AZAL ovçu vakansiyası elan edib. Xəbər sosial platformalarda xeyli təəccüblə qarşılanıb. Çünki hava yolları şirkəti məhz quş vurmaq üçün ovçu axtarışına çıxıb. AZAL-ın rəsmi saytında vakansiya “Hava Limanlarının İstismarı Baş İdarəsinin uçuşların təhlükəsizliyinin təminatı üzrə fəhləsi” bölməsində yer alıb. TEREF.AZ Bizimyol.info-ya istinadla xəbər verir ki, şirkət “fəhlə”dən aerodrom ərazisində piyada və avtomobillə ornitoloji tədbirlərin aparılmasını, uçuş enmə zolağı ətrafındakı quşların odlu silah vasitəsilə qorxudulub uzaqlaşmasına əməl edilməsini gözləyir. Ov silahından istifadə zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etmək, həvalə olunmuş avadanlıqlarla, materiallarla səmərəli davranmaq xüsusi tələb kimi fərqləndirilib. İşə götürüləcək şəxsin nə qədər məvacib alacağı qeyd olunmayıb. Sadəcə, yazılıb ki, sahə üzrə təcrübəsi olanlara üstünlük veriləcək. Həmin şəxsin ali təhsil almasına da ehtiyac yoxdur. Yalnız ovçuluq və hərbi bileti olsun.
AZAL bu məsələdə də tərs iş görür. Bütün dünyada həmin vəzifəni yerinə yetirən əməkdaşın peşə adı var. Belə “ovçu”lar ornitoloq adlanır, fəhlə yox. Bəs AZAL niyə ovçu axtarışına çıxıb? Məlumdur ki, quşların təyyarələr üçün təhlükə yaratması ehtimalı var. Mühərrikdə ilişib qalmaq qəzaya, eyni zamanda böyük faciəyə səbəb ola bilər. Buna görə də hava yolları şirkətləri ornitoloqların xidmətinə müraciət edir. AZAL isə primitiv üsullarla quşları ərazidən uzaqlaşdırmaq qərarına gəlib. Buna görə də ov təcrübəsi olanlar işə dəvət edilir. Yəni quşları güllə ilə vurmaqla problemin həlli düşünülür. Halbuki dünyada daha bu metodlardan istifadə olunmur.
Ornitoloq yırtıcı quşların hava limanı ərazisindən uzaqlaşdırılması üçün hansı effektli üsullara müraciət edə bilər? Bu sahənin mütəxəssisləri tövsiyə edirlər ki, fəaliyyət zamanı humanizm prinsipləri qətiyyən unudulmamalıdır. Yəni quşların öldürülməsindən söhbət gedə bilməz. Ən effektli üsullar arasında xışıltılı lentlərin çəkilməsini, müqəvvaların hazırlanmasını göstərmək olar. Xüsusi torlar da işə yarayır. Bir şərtlə ki, quşlar ərazidən uzaq yerdə yenidən təbiətə qaytarılsın. Dünyada pirotexnik vasitələrdən istifadə etmək təcrübəsi də var. Amma mütəxəssislər bu halda quşların həyatına təhlükə olmayacağına zəmanət vermir.
Böyük hava limanlarında da ov təcrübəsi olanların işə götürülməsi mümkündür. Lakin həmin şəxslərin xidmətinə başqa məqsədlə müraciət edilir. Bu, daha çox quşlara həssaslığa görə edilir. Ov təcrübəsi olanlar həm də xüsusi torlarla hava limanının çağırılmayan qonaqlarını ələ keçirə bilir. Sonradan quşlar azadlığa buraxılır. Şahinlərlə iş bacarığı olan şəxslərin əməkdaşlığa cəlb olunması isə Qərbdə çox yayılıb. Bununla ekoloji balansı pozmadan düzgün fəaliyyət planı hazırlanır.
Həmişəki kimi, AZAL-ın quşu gözünən vurmaq cəhdi uğursuz alınıb. Aviabiletlərə fantastik qiymət təyin etmək çox asandır. Çətini beynəlxalq prinsiplərə uyğun işləməkdir.