Lənkəran Şəhər İcra Hakimiyyəti “All The Trifles” MMC ilə satınalma müqaviləsi imzalayıb. Qaynarinfo xəbər verir ki, müqavilənin maliyyə dəyəri 266.742,54 AZN təşkil edir. Qurum bu məbləğə şirkətdən müxtəlif növ mallar alacaq. Müsabiqənin şərtlərindən məlum olur ki, İcra Hakimiyyətinin alacağı mallar aşağıdakılardır: Mişar daşı (10 230 ədəd) Sement 350m (200 ton) Şifer (8400 ədəd) Fanerka -1,5*1,5 1sm (200 ədəd) Taxta çatı ayaqı – 150*50 mm (68m(3) Taxta dirək -100*50 mm (50m(3) Taxta reyka – 40*50 mm (50m(3) İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, “All The Trifles” MMC 30 yanvar 2023-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 200 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Qaradağ rayonu, Qobustan qəsəbəsi, Aşağı Puta, ev 1-də yerləşir. MMC-nin qanuni təmsilçisi Babayev Arif Aydın oğludur. “All The Trifles” MMC və Arif Babayev haqqında açıq mənbələrdə heç bir məlumat yoxdur. Bu da şirkətin əsasən “tender əməliyyatları” üçün yaradıldığını deməyə əsas verir. Lənkəran Şəhər İcra Hakimiyyəti bu tenderlər qanunvericiliyi də pozub. “Dövlət satınalmaları haqqında” Qanunda qeyd edilir ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığın, təcrübənin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin və etibarlığının olması vacibdir. “All The Trifles” şirkəti isə 2 aydır fəaliyyət göstərir və bu kriteriyalara cavab verəcəyi inandırıcı görünmür. Əgər şirkətin adicə veb-səhifəsi yoxdursa – indiki şərtlər daxilində bu ən vacib məsələlərdən biridir – onun maddi-texniki bazasının hansı səviyyədə olduğunu təsəvvür etmək çətin deyil. Yeri gəlmişkən, mediada Lənkəran Şəhər İcra Hakimiyyətinin keçirdiyi tenderlərin qeyri-şəffaflığı və qanun pozuntuları ilə müşayiət olunması barədə xeyli sayda materiala rast gəlinir. Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovdur. O, 2012-ci ildən bu vəzifədədir. Taleh Qaraşov ən çox tənqidə məruz qalan icra başçılarındandır.