Azad edilən su ehtiyatlarını yenidən "işğal edənlər" [araşdırma]
Son illər ölkədə su ehtiyatlarının azalması, quraqlığın ildən-ilə artması ərzaq və digər təhlükəsizlik məsələlərini ön sıraya çıxarır. Bu baxımda işğaldan azad olunan ərazilərin zəngin su ehtiyatı problemin həlli üçün yeni imkanlar açıb. "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC ("Azmelsutəsərrüfat" ASC) bu yöndə Qarabağ və Şərqi Zəngəzur ərazilərində layihələr həyata keçirir.

Bəs, ölkənin taleyüklü məsələsində hökumət nə dərəcədə şəffaf davranır?

2022-ci ilin 16 noyabrında prezidentin təsdiq etdiyi "Böyük Qayıdışa dair I Dövlət Proqramı"nda meliorasiya və su təsərrüfatı ilə bağlı ilkin investisiya layihələrinin siyahısı açıqlanıb.

Layihələr

İcra müddəti

Suqovuşan su anbarının 5,2 km uzunluğunda magistral kanalla birlikdə təmiri və bərpası

2022‒2023

Tərtərçay Sol Sahil kanalının yenidən qurulması

2022‒2023

Xaçınçay su anbarının 7 km uzunluğunda kanalla birlikdə təmiri və bərpası

2022‒2023

Aşağı Köndələnçay, Köndələnçay-1 və Köndələnçay- 2 su anbarlarının təmiri və bərpası

2022‒2023

Qız qalası su anbarından magistral suvarma kanalının tikintisi

2022‒2026

Ağdam rayonunun işğaldan azad olunmuş ərazilərində meliorasiya və su təsərrüfatı kompleksinin bərpası və inkişafı

2022‒2026

Füzuli rayonunun işğaldan azad olunmuş ərazilərində meliorasiya və su təsərrüfatı kompleksinin bərpası və inkişafı

2022‒2026

Cəbrayıl rayonunun meliorasiya və su təsərrüfatı kompleksinin bərpası və inkişafı

2022‒2026

Bərgüşadçay su anbarının tikintisi

2022‒2026

Həkəriçay su anbarının tikintisi

2022‒2026

Zabuxçay su anbarının tikintisi

2022‒2026

Zəngilan rayonunun meliorasiya və su təsərrüfatı kompleksinin bərpası və inkişafı

2022‒2026

Qubadlı rayonunun meliorasiya və su təsərrüfatı kompleksinin bərpası və inkişafı

2022‒2026

Laçın və Kəlbəcər rayonlarının meliorasiya və su təsərrüfatı kompleksinin bərpası və inkişafı

2022‒2026

Lakin çəkilən xərclərlə bağlı heç bir məlumat verilmir.

Bununla bağlı Prezident Administrasiyasına ünvalandığımız sorğu da cavabsız qalıb.

Dövlət satınalmaları portalında meliorasiya və su təsərrüfatı sisteminin qurulması ilə bağlı 2021-ci ildə 178 min manatlıq, 2022-ci ildə isə 380 milyon manatlıq tender məlumatlarına rast gəlirik.

Sifarişçi

Podratçılar

İcra olunacaq iş

Məbləğ

2022-ci ildə

"Azmelsutəsərrüfat" ASC

Hydrotrans Energineering Mühəndislik Mərkəzi MMC

Cəbrayıl rayonunun işğaldan azad olunmuş ərazilərində meliorasiya və su təsərrüfatı kompleksinin bərpası və inkişafı üzrə texniki-iqtisadi əsaslandırmanın və layihə sənədlərinin hazırlanması

1 milyon 320 min AZN

"Azmelsutəsərrüfat" ASC

"SUPEK" Proje Müşavirlik A.Ş.

Füzuli rayonunun işğaldan azad olunmuş ərazilərində meliorasiya və su təsərrüfatı kompleksinin bərpası və inkişafı üzrə texniki-iqtisadi əsaslandırmanın və layihə sənədlərinin hazırlanması

3 milyon 505 min AZN

"Azmelsutəsərrüfat" ASC

"Proyapı Mühəndislik və Müşavirlik Anonim Şirkəti" Azərbaycan Respublikasındakı filialı və Sepa Mühəndislik A.Ş. birgə müəssisəsi

Bərgüşadçay su anbarının texniki-iqtisadi əsaslandırmanın və layihə sənədlərinin hazırlanması

4 milyon 258 min 384 AZN

"Azmelsutəsərrüfat" ASC

"Nort Vest Konstrakşn" MMC

"Həkəri çayının sağ və sol sahilində yerləşən əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi" (Magistral boru xətti) üzrə layihə-smeta sənədlərinin hazırlanması və tikinti-quraşdırma işləri

