Bura Bakının Pirşağı qəsəbəsidir. Qəsəbənin mərkəzində 2017-ci ildən başlayan “Çirkab su təmizləyici” qurğusunun tikintisi davam edir. Bu layihə Bakı ətrafındakı 11 qəsəbənin çirkab sularının təmizlənməsi və həmin suların Xəzər dənizinə axıdılması məqsədilə hazırlanır.
Layihənin ümumi dəyəri 72 milyon dollardır. Bunun 60 faizi xarici kredit, 40 faizi isə dövlət büdcəsindəndir.
Qurğudan söz düşmüşkən, bu yaxınlarda Hesablama Palatası layihə üzrə aparılmış auditin nəticələrini açıqlayıb. Layihədə vəsait itkisindən, israfçılıqdan söhbət gedir.
Pirşağı küçələrini gəzdikcə yerdə gölməçələr şəklində yığılmış çirkab suları görmək olur. Qəsəbə sakinləri deyir, sözügedən qurğudan xəbərdardılar. Amma hələki bir faydasını görməyiblər.