Bir neçə gün əvvəl növbəti dəfə güzəştli mənzillərin satışı həyata keçirildi. 35 saniyə ərzində mənzillər satıldı. Bu dəfə prosesə haker müdaxiləsinin olması barədə rəsmi məlumat yayılmadı. Lakin güzəştli mənzil satışının həyata keçirilməsi qaydaları insanlar arasında birmənalı qarşılanmır. Bu evlərə sahib olmağın daha çox insanların kompüter bacarıqları və qarşılarındakı avadanlıqların texniki göstəricilərindən asılı olması narazılıqlara səbəb olur.
Məsələ ilə bağlı sosioloq Elçin Bayramlı Demokrat.az-a açıqlamasında deyib ki, güzəştli mənzil satışında sosial həssaslıq nəzərə alınamalıdır:
“Amma bu layihə hakerlər, kompüter mühəndisləri kimi insanlar arasında keçirilən mənzil əldə etmə çempionatına çevrilib. Burada heç bir ədalətdən, məntiqdən söhbət gedə bilməz. Başqa ölkələrin təcrübəsinə baxanda biz görürük ki, rahat şərtlərlə insanlar ev ala bilirlər. 1-2 faizlik kreditlərlə, uzunmüddətli və az tələblə mənzil sahibi olurlar.
Bizdə isə şərtlər ağırdır, elə bir texnoloji hazırlıq tələb olunur ki, sadə insanların bu prosesdən anlayışı yoxdur, ola da bilməz. Kimin pulu varsa, 5-10 min manat verir, özünə güclü bir mütəxəssis tutur, bir neçə saniyəyə evə sahib olur. Əgər bu sosial layihədirsə, ehtiyac meyarına görə seçim edilməlidir. Normal qaydada şərtlər olmalıdır və proses şəffaf, adi şəkildə aparılmalıdır. Bura yarış, çempionat deyil, kim qabağa düşdü prinsipi olmamalıdır”.
Ekspert hesab edir ki, bu layihə əhalinin müəyyən kateqoriyalarının əlçatanlığını təmin etmək üçün, güzəştli, uzun müddətli kreditlə ev sahibi olması üçün dövlətin dəstək verdiyi bir layihə olmalıdır: “Belə olan halda ölkənin bütün vətəndaşları, savadsız olsa belə, bu kriteriyalara cavab verirsə, prosesdə iştirak edə biləcək.
Aydın məsələdir ki, hamıya ev çatmayacaq. Amma söhbət nədən gedir – tutaq ki, 100 nəfər var, mənzil sayı isə 20-dir. 100 nəfərin içindən 20-sini seçmək üçün konkret kriteriyalar, şərtlər, tələblər qoyula bilər. Hər şey sənədli şəkildədir, bunu seçməyə nə var ki?!
Hansı 20 nəfər sosial cəhətdən daha ağır vəziyyətdədirsə, ona da ev verilməlidir. İctimai nəzarət altında həmin 20 nəfər seçilir və nəticələr elan olunur. Amma indiki biznes layihənin sosial təminata, xalqa heç bir aidiyyəti yoxdur. Sadəcə binalar tikilir və internetdə daha tez işləyən şəxslər onların sahibi olur. Məsələnin heç bir sosial tərəfi yoxdur. Ona görə də layihə yenilənməlidir və həqiqi ehtiyac sahibləri bunda iştirak etməlidirlər”.