188 milyon 751 min 249 AZN

"Azmelsutəsərrüfat" ASC

"CENGİZ" İNŞAAT SƏNAYE VƏ TİCARƏT A.Ş

Həkəriçay üzərində Zabuxçay su anbarının tikintisi üzrə layihə-smeta sənədlərinin hazırlanması və tikinti-quraşdırma işləri

128 milyon 210 min AZN

"Azmelsutəsərrüfat" ASC

"Muğansutikinti" MMC

"Tərtərçay sol sahil kanalının yenidən qurulması"

13 milyon 583 min 640 AZN

"Azmelsutəsərrüfat" ASC

"RAMCO" QSC

Aşağı Köndələnçay, Köndələnçay 1 və Köndələnçay 2 su anbarlarının təmiri, bərpası

11 milyon 484 min 445 AZN

"Azmelsutəsərrüfat" ASC

"Körpü - Bina - Tikinti" Məhdud Məsuliyyətli Cəmiyyəti

Suqovuşan su anbarının 5.2 km uzunluğunda magistral kanalla birlikdə təmiri və bərpası

12 milyon 261 min 038 AZN

"Azmelsutəsərrüfat" ASC

Körpü-Bina-Tikinti MMC

Xaçınçay su anbarının 7 km uzunluğunda magistral kanalla birlikdə təmiri və bərpası

9 milyon 903 min 422

“Azmelsutəsərrüfat” ASC

Türkiyə Respublikasının “Akar-Su Mühəndislik Müşavirlik Ltd. Şti.” və “Suiş Proje Mühəndislik Müşavirlik Ltd. Şti.” birgə müəsisəsi

Ağdam rayonunun işğaldan azad olunmuş ərazilərində meliorasiya və su təsərrüfatı kompleksinin bərpası və inkişafı üzrə texniki-iqtisadi əsaslandırmanın və layihə sənədlərinin hazırlanması

6 milyon 849 min 015 AZN

“Azmelsutəsərrüfat” ASC

HYDRO-GEO ENVİRONNEMENT GROUP” MMC VƏ “HİNAL PROJE” MMC birgə müəssisəsi

Qız qalası su anbarından magistral suvarma kanalının tikintisi ilə bağlı texniki-iqtisadi əsaslandırılmasının (TİƏ) və layihə-smeta sənədlərinin hazırlanması

1 milyon 700 min AZN


2021-ci ildə

“Azmelsutəsərrüfat” ASC

Ağdam Meliorasiya İdarəsi

Ağdam rayon ərazisində və işğaldan azad olunmuş ərazilərdə idarənin balansında olan suvarma kanalların və arxların lildən və bitgi örtüyündən təmizlənməsi işlərinin satın alınması

160 min 185 AZN

“Azmelsutəsərrüfat” ASC

Hydrotrans Engineering Mühəndislik Mərkəzi MMC

İşğaldan azad olunmuş ərazidə xaçınçay magistral kanalın əsaslı təmiri üçün layihə smeta sənədlərinin və ekspertiza sənədlərinin hazırlanması üçün

17 min 700 AZN

Qubadlı

Həkəriçayın üzərində qurulacaq meliorasiya layihələri üçün 2022-ci ildə 317 milyon manatlıq tender keçirilib. Burada aparılan tikinti işlərinə yerli şirkətlərlə yanaşı, türk şirkətləri də cəlb olunub.

Yerli şirkətlərdən olan "Nort Vest Konstrakşn" MMC 2022-ci ildə "Həkəri çayının sağ və sol sahilində yerləşən əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi" üzrə layihə-smeta sənədlərinin hazırlanması, eləcə də tikinti-quraşdırma işlərinə görə 188 milyon 751 min manat alıb. Şirkət bu layihələri tender yolu ilə əldə edəndə vergi orqanlarına 11,1 milyon manat borcu var idi. Qanunvericiliklə isə tenderdə iştirak edən şirkətin vergi borcu olmamalıdır.

Şirkətin Latviyadakı törəməsi - "North West Baltic" şirkətinin təsisçiləri sırasında İqtisadiyyat Nazirliyinin Latviyadakı "Azərbaycan Ticarət Evi"nin həmtəsisçisi və direktoru olan Rüfət Quliyevin adına rast gəlirik.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ailəsinə yaxın olan "CENGİZ" İnşaat Sənaye və Ticarət şirkəti də Həkəriçay ilə Zabuxçayın birləşdiyi yerdə tikilən su anbarının layihə-smeta sənədlərinin hazırlanması və tikinti işlərinin icrası üçün 128 milyon 210 min manat alıb.

