmək olurdu. Amma 2 aydır ki, bu funksiya bağlanıb. Zəng də edəndə deyirlər ki, jurnal üçün köşkə yaxınlaşın.
Amma köşkə də gedəndə görürsən ki, satışda yoxdur. Onlar da, nəşriyyatdan almağı məsləhət görürlər, ancaq orada da yoxdur. Buna rəğmən, əlaltından baha qiymətlərə, yəni 25-30 manata satırlar. Çünki ona tələbat çoxdur. Bu da abituryentlər üçün problemlərə yol açır”.
Şikayətçi zənglərinə əhatəli cavab verilmədiyini bildirib:
“Dəfələrlə qaynar xəttə də zəng etsəm də, səbəbini bilmirlər. İndi hansı zəmanədir ki, jurnalın elektron versiyasını endirmək olmur? Daha artıq pul qazanmaq üçün süni ajiotaj yaradılır. Onsuz da imtahanlara görə gərgin olan abituryentlər belə çətin vəziyyətlə də qarşılaşırlar. Abituryentlər məlumat əldə etmək istəsələr də jurnalı tapa bilmirlər. “Onlayn satışda yoxdur” ifadəsini anlaya bilmirəm. Başa düşmürəm, bu, onlayn satışda necə qurtarır? Hansı səbəbə əsasən satışda yoxdur?”
Valideynin şikayəti ilə bağlı Dövlət İmtahan Mərkəzinə (DİM) müraciət etdik. Qurumdan məsələnin araşdırılacağını bildirdilər. //Cebhe.info//