Avropada insan hüquqlarının formalaşmasında mətbuatın və azadlığın rolu danılmazdır və bu dəyərlər müasir cəmiyyətin ayrılmaz hissəsidir. Bu barədə çərşənbə günü Avropa İttifaqının Azərbaycandakı səfiri Peter Mixalko Dünya Mətbuat Azadlığı Günü münasibətilə jurnalistlərlə görüşdə bildirib.
“Avropa İttifaqı xarici siyasət idarəsinin rəhbəri Jozef Borrel öz bəyanatında qeyd edib ki, ifadə azadlığına istənilən müdaxilə yolverilməzdir. Adamlar müxtəlif mənbələr vasitəsilə informasiyaya çıxış əldə etməlidirlər. Bu baxımdan KİV-in rolu çox vacibdir, çünki o, debatlar üçün mühit yaradır. KİV-in ən vacib rolu çox çətin məsələləri adamların əksəriyyətinin anladığı dildə izah etmək bacarığıdır”, – Mixalko deyib.
Avropa İttifaqı Azərbaycanda islahatları dəstəkləyən donordur. “Biz Azərbaycanda müasir standartların tətbiq olunması üçün bütün səyləri göstəririk. Bundan ötrü qanunun aliliyi və KİV azadlığı mühüm rol oynayır.
Biz Venesiya Komissiyasının yeni media qanunu haqqında tövsiyələrini hökumətlərin və tərəfdaşlarımızın diqqətinə çatdırırıq. Çalışırıq ki, bütün tövsiyələr həm qanunvericilikdə, həm də praktikada əks olunsun”, – Mixalko qeyd edib.
O, iqtisadi əlaqələrə toxunaraq deyib ki, 2022-ci ildə Azərbaycanın ixracının 53 faizi Avropa İttifaqı ölkələrindən olub. İl ərzində əmtəə dövriyyə iki dəfə artıb.
2023-cü ildə Avropa İttifaqı Azərbaycanın kənd yerlərinə İnternet çəkilişinə 5 min avro ayırıb. Bununla yanaşı, Avropa İttifaql 13 minə yaxın kiçik və orta sahibkara dəstək verib, bunun sayəsində 2 mindən çox iş yeri yaradılıb, səfir qeyd edib.
Onun sözlərinə görə, həmçinin Avropa İttifaqı azad edilmiş ərazilərin minalardan təmizlənməsi üzrə işlərin böyük donorudur.
Azərbaycanda bəzi saytların bloklanması barədə sualın cavabında Mixalko deyib ki, “mətbuat azadlığı Azərbaycan hökumətilə danışıqlarımızın və dialoqumuzun bir hissəsidir”. Bu, Avropa Şurası Venesiya Komissiyasının media haqqında qanuna dair tövsiyələrinin yerinə yetirilməsinə də aiddir.
Bu məsələ ilə bağlı Avropa İttifaqı nümayəndələri Medianın İnkişafı Agentliyi və digər qurumlarla bir neçə görüş keçiriblər. “Biz Venesiya Komissiyasının və digər nüfuzlu qurumların tövsiyələrini onların diqqətinə çatdırdıq, qanunvericilikdəki məhdudiyyətlərə və ona hansı dəyişikliklərin edilə biləcəyinə diqqəti yönəltdik. Mətbuat azadlığı heç bir məhdudiyyətə məruz qalmamalıdır”, – o deyib.
“Jurnalistlərin sərbəst işləyə biləcəyi mühit yaradılmalıdır. Onlar heç bir şeydən asılı olmamalıdırlar”, – Mixalko vurğulayıb.(Turan)