Naxçıvan Muxtar Respublikasının (MR) keçmiş kənd təsərrüfatı naziri Bəhruz Bayramov üçün həbs təhlükəsi yaranıb.
Qaynarinfo xəbər verir ki, Naxçıvan MR Kənd Təsərrüfatı Nazirliyində (KTN) aparılan yoxlamalar zamanı milyonlarla manat mənimsəmə faktının üzə çıxması onun həbs edilə biləcəyi barədə ehtimalları artırıb.
Bəhruz Bayramov nazir vəzifəsinə 2018-ci ildə Muxtar Respublikanın Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun sərəncamı ilə təyin edilib. Muxtar Respublikada yüksək vəzifələrə əsasən Vasif Talıbovun yaxın çevrəsinə daxil olan şəxslərin təyin edildiyini nəzərə alsaq, Bəhruz Bayramovun da keçmiş Ali Məclis sədrinin yaxın olduğunu düşünmək olar.
Vasif Talıbovun istefasından sonra ona daha çox yaxın olan yüksək vəzifəlilərin işdən çıxarılmasına başlanılıb. Bəhruz Bayramov da həmin məmurlardandır. O, bu ilin fevralında tutuduğu vəzifədən azad edilib. Bu fakt da Bəhruz Bayramovun Vasif Talıbovun yaxın çevrəsinə daxil olması barədə qənaəti möhkəmləndirir.
Bəhruz Bayramovun dövründə Naxçıvanın aqrar sektoru inkişafdan qalıb. Muxtar Respublikanın kənd təsərrüfatı nazirinin müavini, müvəqqəti nazir vəzifəsini icra edən Xəyalə Dadaşovanın mediaya açıqlamaları bunun təsdiqi hesab edilə bilər:
"Əgər təhlillə yanaşsaq, Azərbaycanın digər regionlarına münasibətdə Naxçıvan Muxtar Respublikasında aqrar sahə çox geridə qalır. Sahəni inkişaf etdirməyə çalışırıq. Təbii ki, inkişaf tarladan, sahədən deyil, ilk növbədə Kənd Təsərrüfatı Nazirliyinin özündən başlayacaq. Kənd Təsərrüfatı Nazirliyinin hazırkı strukturu imkan vermir ki, aqrar sahədə vahid idarəetmə sistemi olsun. Bu sahədə idarəetmə sistemi pərakəndə şəkildədir. Naxçıvan Muxtar Respublikasında bitkiçilik sahəsi inkişaf edib. Amma rayonların heç birində nazirliyin bu sahə üzrə fəaliyyət göstərən qurumu yoxdur. Yəqin ki, struktur dəyişikliyi aparılacaq. Dəyişiklik zamanı rayonlarda dövlət aqrar inkişaf mərkəzlərinin yaradılması məsələsinə baxılacaq”, deyə Xəyalə Dadaşova "Naxçıvan” televiziyasına müsahibəsində bildirib.
Xəyalə Dadaşova bu ilin fevralında nazir müavini təyin edilib. Bu təyinatdan sonra Naxçıvan MR KTN-də yoxlamalara başlanılıb.
Xəyalə Dadaşova müsahibədində kadr və struktur dəyişikliyinə də ciddi ehtiyacın olduğunu deyib.
Mediada gedən məlumatlardan aydın olur ki, Vasif Talıbov-Bəhruz Bayramov tandemi KTN-ə şəxsi təsərrüfatları kimi yanaşıb. Bunun nəticəsi olaraq qurum korrupsiya yuvasına çevrilib və aqrar sahə demək olar məhv edilib. Hesablama Palatasının yoxlamaları zamanı həmçinin bəlli olub ki, qurum un subsidiyası üzrə 2021-ci ildə icra edilmiş 18 milyon 474 min 308,34 manat, 2022-ci ildə icra edilmiş 6 milyon 938 min 485,19 manat vəsait Kənd Təsərrüfatı Nazirliyinin maliyyə hesabatlarında əksini tapmayıb. Satılan unun hər tonuna görə İqtisadiyyat Nazirliyinin xətti ilə un istehsalçılarına köçürülmüş 1,3 milyon manat məbləğində subsidiya vəsaitlərinin yalnız 1 istehsalçı olmaqla "Gəmiqaya Holdinq”in istifadə etdiyi qeyd edilib. "Gəmiqaya Holdinq" isə Vasif Talıbovun ailəsinə məxsusdur.