Şəkidə narazılıq yaradan KİM(LƏR)DİR?
Şəkinin Bolludərə kənd sakinləri içməli su problemi yaşadıqlarını deyirlər.

Sakinlərin Meydan TV-yə bildirdiyinə görə, xüsusuilə yaz-yay aylarında su üzünə həsrət qalırlar.

Hazırda Bolludərə kəndində 130 ev var və orada 500 nəfərdən artıq sakin yaşayır.

1992-ci ilədək kəndin su tələbatı Əlicançaydan götürülərək xüsusi nasoslarla anbarlara vurularaq Bolludərə və Qaratorpaq kəndlərinə paylanılırdı.

Sakinlər bildiriblər ki, sonradan həmin nasoslar sıradan çıxıb və 8,5 km məsafədə yerləşən Sarıca kəndindən başqa nasoslarla bu yaşayış məntəqəsinə su vurulmağa başlanılıb.

Daha sonra həmin boru da tutularaq yararsız vəziyyətə düşdüyündən, sakinlər kənddən xeyli aralıda xüsusi avadanlıqlar vasitəsi ilə su mənbəyi yaratmalı olublar.

Bolludərə camaatı suya olan ehtiyacı ödəmək üçün sudaşıyan xüsusi maşınlardan istifadə edir. Suyun azlığı isə onların günlərlə növbə gözləməsinə səbəb olur.

"Kəndin su tələbatı bu maşınlarla ödənilir. Su çox azdır, demək olar ki, yox dərəcəsindədir. Saatlarla burada növbə gözləyirik. Gecə saat 4-də maşını burada saxlayıb, səhər saat 10-11-də su götürə bilirik. Bəzən də növbə günlərlə uzanır”, – şikayətçilər deyir.

Yaranmış vəziyyətlə əlaqədar, demək olar ki, hazırda bu kənddəki əksər sakinlərin su daşımaq üçün maşını var. Bu cür nəqliyyat vasitəsi olmayanlar isə suyu pulla almalı olurlar.

Ona görə də 3.6 ton suya 15-20 manat ödəmək məcburiyyətindədirlər.

Dediklərinə görə, bu su onların ehtiyacını ancaq 2-3 gün qarşılaya bilir.

Qonşu Qaratorpaq kəndinin sakini Rasim Həsən isə Meydan TV-yə deyib ki, 2010-cu ildə Yaponiya səfirliyi tərəfindən Qaratorpaq və Bolludərə kəndlərinə içməli su çəkilməsi üçün maliyyə ayrılsa da, vəsait təyinatı üzrə xərclənməyib: "Yaponiya səfirliyi köhnə borularun, su nasosunun və anbarının yenilənməsi üçün maliyyə ayırdı. Şəkinin icra başçısı Elxan Usubovun tapşırığı ilə köhnə su anbarının və boruların üstünü boyadılar. Tıxandığı üçün də müəyyən məsafədən gözlə görünməyəcək yerdən borunun önünü kəsib, suyu sahəyə axacaq şəkildə müvəqqəti bir su nasosu qoyublar. Sonra da iki-üç kənddən camaatı toplayıb, açılış etdilər. Ayrılan pullar da elə getdi. Nəticə etibarilə Bolludərə və Qaratorpaq kəndlərinə gəlməli olan su borusu altı ildir Qaratorpaq kəndinin kənarında açıq vəziyyətdə yerə axır”.

"Bir neçə il sonra "Azərsu” Şəki Su Kanal İdarəsinə kəndimizə su çəkilməsi üçün vəsait ayırdı. "Azərsu”nun mühəndisləri Oğuz rayonuna su çəkəndə, Qaratorpaq və Bolludərə kəndlərini də həmin xəttə calamışd. Lakin Elxan ona da göz tikib pulları mənimsədi. Nəticədə evlərə gəlməli olan günlük 500 tondan çox su yerə axır. Bolludərə kəndinin camaatı da susuzluqdan əziyyət çəkir. 2015-ci ildən bəri iş yarımçıq qalıb. Boruları bura qədər gətirib, yarımçıq saxlayıblar”, – deyə o bildirib.

Meydan TV Şəki Rayon İcra Hakimiyyətindən şikayətlə bağlı mövqe öyrənməyə çalışıb.

İcra başçısının köməkçisi Aqil Allahverdiyev əvvəlcə deyib ki, bu məsələ ilə bağlı "Azərsu” ilə əlaqə saxlamaq lazımdır.

Daha sonra isə bildirib ki, aidiyyəti şöbədə məsələ ilə bağlı araşdırma gedir. Ancaq araşdırmanın detalları barədə danışmaq istməyib.

"Azərsu” ASC-nin saytında isə bildirilir ki, 2013-cü ildə Oğuz rayonunun Böyük Söyüdlü kəndindən yaxınlıqdakı Qaratorpaq kəndinə su xətti çəkilib.

Məlumatda layihənin davamı olaraq növbəti mərhələdə rayonun Bolludərə kəndinə polietilen borularla 7 km uzunluğunda magistral su xətti çəkilməsi nəzərdə tutulduğu bildirilib.

Ancaq buna baxmayaraq, Meydan TV layihənin aqibəti ilə əlaqədar qurumdan mövqe öyrənə bilməyib.

Yaponiya səfirliyindən 2010-cu ildə layihəni gerçəkləşdirdiklərini təsdiqləyiblər. 
//Meydan//
 

Dünyapress TV

Xəbər lenti