Nəinki ərzaq qiymətləri davamlı olaraq yüksəlir, üstəlik istehsalçılar qablaşdırılmış məhsulların çəkisini daim azaldır və istehsalın maya dəyərini azaltmaq üçün getdikcə daha ucuz olan inqrediyentlərdən istifadə edirlər. Nəticədə keyfiyyət pisləşir və buna görə də istehlakçılar əziyyət çəkirlər.
Ötən həftə Avropa Parlamentinin Xorvatiyadan olan üzvü Biljana Borzan bildirib ki, Avropa yeni inflyasiya növü – skimpflyasiya ilə üzləşib: “Bu, digər məsələlərlə yanaşı, Ukraynadakı münaqişə fonunda yaranıb. Bir çox ərzaq məhsullarının bir sıra inqrediyentləri daha aşağı keyfiyyətli olanlarla əvəz edilib. Məsələn, günəbaxan yağı yerinə palma yağı istifadə olunur”.
“Bu tədbirlər müvəqqəti hesab edilsə də, lakin bu günə qədər davam edir. Bəzi istehsalçıların qablaşdırmanın tərkibindəki dəyişiklik barədə istehlakçılara məlumat verməməsi və qida dəyərinin artıq orijinal məlumatlara uyğun gəlməməsi xüsusilə narahatedicidir”, - deyə o bildirib.
Ölkəmizin vətəndaşları çoxdan şikayətlənirlər ki, bir çox ərzaq məhsullarının keyfiyyəti əvvəlki kimi deyil. Bu, həm xarici, həm də yerli mallara aiddir. Kolbasa və sosislərin tərkibi adətən mənşəyi naməlum ət olur, şokolad çox vaxt plastik dad verir və s.
Bu tip inflyasiya Azərbaycana nə dərəcədə və niyə təsir edib və nə etməli?
Mövzu barədə AYNA-ya danışan Sağlam Cəmiyyət Hərəkatının rəhbəri, sosioloq Elçin Bayramlı deyib ki, dünyada baş verən siyasi, hərbi və iqtisadi böhranlar bütün ölkələri, o cümlədən Avropanı da əhatə edir: “Ukraynada davam edən NATO-Rusiya müharibəsi və qarşılıqlı iqtisadi sanksiyalar iqtisadi və kommersiya sistemini məhv edib. Bu səbəbdən də Rusiya və Ukrayna kimi nəhəng istehsalçıların istehsalının kəskin azalması fonunda qiymətin daha da qalxmaması üçün bir çox ərzaq məhsullarında ucuz əvəzedicilərdən istifadə etməyə çalışırlar”.
“Bu proseslər ölkəmizə də müəyyən təsir göstərib. Ölkəmizdə inflyasiya yüksək templə davam edir və ərzaq məhsullarının bahalaşması dayanmır. Xaricdən gətirilən məhsulların bahalaşması təbiidir, lakin yerli məhsulların təxminən yarısı üçün qeyri-təbii haldır, çünki bizdə maya dəyərinin artmasına təsir edən amillər yoxdur - məsələn, yanacaq, su, işıq, qaz, vergilər qalxmayıb, artırılmayıb və s. Yerli məhsulların digər yarısına gəldikdə, bəzi komponentlər xaricdən alındığından maya dəyərinin artması təbiidir. Məsələn, ev quşları və mal-qara üçün yem, müxtəlif gübrələr xaricdən alınır və onların qiyməti qalxıb ki, bu da xərcləri artırır”, - deyə sosioloq bildirib.
Keyfiyyətə gəlincə, həmsöhbətimizin sözlərinə görə, bütün dünyada bir çox məhsullarda təbii inqrediyentlər süni ilə əvəz olunur və əhalinin böyük əksəriyyəti maliyyə imkanları aşağı olduğundan onları almaq məcburiyyətindədir: “Məhsuldarlığı artırmaq və xərcləri azaltmaq üçün kənd təsərrüfatı məhsullarında kimyəvi maddələrdən geniş istifadə olunur. İdxalçılarımız keyfiyyətli məhsul adı altında daha ucuz və keyfiyyətsiz məhsullar gətirib satmağa başladılar. Bu, xüsusilə süd məhsulları ilə tez-tez olur. Məsələn, mağazalarımızda müxtəlif adlar altında “Belarus istehsalı” yazılan kərə yağının kiloqramı 13-14 manata satılır. Halbuki Belarusda belə brendlər yoxdur, hətta onların Bakıdakı rəsmi mağazalarında da yağ 24 manatdan aşağı satıla bilməz. Bu, o deməkdir ki, bu yağ palma mənşəli, ən yaxşı halda marqarinə bənzəyir. Eyni şey Yeni Zelandiya adı altında yağa da aiddir”.
“Ölkədə müstəqil laboratoriyalar olmadığı üçün məhsulun tərkibi haqqında məlumat əldə etmək demək olar ki, mümkün deyil. İstənilən məhsulun üzərinə hər şeyi yaza bilərsiniz və onsuz da heç kim onu yoxlaya bilməyəcək. İstehlakçıların heç bir hüququ yoxdur, yoxlama imkanı yoxdur, amma istehsalçı və satıcılar üçün əlverişli şərait yaradılıb. İstehlakçı hüquqları qanunu ancaq kağız üzərində mövcuddur. Müstəqil laboratoriyalar və keyfiyyətə nəzarət olmasa, əhalinin sağlamlığı risk altında olacaq”, - deyə mütəxəssis söyləyib.
Bayramlı daha bir problemi diqqətə çatdırıb: “GMO məhsullar getdikcə daha çox təbii məhsulları bazardan sıxışdırır. Bu, böyük təhlükədir, çünki ölkəmiz qlobal toxumçuluq şirkətlərindən asılı vəziyyətə düşə bilər. Ona görə də təbii toxumları qorumaq və çoxaltmaq lazımdır. GMO məhsulların idxalı, istehsalı və satışı qadağan edilməlidir. Azərbaycanın kənd təsərrüfatı sektoru əhalini ərzaq məhsulları ilə təmin etmək, hətta böyük həcmdə ixrac etmək potensialına malikdir. Xarici ekspertlər bildirirlər ki, dünya tezliklə ciddi ərzaq böhranı ilə üzləşəcək və bu, iqtisadi və sosial böhrana gətirib çıxaracaq”.
“Özünü ərzaqla təmin edən ölkələr o qədər də əziyyət çəkməyəcək. Amma o ölkələr ki, ciddi şəkildə idxaldan asılıdır - bura Azərbaycan da daxildir - onlarda vəziyyət çətin olacaq. Biz uzun illərdir ki, hökuməti aqrar sektoru daha da inkişaf etdirməyə, ərzaq təhlükəsizliyini təmin etmək üçün bütün imkanlardan istifadə etməyə təşviq etməyə çalışırıq. Lakin indiyədək görülən tədbirlər adekvat deyil, idxaldan asılılıq azalmır. Hesab edirəm ki, bir faiz gəlirlə xarici fondlarda saxladığımız strateji ehtiyatların müəyyən hissəsini ölkəyə gətirməklə, iqtisadiyyata investisiya qoymaqla daha çox gəlir əldə edə bilərik. Ölkədə istehsal artacaq, iqtisadi inkişaf sürətlənəcək, bolluq olacaq. Nəticədə idxaldan asılılıq azalacaq və ixrac imkanlarımız genişlənəcək”, - deyə müsahibimiz vurğulayıb.