Kimdir müqəssir? Mədəniyyət Nazirliyi, yoxsa... -
“Azərbaycanda Mədəniyyət nazirliyi, mədəni irsin bərpası ilə məşğul olan qurum, Dini Komitə və Qafqaz müsəlmanları idarəsi xalqımızın ən qədim məzarlıq yerlərində biri olan, birbaşa tarixin özü olan Hövsandakı General Soltan Qılmanov küçəsində yerləşən yerli əhəmiyyətli arxeoloji abidəni görməzdən gəlir”.

Yenicag.az xəbər verir ki, bunu Hövsanda yerləşən qəbiristanlıqdan danışarkən siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev qeyd edib.

Dosent qəbiristanlığın həm dövlət, həm də insanlar tərəfindən baxımsız qoyulduğuna etiraz edib:

“İllərdir orada dəfn olunan insanların nəinki ruhlarına, qəbirlərinə belə hörmətsizlik, diqqətsizlik ilk baxışda görünür. İslam adət-ənənəsini qoyaq kənara, orada insanlıq yox edilib. Qədim qəbirlərin daşları, başdaşıları dağılıb, qəbirlərin yeri qazılıb, it sümükləri insan sümüklərinə qarışıb, zibillik olub, ayaq altı yol olub ora. Orada dəfn edilən insanların sümükləri üzə çıxıb, itlər o sümükləri aparıb. Üstündə Quran ayələri olan başdaşıları, qəbirdaşılarının üstünən sanki tank keçib. Bir neçə məzar çıxmaqla qalanları təmiz yox olmaq üzrədir. Amma Azərbaycanda yaşı 750-yə çatan bu məzarlıqda türk və islam adətlərinin əks olunduğu qəbirdaşıları, memarlığına görə XVI əsrə aid olan daşlar, sərdabə, sandıq məzar, kurqanlar görünməz əllər tərəfindən yox edilir. Özü də harada, yaşı yüzə çatan Məscidin yanında. Nə məscidi idarə edən insanlar, nə də ora gələn dindarların biri babalarımızın dəfn olunduğu məzarlığın bu gündə olmasını görməzdən gəlmir. Məscidin yanında bu baş verirsə və orada ibadət edən dindarların oranı qorumaq üçün heç bir iş görmədyini aşkar görmək olar. Məscidə ayrılan maliyyənin az hissəsi o məzarlığın hasarlanmasına ayrılsa idi, orada dəfn edilən insanların ruhu şad olar, it sümükləri, heyvan sümükləri insan sümüklərinə qarışmazdı. Axı Məscid Allahın evidir, məzarlıq da insanın son mənzilidir. Allahın evində olanlar oranı belə vəziyyətdə olmasını görürlərsə, onlar o dünyada o ruhlara nə cavab verəcəklər?”

Z.Əliyev qeyd edib ki, bu məzarlığın tarixi 16-cı əsrə aiddir:

“Orada oxuduğum bəzi baş daşlarındakı işarələr oranın ən azı 750 yaşı olduğunu deyir. Salamat qalan məzar daşlarının üstündə Qurani Kərimdən ayələr və mərhumun adı yazılsa da, orada Türk şamanizm elementləri də var. Bəzi qəbirlərdə Günəş, Ay, Ulduzla yanaşı, digər naxışlar var. Bazubənd elementindən digər elementlərə qədər var. Burada tikili formasında bir neçə ümumi məzar var. Onları o zaman mərhumun yaxınları hövsanlılar demişkən “amana” qoyulub ki, sonradan onların sümükləri Kərbala, Məşhəd, Məkkə, Nəcəf kimi yerlərə aparılıb dəfn edilsin. Lakin sonradan sümükləri apara bilməyənlər, bəzi başdaşılarını aparıblar müqəddəs yerlərə”.

Zaur Əliyev bildirib ki, Hövsan qədimdə liman yeri kimi əhəmiyyət daşıyıb:

“Suraxanıya gələn hindlilər və digər atəşpərəstlər Hövsan limanında düşüb, dizin-dizin sürünüb, Atəşgaha gedirdilər. O zaman bunun qarşısını almaq üçün məhz atəşpərəstlərin getdiyi yolda bu məzarlıq salınıb.

Burada rast gəldiyim ağır fakt, bəzi qəbirlərin baş hissəsinin qazılması idi. Öyrəndim ki, o zamanlar qızıl axtaranlar bu qəbirləri qazıb qızıl dişləri oğurlayıb aparıblar.

Məzarlar burada üç cürədir:

1) Üç mərtəbəli məzarlar – Bir ailə üst-üstə dəfn edilib
2) Sandıq formasında məzarlar – Orada yalnız bir adam dəfn edilib və heç kim orada başqa adamı dəfn edə bilməz
3) Varlı-Kasıb məzarları. Başdaşı iri və kiçik olan məzarlar.

İnventar nömrəsi 5740 olan və üstünə Nazirlik tərəfindən qorunur yazısından başqa burada heç nə qorunmur. Bir Allah bəndəsi gəlib burada bir daşı belə qaldırmayıb. Məzarlıqlar hasara alınmayıb. Yeni qəbirlər köhnə qəbirlərə qarışıb. Daşlar tamam oxunmaz hala gəlib, hətta qəbrin bəzi başdaşıları qiblə tərəfə deyil, başqa səmtə yönəldilib. Represiyya dövründə kənd sakinləri qədim dini kitabları, əşyaları gətirib bu qəbirləri qazıb içlərində gizlədiblər. Qəbirlərin üzərində Quran ayələri həkk olunur. Eyni zamanda Türk inanc sisteminə aid simvollar da əks edilib.
Nə etmək lazımdır? Əlbəttə, orada məzarlarda kimlərin dəfn olunduğunu bilmək çətindir. Başdaşılarında yazılar və naxışlar pozulub. Amma oranı hasara alıb ayaq altı olmaqdan xilas etmək olar, heyvan sümüklərindən təmizləmək, sümükləri üzə çıxan qəbirləri yenidən dəfn etmək, məzar daşlarına uyğun qəbirləri müəyyən edib daşlar ətrafını hörmək və sairə.

Amma kim edəcək? Mədəniyyət Nazirliyi? İcra hakmiyyəti? Mədəni İrsin Bərpası idarəsi? Dini Komitə? Yerli sakinlər, yoxsa Qafqaz Müsəlmanları idarəsi? KİM DƏ KİM!????”
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-03_1680016278_13.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-03_12.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-03_11.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-03_1680016297_10.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-03_1680016301_9.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-03_1680016305_8.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-03_1680016310_7.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-03_1680016316_6.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-03_1680016324_5.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-03_1680016337_4.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-03_1680016340_3.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-03_1680016345_2.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-03_1680016351_1.jpg
 

Dünyapress TV

Xəbər lenti