Pensiya tələb edən müharibə iştirakçısı küçədə diləndi -
İkinci Qarabağ Müharibəsinin iştirakçıları Tacəddin Cəfərov və Elnur Rüstəmov pensiya tələbi ilə etiraz ediblər.

Tacəddin Cəfərov Nizami metrostansiyasının qarşısında oturaq vəziyyətdə dilənərək dolanışığının acınacaqlı olduğuna diqqət çəkməyə çalışıb. Onların hər ikisi də müharibədən sonra psixoloji və fiziki problemləri olduğundan işləyə bilmədiklərini deyib, pensiya təyin edilməsini tələb ediblər.

Polislər etirazçıları Əmək və əhalinin sosial müdafiəsi nazirliyinin qəbul şöbəsinə aparıblar.

Nazirlikdən Toplum Tv-yə verilən məlumata görə, Tovuz rayon sakini Tacəddin Cəfərov əlilliyinin qiymətləndirilməsi ilə bağlı ötən il iyunun 7-si və bu ilin yanvarın 17-də Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində əyani müayinə edilib.

Bildirilir ki, Agentliyin həkim-ekspertlərinin hər iki əyani müayinəsi zamanı xəstənin hazırki sağlamlıq vəziyyətində əlillik təyinatına əsas verən pozuntular müşahidə edilməyib. Buna görə də əlillik təyin edilməyib.

Astara rayon sakini Elnur Rüstəmova gəlincə, nazirlikdən deyilir ki, ona 2022-ci ilin əvvəlindən müharibə veteranı adı verilərək təqaüd təyin olunub. Amma ötən il müxtəlif vaxtlarda o, üç dəfə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində əyani müayinədə iştirak edib. Hər üç müayinənin nəticəsinə əsasən vətəndaşın əlil olmadığı müəyyən edilib.

Hər iki müharibə iştirakçısı qəbuldan çıxdıqdan sonra aldıqları cavabdan narazı olduqlarından yenidən küçədə dilənməyə başlayıblar. Polis müdaxiləsi zamanı Elnur Rüstəmov bədəninə xətər yetirib. Amma bununla belə onlar ərazidən uzaqlaşdırılıblar.

Toplum TV
 

Dünyapress TV

Xəbər lenti