Noyabrın 1-də Əlcəzair Xalq Demokratik Respublikasının paytaxtı Əlcəzair şəhərində Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısı keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zirvə toplantısına ev sahibliyi edən Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbunun dəvəti ilə tədbirin açılış mərasimində Fəxri qonaq statusunda iştirak edib.
Əlcəzair Prezidenti Abdelmacid Tebbun Prezident İlham Əliyevi, Zirvə toplantısında iştirak edən dövlət və hökumət başçılarını, nümayəndə heyətlərinin rəhbərlərini qarşıladı.
Azərbaycan və Əlcəzair prezidentləri rəsmi foto çəkdirdilər.
Tunis Respublikasının Prezidenti Kays Sayid Zirvə toplantısını açaraq çıxış etdi, təşkilata sədrliyi Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbuna təhvil verdi.
Əlcəzair Prezidenti Abdelmacid Tebbun və Ərəb Dövlətləri Liqasının Baş katibi Əhməd Əbul Qeyt çıxış etdilər.
Sonra söz dövlətimizin başçısına verilib. Prezident İlham Əliyev Zirvə toplantısında çıxış edib.
Sonra digər dövlət və hökumət başçıları, nümayəndə heyətlərinin rəhbərləri çıxış etdilər.