Azərbaycanın insan hüquqları üzrə müvəkkil “Media haqqında” qanunun Azərbaycan Konstitusiyasına uyğunluğunun yoxlanılması üçün Konstitusiya Məhkəməsinə sorğu göndərməkdən imtina edib.
Bir müddət öncə 24saat.org xəbər saytının rəhbəri Vüqar Ələkbərov ombudsmana müraciət edərək, “Media haqqında” qanunun Konstitusiyaya uyğunluğunun yoxlanması üçün sorğu göndərməsini xahiş etmişdi.
Daha öncə Medianın İnkişafı Agentliyi saytın gündəlik 20 unikal xəbər yaymaması bəhanəsilə “24saat.org” xəbər saytını media reyestrinə daxil etməkdən intina edib.
Bizim ombudsmana müraciətimizə rədd cavabı veriblər. O, xahişimizi qəbul etməyib Konstitusiya Məhkəməsinə sorğu göndərilməyəcək. Bizə tövsiyə ediblər ki, məhkəməyə müraciət edək. Əgər şikayət təmin olunmasa, Konstitusiya Məhkəməinə müraciət edək”,- Ələkbərov deyib.
Sayt 24saat.org artıq Medianın İnkişafı Agentliyinin qərarından məhkəməyə şikayət edib, lakin qərar qəbulu gecikir.
Media Hüququ Qrupunun rəhbəri Xalid Agaliyev qeyd edib ki, “Media haqqında” qanun qeyri-müəyyən atmosfer yaradıb. “Kimin media reyestrinə daxil edildiyi, kimin daxil edilmədiyi bəlli deyil. Reyestr özü qanunvericiliyin tələblərinə zidd olaraq, qapalıdır. Medianın İnkişafı Agentliyi bildirir ki, 40-a yaxın media subyektinə rədd cavabı verilib”, – Agaliyev deyib.
Onun sözlərinə görə, qanun Azərbaycan Konstitusiyasına uyğun deyil.
“Avropa Şurası Venesiya Komissiyası qanuna mənfi rəy verib, onun Avropa Konvensiyasına zidd olduğunu aydın ifadə edib.Azərbaycan Konstitusiyanın 151-ci maddəsində deyilir ki, Azərbaycanın qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə Azərbaycanın tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir”, – Agaliyev deyib.
Ombudsmanın bu problemə laqeyd yanaşması doğru deyil. “Qanunvericilik ombudsmana belə durumlara müdaxilə edə bilməsi üçün Konstitusiya Məhkəməsinə sorğu göndərmək hüququ verib. Zərərçəkənlərin ombudsmana müraciət etməsinə ehtiyac yoxdur. Ombudsman “Media haqqında” qanunla bağlı yaranmış durumlarda özü təşəbbüs göstərməli, ziddiyyətlərin aradan qaldırılmasına yardımçı olmalıdır”, – ekspert vurğulayıb.(Turan)