Maraqlıdır ki, prezident İlham Əliyevin Qubadlı rayonuna səfəri zamanı Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Zaur Mikayılov ona məruzəsində bildirmişdi ki, Zabuxçayın Həkəriçaya birləşdiyi yerdən su anbarının və ondan ayrılacaq magistral kanalların yaradılması ilə bağlı təklifləri Türkiyənin "Suyapı" məsləhətçi şirkəti verib. Lakin bu şirkətlə bağlı dövlət satınalmaları portalında heç bir məlumat yoxdur.

Zaur Mikayılovun sözlərindən məlum olur ki, dövlət büdcəsindən yüz milyonlarla manata başa gələcək suvarma sistemi "Dost Aqropark" şirkətinin 1900 hektar, "Dost Ziraat Heyvandarlıq" şirkətinin 1700 hektar və digər şirkətlərin min hektarlarla əkin sahələrini su ilə təmin edəcək. "Dost Aqropark" və "Dost Ziraat Heyvandarlıq" Türkiyə prezidenti Ərdoğanın qardaşının kürəkəni Abdulkadir Karagözə aid şirkətlərdir. "Dost Aqropark" MMC-nin qanuni təmsilçisi Mehmet Zeki Tuğrula AK Partiyanın gənclik qolunda (Genclik Kolu) təmsil olunur.

Ağdam

Ağdam rayonunun işğaldan azad olunmuş ərazilərində meliorasiya və su təsərrüfatı kompleksinin bərpası üçün 2022-ci ildə 17 milyon manata yaxın vəsait nəzərdə tutulub.

Ağdamda yerləşən "Xaçınçay" su anbarının təmiri və bərpası isə "Körpü - Bina - Tikinti" MMC -yə həvalə edilib və bununla bağlı 2022-ci il üçün 10 milyon manata yaxın vəsait ayrılıb. Suqovuşan su anbarının təmiri, bərpası da bu şirkətə tapşırılıb və buna görə, 12,2 milyon manatlıq tender qazanıb.

2001-ci ildə yaradılan "Körpü-Bina-Tikinti" ən böyük dövlət sifarişlərini alan şirkətlərdən biridir.

Şirkətin qanuni təmsilçisi Xaliq Göyüşovun adı “MTN işi” kimi tanınan qalmaqallı cinayət işində Eldar Mahmudovun yaxın adamı olaraq keçirdi.

"Xaçınçay" magistral kanalının, Cəbrayıl rayonunda meliorasiya və su təsərrüfatı kompleksinin bərpası üzrə texniki-iqtisadi əsaslandırmanın hazırlanması işləri "Hydrotrans Engineering Mühəndislik Mərkəzi" MMC-yə həvalə edilib. Layihələrin hazırlanması üçün şirkət 1,3 milyon manatlıq tender qazanıb.

Şirkət Köndələnçay, Suqovuşan su anbarlarının bəndlərində təmir-bərpa işlərinin layihələndirilməsi üçün də ümumilikdə 73 min manatlıq tender qazanıb.

"Hydrotrans Engineering Mühəndislik Mərkəzi"-nin hüquqi ünvanı ilə Baş nazirin keçmiş müavini Abid Şərifova bağlı olan AVRO-ASİYA İnşaat Korporasiyası "EVRASCON" ASC-nin qeydiyyat yeri eynidir. Bu şirkət ölkənin ən nəhəng dövlət sifarişlərinin icrası ilə tanınır.

Füzuli

"Köndələnçay" su anbarlarının bəndlərində təmir-bərpa işlərini "RAMCO" şirkəti həyata keçirir. Bu işlərin icrası üçün şirkətə 11,5 milyon manata yaxın vəsait ayrılıb.

"Ramco" QSC 2010-cu ildə yaradılıb və qanuni təmsilçisi Rövşən Abdullayevdir.

Vergi reyestrində Rövşən Abdullayevin və onun ailə üzvlərinin adına xeyli şirkətə rast gəlmək olur. Bu şirkətlərin bir qismi Vergilər Nazirliyində 2020-ci ilə qədər şöbə müdiri işləmiş Azər Əsədova bağlıdır. Azər Əsədov eyni zamanda vergilər nazirinin keçmiş müşaviri, İqtisad Universitetinin Biznes Mərkəzinin direktoru Asəf Əsədovun oğludur.

Rövşən Abdullayev və ailə üzvlərinin qeydiyyatda olduğu ünvan (Əsəd Əhmədov küçəsi, ev 203, mənzil 26) Azər Əsədovun təsisçisi olduğu audit şirkəti "HS Consulting" MMC-nin yerləşmə ünvanı olaraq göstərilir.

Abdullayev-Əsədovların Qarabağdakı fəaliyyətləri tək bununla yekunlaşmır. Ailə Füzuli rayonunun meliorasiya və su təsərrüfatı kompleksinin bərpası və inkişafı üzrə texniki-iqtisadi əsaslandırma, layihə sənədlərinin hazırlanması üçün 3,5 milyon manatlıq tender qazanan "SUPEK" Proje Müşavirlik türk şirkətinə də yaxındır.

Belə ki, türk şirkətinin Azərbaycandakı filialının qeydiyyatdan keçdiyi ünvanla (Binəqədi rayonu F.Məlikov 7-ci mikrarayon, ev 4, Məhəllə 3123, mənzil 62) Rövşən Abdullayevə bağlı olan "CASPİAN EQUİPMENT COMPANY" ASC-nin hüquqi ünvanı eynidir. Şirkətin qanuni təmsilçisi Kamal Bağırov daha öncə Rövşən Abdullayeva məxsus "GMC GROUP" MMC-də (keçmiş adı "Grand Motors" MMC) rəhbər vəzifələrdə çalışıb.

Cəbrayıl

Cəbrayılın İran və Azərbaycan arasındakı beynəlxalq sərhəddində, Araz çayı üzərində tikilən "Qız Qalası" su anbarından magistral suvarma kanalının tikintisi ilə bağlı texniki-iqtisadi əsaslandırılma və layihə-smeta sənədlərinin hazırlanması üçün 1,7 milyon manata yaxın vəsait ayrılıb. Tenderi qazanan "Hydro-Geo Environnement Group" MMC və "Hinal Proje" MMC birgə müəssisəsidir. "Azərsu" Sukanal Elmi-Tədqiqat və Layihə İnstitutunun baş mühəndisi olmuş Saleh Seyfullayev şirkətin qanuni təmsilçisidir. MMC "Azərsu" ASC-nin iri həcmli tenderinin qalibi olub.

S.Seyfullayev deyir ki, hazırda "Azərsu" ASC ilə heç bir əlaqsi yoxdur. O, "Hydro-Geo Environnement Group" MMC-nin qanuni təmsilçisi olduğunu desə də, konkret nə zamandan fəaliyyət göstərməsi ilə bağlı suala cavab verməkdə tərəddüd edib: "Şirkət əslində, uzun müddətdir ki, fəaliyyət göstərir. Ayrı-ayrı işlər görüb, ondan sonra şirkət kimi formalaşıb".

İqtisadçı Elçin Rəşidov deyir ki, "Meliorasiya və Su Təsərrüfatı" ASC həyata keçirdiyi layihələrin dəyərinin şişirdilməsində maraqlıdır: "Mən "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin layihələri ilə bağlı təlimlər keçmişəm, həm də işlərində iştirak etmişəm. Görmüşəm ki, onlar layihələri çox bahalı keçirməkdə maraqlıdırlar və ucuz alternativlərə meyl göstərmirlər".

İqtisadçının fikrincə, meliorasiya və su təsərrüfatı sahəsinə qoyulan investisiyaların səmərəliliyinin qiymətləndirilməsi metodologiyası hazırlanmalıdır: "Ölkədə investisiyaların səmərəliliyin qiymətləndirilməsi və texniki- iqtisadi əsaslandırma qaydaları qəbul edilməlidir ki, texniki-iqtisadi əsaslandırma düzgün hazırlansın, həqiqi optimal və fermerlərin maraqlarına, ölkənin iqtisadi maraqlarına uyğun, o cümlədən istehlakçının maraqlarına uyğun layihələr ən səmərəli şəkildə seçilə bilsin. Hazırda bu qaydalar olmadığına görə, onlar daha çox həmin sahədə qərar verənlərin maraqlarına uyğunlaşdırılır. Onlara belə kanalların tikintisi verildikdə onlar daha bahalı, heç də səmərəli olmayan şəkildə tikməkdə maraqlıdırlar".

"Meliorasiya və Su Təsərrüfatı" ASC isə qeyd olunanlarla bağlı yaranan suallara cavab verməyib.

Qarabağda su təsərrüfatı ilə bağlı şirkətlərin işləri su kimi rəvan getsə də, onların necə seçilməsi və xərcləri ilə bağlı məsələlər heç də su kimi şəffaf deyil.

Araşdırma və vizualizasiya: AbzasMedia

Dünyapress TV

Xəbər lenti